Yuxarı

Rəsulzadə necə anılacaq?

Rəsulzadə necə anılacaq?

ResulzadePartiyalar Şərqin ilk demokratına necə ehtiram göstərəcək?

Şərqdə ilk demokratik respublikanın yaradıcısı, müstəqilliyimizin banisi Məhəmməd Əmin Rəsulzadənin 31 yanvar tarixində doğum günüdür. Hər il adətən müxalifət partiyaları məhz bu təqvimdə Rəsulzadəni yad edir.

20 yanvar günü Şəhidlər Xiyabanını ziyarətə gələn bəzi müxalifət partiyaları tərəfdarlarının sayının çox olmasını, digər partiyaların daha az tərəfdarla ziyarətə gəldiyini deyərək güc göstərməyə qalxdılar. Bəs görəsən, M.Ə.Rəsulzadənin anım günündə necə olacaq? Uzun illər müxalifətdə diktatorluq edən bəzi partiya liderləri güc göstərməyə çalışacaqlarmı, özlərini bir daha reklam edəcəklərmi?

“Cümhuriyət” qəzeti olaraq Məhəmməd Əmin Rəsulzadəni ziyarətlə bağlı bir neçə fəal partiya və təşkilatla əlaqə saxladıq. İlk olaraq AXCP mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev bildirdi ki, müstəqilliyimizin banisi Məhəmməd Əmin Rəsulzadəni, nəinki öndərin doğum günündə onu ziyarət etmək, həmişə hər an yad etmək hər bir azərbaycanlının borcudur: “Biz də, Azərbaycan Xalq Cəbhəsi Partiyası, başda sədrimiz Razi Nurullayev olmaqla, üzvlərimizlə birlikdə öz vətəndaşlıq, insanlıq borcumuzu yerinə yetirərək müstəqilliyimizin banisi, şərqdə ilk demokratik respublikanın qurucusu Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edəcəyik”.

Müsavat partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirir ki, partiya olaraq üzvlərinə əvvəlcədən bu barədə məlumat veriblər: "Ziyarətimiz 31 yanvar tarixində saat 12 tamamda Novxanıda Məhəmməd Əmin Rəsulzadənin büstünün qarşısında başlayacaq. Deyim ki, partiyadan kənar kim bizimlə o tədbirdə iştirak edəcəksə, Rəsulzadəyə hörmət əlaməti olaraq tədbirə gələcəksə, ona heç bir etirazımız olmayacaq. Kim istəyirsə buyurub gələ bilər.

“Ağ blok” İdarə Heyətinin sədri Tural Abbaslı bildirir ki, təşkilatın bütün üzvləri üçün bu ziyarət böyük bir əhəmiyyət kəsb edir: “Fərq eləmir, kiminləsə birlikdə və ya ayrı ziyarət edəcəyik, ancaq xüsusi olaraq hansısa partiyanın kolonunda getmək fikrimiz yoxdur. Biz ziyarət üçün vaxt müəyyənləşdirəcəyik, həmin vaxt hansısa partiya ilə üst-üstə düşəcəksə və ya düşməyəcəksə, biz ziyarətimizi edəcəyik."

Vətəndaş və İnkişaf Partiyası İcra Aparatının rəhbəri Ramil Hüseynov qeyd edib ki, məsələni “Azadlıq” blokunda təmsil olunan partiyalarla müzakirə etdikdən sonra qərar qəbul olunacaq: “Partiya sədri blokun toplantısından bu məsələ ilə bağlı hansı qərar gələcəksə, bizim öz iclasımızda bu müzakirə olunub dəyərləndiriləcək. Ola bilsin ki, biz tək gedək və ya iclasda qərar verilsin “Azadlıq” bloku olaraq birlikdə gedək”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu bildirir ki, partiya ənənəvi olaraq 31 yanvar tarixində cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğulduğu kənddə tədbir keçirmək qərarı var: “İdarə Heyətinin qərarına əsasən, 31 yanvarda saat 12 tamamda partiyanın üzvləri ilə birlikdə geniş bir şəkildə Novxanıda Rəsulzadənin abidəsinə yürüş və anım tədbiri keçirəcəyik.

Daha sonra isə Novxanı kənd qəbiristanlığında Rəsulzadənin ailə üzvləri də ziyarət olunacaq. Hər il olduğu kimi, bu il də istəyirik ki, bu tədbiri möhtəşəm şəkildə keçirək. Bu qərar Klassik Xalq Cəbhəsi Partiyasının qərarıdır. Ancaq bizim vaxtla hansısa partiyanın vaxtı üst-üstə düşəcəksə təbii ki, bir yerdə də ziyarət edəcəyik”.

Keçmiş müsavatçı, ADR hərəkatının üzvü Rövşən Dəmirli bu il Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət etməklə bağlı bir fikirlərinin olmadığını deyir: “Həmin gün ADR-in məclis toplantısı olacaq. Biz tədbirdə Rəsulzadənin doğum günü ilə bağlı öz fikirlərimizi səsləndirəcəyik. Daha sonra Rəsulzadə ilə bağlı başqa bir tədbirimiz olacaq. Hər dəfə Rəsulzadənin doğum günü ziyarətə getmək şablondur, artıq şablondan çıxıb bir az yeniliklər etmək lazımdır”.

“Real” hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli isə bildirir ki, kütləvi bir tədbir keçirmək fikrində deyillər: “Biz Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə həsr olunacaq bir video çəkəcəyik. “Rəsulzadə haqda real söhbətlər” adlı bir layihəmiz var. Biz bu cür bir tədbir keçirəcəyik. Ancaq kütləvi şəkildə tədbir keçirməyəcəyik”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları