Yuxarı

Xalq niyə biganədir?

Xalq niyə biganədir?

[caption id="attachment_620" align="alignleft" width="293"]Arastun Orujlu Ərəstun Oruclu: “Təşkilatçı yoxdursa, etirazlar kortəbii şəkil alır”[/caption]

Xalq məyus görünür. İqtisadi sferada baş verənlərə gözləmə mövqeyində dayanmış kimi bir görüntü yaradır. Danışmaqdan imtina etməyinin, etirazları dilə gətirməməsinin, hakimiyyətdən tələbsizliyinin səbəbləri var. İlk səbəb qorxudursa, ikincisi “belə də olmalıdır” ibarəsini əlində bayraq edib səssizlikdən möhkəmcə yapışmaqdır. Halbuki xalq problemlərinin nə qədər dərin, nə qədər anlaşılan olduğunu bilir. Çünki toplum hakimiyyətə etirazı öz qiyaməti kimi başa düşür. AzTV-nin ekranlarından ölkənin “kosmik inkişafı”na dair verilən xəbərlərə də şübhələr ortadadır.

Özünəinamdan vaz keçmişlik və saxta statistik rəqəmlər fonunda dibinə düşülmüş yoxsulluq quyusu cəmiyyəti öz ölkəsinə qarşı bir az da özgələşdirir. Hakimiyyət də bunu bilərəkdən görməzlikdən gəlir və əhəmiyyət vermir. İqtidar xalq susduqca, müxalifət səy göstərmədikcə ölkəni yuvarlanmış böhran bataqlığından çıxarmağı vacib bilmir. Əlbəttə, hər iki tərəfdə baş verən bu susqunluğu səbəbləri ortadadır. İzah etməyi bacarmayanlar susarlar, danışmaqdan imtina edərlər. Həqiqətləri qiyaməti bilib yalanlarla barışanlar da həmçinin. Nəticədə cəmiyyət özünü ifadə edə bilməz vəziyyətə düşür. “Sən siyasətlə maraqlanmırsansa, siyasət sənlə maraqlanar” prinsipi gərəyincə, özünü hakimiyyətin məngənəsinə atar. Çünki susanların anlayışsızlıqla qarşılanması ehtimalı danışmayanda daha yüksək olur.

Qorxudan yaranmış refleks bilirsə...

Azərbaycan kimi kapitalist iqtisadiyyatın inhisarçıların əlində olduğu ölkələrdə iqtisadi böhranlar tez-tez baş verir. Bunun başlıca səbəbi inhisardırsa, ikinci səbəbi sərbəst bazara edilən yanlış hakimiyyət müdaxilələridir, yəni yenə də inhisardır. Problemlərinə çarə tapmaq, xalqın rifah içində yaşamasını təmin etmək üçün ədalət lazımdır. Əgər hakimiyyət bu susmuşluğu qorxudan yaranmış refleks, yaxud başqa bir şey bilirsə, o zaman ədalətli olmalıdır. Sərbəst bazar iqtisadiyyatı yaradılmadı, azad sahibkarlığa icazə verilmədi. Nəticədə xalq rifahını itirdi, AzTV-nin yaratdığı “nəhəng iqtisadi inkişaf qalası” isə yerlə-yeksan oldu. Bazar iqtisadiyyatına və azad fərdi təşəbbüsə yer verməyib hər şeyi mərkəzdən planlaşdırmanın sonunda iqtisadiyyat çökməliydi.

Su səhəngi su yolunda qırılar

Susmuşluq böhranı fonunda hakimiyyət ölkəni növbəti devalvasiyaya hazırlayır. Mərkəzi Bankın yaxın günlərdə “üzən məzənnə” rejiminə keçəcəyi labüddür. Azərbaycanın valyuta gəlirlərinin əsas mənbəyinin neft olduğunu və “qara qızıl”ın da bazarlarda qara günlərini yaşadığını nəzərə alsaq, qarşıdakı günlər, yaxud aylarda 1 manatın 5 dollara qalxacağı inandırıcıdır. Digər yandan dövlət və hakimiyyət strukturlarındakı korrupsiya məsələsinin həll edilməmiş qalması, ehtiyatda olan valyutanın manatın məzənnəsinin saxlanılmasına və digər xərclər üçün əridilməsi, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatı və turizmin olmaması manatın dəyərini 5 dollara da, 10 dollara da endirə bilər. Yəni su qabı su yolunda qırılır.

Xalqdan ummaq

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu “Cümhuri-yət”ə açıqlamasında bildirib ki, xalq bu vəziyyətdə heç nə edə bilməz. Ə.Oruclunun sözlərinə görə, istənilən bir ölkədə, istənilən şəraitdə etirazlar o zaman baş verir ki, bunun təşkilatçıları olur: “Kimlərsə təşkil edir, arxasınca aparır, planlı şəkildə aksiyalar həyata keçirir. Bunların hamısı sistemli formada, planlaşdırılmış formada reallaşdırılır. Nəhayət, bu, kütləvi bir hərəkat şəklini alır. Azərbaycanda buna təşəbbüs göstərən yoxdur. Əgər bu yoxdursa, xalq etirazları müxtəlif yerlərdə kortəbii şəkildə olur, necə ki, ikinci devalvasiyanın əvvəlində bunu gördük və tez də bitdi. Bu proses o vaxta qədər davam edir ki, ölkədə sosial-iqtisadi vəziyyət pik həddə böhranlı vəziyyətə girir. Bu an prosesin nəzarətdən çıxmaq təhlükəsi yaranır. Bunu siyasi texnologiyalara əsaslanaraq, deyirəm. Əgər vəziyyət normallaşdırılmasa, bu hərəkatın içindən bir təşkilatlanmış qurum ortaya çıxır, hərəkatı yönəldir və arxasınca aparır, ya da kortəbii şəkildə də davam edir. Bu gün Azərbaycanda buna təşəbbüs göstərən yoxdur. Azərbaycanda rast gəlməmişəm ki, hansısa bir qurum, partiya, təşkilat buna cəhd göstərsin. Xalqdan onu ummaq olar ki, o oldu”.

Susulmuşluq fonunda proseslər hara qədər gedəcək?

“Çox çətin sualdır, bilmirəm. Ona görə ki, burada həm obyektiv, həm də subyektiv şərtlər var. Obyektiv şərt budur ki, müxalifətin resursları çox məhduddur. Demək olar ki, şərti şəkildədir. Müxalifət hər tərəfdən sıxıntı içərisindədir. Heç müxalifətdən cəhd də görünmür ki, hansısa bir təşəbbüs, hansısa bir aksiya keçirsin. Birinci devalvasiyadan sonra bir sıra partiyaların iştirakıyla sosial yönümlü aksiyalar keçirildi. Bunlar razılaşdırılmış formada olsa da, yenə də var idi. İndi bu da yoxdur. Bu gün aksiyalar keçirmək üçün informasiya, maliyyə, insan resursları lazımdır. Görünür ki, bu amilləri nəzərə alan müxalifət hansısa təşəbbüsü göstərmir”,  - deyə Ə.Oruclu qeyd edib.

Kortəbii, yaxud planlaşdırılmış etirazlar başlasa, hakimiyyət bununla hesablaşar?

Hakimiyyətin bunlarla hesablaşmayacağını, zorakılığa gedəcəyini deyən Ərəstun Oruclu qeyd edib ki, dünən də hakimiyyət bu addımları atırdı: “Hakimiyyət polisi gücləndirməklə məşğuldur, hakimiyyətin silahlı rəsmiləşdirilmiş qurumları var ki, bunlar “qoçu dəstələri”dir. Hakimiyyət bunların gücləndirilməsi və maaşlarının artırılmasıyla məşğuldur. Müəllimin 15-18 manat maaşı artırılırsa, onların maaşı birdən-birə 180 manat artırılır. Bu da o riskləri yaradır ki, ölkənin içində bir təşkilatçı resurs olmayanda və kortəbii proseslər başlayanda kənardan müdaxilələr ola bilər. Bu daha təhlükəlidir. Hakimiyyətin bunu nəzərə alıb-almadığı məlum deyil. Düşünürəm ki, ilk növbədə, bunu nəzərə almaq lazımdır.

Daxili resursları dağıdıb yerlə-yeksan etmək lazım deyil. Çünki daxildəki qüvvələrlə hər zaman dil tapmaq olur. Müxalifət və hakimiyyəti birləşdirən bir amil var ki, bu da dövlətdir. Amma kənar qüvvələrin müdaxilələri pozucu və dağıdıcı şəkildə ola bilər, onlarla dil tapmaq da mümkün olmaz. Suriyada baş verənlər onun nəticəsidir ki, bir il etiraz edən xalqla Bəşər Əsəd rejimi danışığa getmək əvəzinə onu gülləbarana tutdu. Kənar qüvvələr də gördülər ki, bu xalq güllələnir, döyülür, həbs olunur, işkəncələrə məruz qalır, amma müqavimət göstərir.

Beləliklə, kənar müdaxilələr başladı. Nəticəsi də bu gün göz qabağındadır”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları