Yuxarı

Üçüncü devalvasiya xəbərdarlığı

Üçüncü devalvasiya xəbərdarlığı

milli-meclisParlament bələdiyyələri müzakirə etdi

“Ya səlahiyyətlərini artırmalıyıq, ya da ləğv etməliyik”

Fevralın 12-də Milli Məclisin plenar iclası keçirilib. İclasda 7 məsələ - Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, Azərbaycan Prezidenti və Belarus Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi, “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq”, Müqavilənin və onun Proqramının təsdiq edilməsi, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi, “Lisenziyalar və icazələr haqqında” və “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikası qanun layihələri müzakirə olunub.

Milli Məclis tarixində ilk iclası giriş sözü ilə açan Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Milli Məclisin iclaslarında ilk dəfə olaraq, bələdiyyə üzvləri iştirak ediblər. Spikerin çıxışından sonra Ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin 2015-ci il üçün illik hesabatını təqdim edib. V.Zahirov bildirib ki, keçən il verilən təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən 1 169 akt ləğv edilib, 531 akt dəyişdirilib, digərlərinə isə baxılır: “Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhəkəmələrdə 19 iddia qaldırılıb. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində il ərzində 2006 bələdiyyə aktının ekspertizası keçirilib. Aktların ekspertizası zamanı ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 3560 tövsiyə göndərilib. Bu il bələdiyyələrin qanunsuz olaraq 47,2 ha torpaq sahəsinin ayrı-ayrı şəxslərin mülkiyyətinə, 1 359 ha torpaq sahəsinin icarəyə və istifadəyə verilməsi haqqında qərarlar nazirliyin təklifləri əsasında bələdiyyələr və iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilib, bununla da cəmi 1 406 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb. Bunlardan 1 370 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahələri olub. Eyni zamanda, bir sıra bələdiyyələr tələb olunan aktları vaxtında təqdim etməyiblər. Belə halların qarşısını almaq məqsədi ilə müvafiq tədbirlər görülüb. Belə ki, inzibati xəta haqqında 338 protokol tərtib edilərək məhkəmələrə göndərilib. Onlardan 35-i təkrar inzibati xəta ilə bağlı olub. Həmin protokollar əsasında 330 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub, 57 protokol üzrə isə müraciətlərə baxılıb. Bundan başqa, prokurorluq orqanları tərəfindən aparılmış hərtərəfli araşdırma nəticəsində kifayət qədər əsaslar və səbəblər müəyyən edildiyindən 10 material üzrə cinayət işi başlanıb, 2 cinayət işi barədə məhkəmə hökmü çıxarılıb və bələdiyyə sədrləri məhkum olunublar. Həmçinin, cinayət hadisəsinin və əməldə cinayət tərkibinin olmaması, cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və digər hallar nəzərə alınaraq 10 material üzrə cinayət işinin başlanması rədd edilib, digərlərinə isə baxılır”.

Spikerdən deputata...

Spiker Oqtay Əsədov bildirib ki, bələdiyyələrə normal fəaliyyət göstərmələri üçün şərait yaradılmalıdır”. O.Əsədovun sözlərinə görə, bələdiyyələrin özlərindən təşəbbüs də yoxdur ki, onlara dəstək verilsin: “Necə olur ki, 10 bələdiyyə yaxşı işləyir digərləri pis?! Demək ki, sistem yaxşı qurulmayıb. Biz onlara dəstək verməliyik, onların özlərindən də təşəbbüs olmalıdır”.

 “İcra başçıları barmaq silkələyirlər”

Millət vəkili Zahid Oruc çıxışında bələdiyyələrin heç yarım-müstəqil olmadıqlarını deyib. Z.Oruc qeyd edib ki, bələdiyyə orqanları icra başçılarının təzyiqləri altında fəaliyyət göstərirlər: “Bələdiyyələrin müstəqillikləri artırılmalıdır. Heç bir icra başçısının bələdiyyələrə barmaq silkələmək haqqı yoxdur. Amma biz bu gün bunun əksini görürük”. Zahid Oruc qeyd edib ki, bələdiyyələrə ayrılan dotasiyalar gedib öz ünvanına çatmır: “Ya bələdiyyələrin səlahiyyətlərini artırmalıyıq, ya da ləğv etməliyik. Bu gün Azərbaycan cəmiyyətinin ehtiyacı var. Bununla regionlarda iş yerlərinin açılmasına da şərait yaradarıq”.

Bələdiyyə ləğv edildi

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikası bələdiyyələrin siyahısı”nda müvafiq dəyişikliyə əsasən, Naxçıvan Muxtar Resbuplikasının Babək rayonunun Qoşadizə bələdiyyəsi ləğv edilib. Milli Məclisin payız sessiyasında “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Qanuna əsasən Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Qoşadizə kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrindən çıxarılıb. Qoşadizə kəndinin 658 hektar təşkil edən ərazisi Babək qəsəbəsinin inzibati ərazisinə birləşdirilib. Bu dəyişikliyə uyğun olaraq, Qoşadizə bələdiyyəsi də ləğv edilir.

Belarus-Azərbaycan əlaqələrinə dair yeni qanun

Milli Məclisin iclasında millət vəkili Sahibə Qafarova Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi və “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında" Müqavilənin və onun Proqramının təsdiq edilməsi barədə Aəzrbaycan Respublikası qanununun layihəsi haqqında qanun layihələrini təqdim edib. S.Qafarova qeyd edib ki, bu sənədlər Belarus və Azərbaycan arasında əlaqələrin hərtərəfli inkişafına təkan verəcək, əməkdaşlığın dərinləşməsinə xidmət edəcək.

Çingiz Qənizadə həmkarına qarşı

Plenar iclasda "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi” müzakirəyə çıxarılıb. Layihə barədə danışan millət vəkili Ziyad Səmədzadə qeyd edib ki, sənəddə nəzərdə tutulduğuna görə, "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 22-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan, "DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan sürücülər buraxılır. Millət vəkili Çingiz Qənizadə isə bildirib ki, sənəddəki yaş həddi məsələsinə yenidən baxmaq lazımdır. Ç.Qənizadə qeyd edib ki, 22 yaşda olan şəxsin ictimai nəqliyyatı idarə etməsi beynəlxalq təcrübədə çox az rast gəlinir: “Sərnişinlərin təhlükəsizliyi məqsədilə yaş həddi yuxarı qaldırılmalıdır. Bu hədd 25-27 ola bilər”.

Üçüncü devalvasiya xəbərdarlığı

“Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi barədə danışan millət vəkili Fazil Mustafa bildirib ki, iqtisadi böhranla bağlı kompleks tədbirlər həyata keçirilmədikcə, qəbul edilən qanun layihələri effekt verməyəcək. F.Mustafanın sözlərinə görə, islahatlları reallaşdırmaq və bundan müsbət nəticə əldə etmək üçün koordinasiya şurası yaradılmalıdır:

“Həmçinin sahibkarlara verilən icazə və lisenziyalar asanlaşdırılmalıdır. Lakin inhisarçılıq aradan götürülmədən heç bir qərar işləməyəcək. Nəticədə iqtisadi tənzimlənmə olmayacaq və bu, növbəti devalvasiyaya səbəb ola bilər. Nəticədə problemlərin həlli daha da çətinləşəcək”.

“...stimullaşdırmaq lazımdır”

Millət vəkili Tahir Mirişli hesab edir ki, sahibkarlara lisenziyalar və icazələr elektron formada verilməlidir.

E.Mirişli qeyd edib ki, elektron formada veriləcək lisenziya və icazələr aidiyyəti qurumların fəaliyyətini asanlaşdırmaqla yanaşı, sahibkarların fəaliyyətini də stimullaşdıracaq”.

 “Faizlərə yenidən baxılmalıdır”

Parlamentin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov sahibkarların Azərbaycana mal gətirməkdə əziyyət çəkdiklərini diqqətə çatdırıb. V.Əhmədov deyib ki, ölkəyə gətirilən malların üzərinə əlavə olaraq, 40 faiz dəyər əlavə edilir: “Hökumət qısa müddətə gömrük rüsumlarının faizlərinə baxmalıdır”.

Yekun olaraq, plenar iclasda “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Qanun layihəsi birinci oxunuşda, "Lisenziyalar və icazələr haqqında” Qanun layihəsi ikinci oxunuşda, Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi, Azərbaycan Prezidenti və Belarus Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi, “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq”, Müqavilənin və onun Proqramının təsdiq edilməsi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanun layihələri qəbul edilib.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları