Yuxarı

Lobbiyə xərclənən milyonlar

Lobbiyə xərclənən milyonlar

[caption id="attachment_1378" align="alignleft" width="204"]taliyet eliyev Taliyət Əliyev: “Pulları havaya sovurmaqdansa, siyasi və iqtisadi islahatlar həyata keçirilsin”[/caption]

Hökuməti sanksiyalardan sığortalaya biləcəkmi?

Siyasi məhbuslar probleminin həllini tapmamasına görə Azərbaycana qarşı beynəlxalq sanksiyaların tətbiqi məsələsi aktual olaraq qalır. Bu baxımdan, qarşıdan gələn Novruz bayramı Azərbaycan hakimiyyəti üçün bir sınaq müddəti hesab olunur. Əgər bayramda ənənəvi olaraq verilən əfv fərmanına siyasi məhbusların adları daxil edilməsə, Helsinki Komissiyasının rəhbəri Kristofer Smitin ABŞ Konqresinə təqdim etdiyi “Azərbaycanda Demokratiya Aktı-2015” qanun layihəsi işə düşə bilər.

Xatırladaq ki, həmin layihə Azərbaycanda insan haqlarının vəziyyətinin pis olmasına və siyasi məhbuslar probleminə görə sanksiyaların tətbiqini nəzərdə tutur. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramında Konqres məzuniyyətdə olduğundan sözügedən qanun layihəsinə baxılması təxirə salındı. Ancaq siyasi məhbuslar azadlığa buraxılmasa, mart ayının sonlarına qədər  Kris Smitin təkliflərinin ABŞ Nümayəndələr Palatasında  müzakirəyə çıxarılacağı istisna olunmur.

Eyni zamanda, Avropa Komissiyasının vitse-prezidenti Frederik Mogerini də yaxın vaxtlarda Azərbaycanda insanq haqlarının durumunu müzakirə etmək üçün Bakıya səfər edəcək.

Bu arada sosial şəbəkələrdə yayılan məlumatlara görə,  Azərbaycan iqtidarı sanksiyalardan yayınmaq üçün lobbi qruplarının vasitəçiliyindən istifadə etməyə çalışır. Təbii ki, lobbi dairələri Azərbaycan hakimiyyətini təmənnasız müdafiə etməz. Ona görə də hakimiyyətin bu məqsədlə külli miqdarda pul xərcləməyə hazırlaşdığı bildirilir. Azərbaycan iqtisadiyyatının mövcud ağır şəraitində lobbi qruplarına külli miqdarda pulların xərclənməsini ekspertlər  uğursuz siyasi addım hesab edir.

Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyevin sözlərinə görə, Azərbaycan iqtidarı ənənəvi olaraq Qərbin dəstəyini qazanmaq üçün lobbiçi qruplara, şirkətlərə vəsait xərcləyib. Ancaq bu üsul artıq yetərli deyil: “ABŞ Helsinki Komissiyası tərəfindən Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasının qarşısını almaq məqsədilə hakimiyyət öz fəaliyyətini göstərir. Bununla bağlı aşkarlıq olmadığına görə, cəmiyyətə informasiyalar verilmir. Amma diplomatik və qeyri-diplomatik kanallarla, lobbi dairələrinin vasitəsilə Azərbaycan hakimiyyətinin sanksiyalara mane olmağa çalışdığı məlumdur. Konkret hansı lobbi şirkətlərindən söhbət getdiyi məlum olmasa da belə bir fəaliyyət var. Mən düşünürəm ki, Azərbaycan hökuməti sanksiyaların tətbiq olunmaması və özlərinin imicini düzəltmək üçün bu üsula əl atacaq. Yaxşı olardı ki, hökumət bu pulları havaya sovurmaqdansa, ölkədə siyasi və iqtisadi islahatlara sərf edərdi. Kristofer Smitin təqdim etdiyi qanun layihəsində qoyulan şərtlər isə yerinə yetirilməlidir. Bu tələblər yerinə yetirilməsə, xərclənən pullar da havaya sovrulacaq və heç bir təsiri olamayacaq. ABŞ Adminstrasiyası Azərbaycan hakimiyyətinə yaxşı bələddir.

Əgər əvvəllər hakimiyyət müəyyən manevrlər edə, İran amilindən istifadə edib balanslaşmış siyasət yürüdə bilirdisə, indi bu şanslar aradan qalxıb. Ona görə də bundan sonra lobbi qrupları vasitəsilə nəyə isə nail olacaqları inandırıcı görünmür. Hakimiyyətin bu cür fəaliyyəti uzun müddət davam edə bilməz. Çünki Azərbaycanın kifayət qədər maliyyə resursu da yoxdur. Əvvəllər Azərbaycanın neft gəlirlərindən hakimiyyətə xarici dəstək qazanılması məqsədilə xərclənirdi. Amma indi bu imkanları həyata keçirmək mümkün deyil”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları