Yuxarı

Manat hər gün dəyərdən düşür

Manat hər gün  dəyərdən düşür

Kabinetdə oturub manatı ucuzlaşdıranlar

Əli Məsimli: “Kabinetdə oturub məzənnə müəyyən etmək düzgün deyil”

Son günlər ABŞ dollarına nisbətdə manatın məzənnəsinin davamlı şəkildə aşağı düşməsi müşahidə olunur. Bu həftənin əvvəlindən başlayaraq Azərbaycan Mərkəzi Bankının elan etiyi kursa nəzər saldıqda, dolların hər gün bahalaşdığını görmək olar. Martın 7-dən bu günə qədər 1 ABŞ dollar 1,61 AZN-dən 1, 66 AZN-ə qədər yüksəlib.

Bəzi ekspertlərin fikrincə, buna səbəb valyuta alqı-satqısına dair Məkəzi Bankın müəyyən etdiyi marjaya əməl etməməsi və manatın kursunu üzən məzənnə sistemi ilə öz axarına buraxmasıdır. Ona görə də ABŞ dolları Azərbaycan manatına nisbətdə hər gün 1-1,5 qəpik bahalaşmaqda davam edir. Hətta dünya bazarında neftin mart ayının ikinci həftəsində 40 dollara yüksəlməsinə baxmayaraq, dollar manata təzyiqini saxlamaqda davam edir. İqtisadçıların bildirdiyinə görə, bu, dolların kursu ilə manatın real dəyəri arasında kəskin fərqin olması ilə bağlıdır. Manatı üzən məzənnə ilə öz axarına buraxmaqda məqsəd manatın valyuta bazarında real dəyərinə uyğunlaşmasını təmin etməkdir. Əgər belə olarsa, 1 ABŞ dolları 2,5 AZN civarına yüksələ bilər.

İqtisadçı-alim, millət vəkili Əli Məsimlinin sözlərinə görə, üzən məzənnə rejiminin mahiyyətinə, dünya təcrübəsinə diqqət yetirdikdə, bu sistemin Azərbaycanda hələ mövcud olmadığı qənaətinə gəlmək olar. Manatın son günlər ucuzlaşmasına gəlincə, millət vəkili bunun həm daxili, həm də xarici amillərlə bağlı olduğunu bildirdi:

“Daxili amillər Azərbaycan iqtisadiyyatında gedən proseslərin təsiridir, ajiotajlardır, şayiələrdir, dollara tələbatın süni surətdə artırılmasıdır. Qabaqdan da bayram gəlir və insanların bir hissəsi xaricdə istirahət etmək istəyir. Buna görə də dollara tələbat artır. Manat isə hələ öz bazar dəyərini tapmadığını görə, ucuzlaşmaqda davam edir. Bu prosesi zəiflətməkdən ötrü Mərkəzi Bank müəyyən dozalarda olsa da, valyuta bazarına müdaxilə edir. Amma intervensiya prosesi əvvəlki qaydada baş vermədiyinə görə, manatın hər gün 1-2 qəpik ucuzlaşması davam edir. Bundan başqa manatın dəyərini itirməsinə xarici faktor kimi Azərbaycandan çıxarılan valyuta axını, Rusiya, Türkliyə kimi qonşu ölkələrdə milli valyutaları ilə bağlı gedən proseslər təsir göstərir. Bütün bunları nəzərə alanda çulğalaşmış səbəblər təsir göstərir. Ona görə də manatın kursunu yaxın dövr üçün proqnozlaşdırmaq mümkün deyil. Çünki manatın kursu üzən məzənnə sistemi ilə müəyyən olunsaydı, bunu proqnozlaşdırmaq mümkün olardı. Ötən il fevralın 21-də manatın yumşaq devalvasiyası prosesi başladı, kənar müdaxilə olmasaydı, manatın məzənnəsi 0,75 qəpikdən 0,90 qəpik civarına çıxacaqdı. Amma kabinetdə oturub manatın 1,5 AZN-ə gətirilməsi biz iqtisadçılara zərbə oldu.

Dedilər vəziyyəti düzgün proqnozlaşdıra bilməmisiniz. Amma biz yumşaq məzənnəni proqnozlaşdıra bilərik. Kabinetdə oturub kiminsə barmağını hansısa rəqəmin üstünə qoyması ilə iqtisadçılar proqnoz verə bilməz. İndi deyirlər ki, manat real bazar dəyərini tapmadığına görə, dollar 2 manata qalxa bilər. Bir daha deyirəm ki, bunu kabinetdə oturub müəyyənləşdirmək olmaz. Ümumiyyətlə isə, manat hələ real dəyərini tapmadığı üçün məzənnə ilə bağlı qalxıb enmələr davam edəcək”.

Əli Məsimli hesab edir ki, hazırda neftin qiymətinin artmasına baxmayaraq, manatın ucuzlaşmaqda davam etməsi paradoksal hal kimi diqqət çəkir. Belə ki, Rusiya rublu, Qazaxıstan tengesi, Azərbaycan manatının məzənnəsinin müəyyənləşməsində neft amili güclü təsirə malikdir. Ancaq son həftə ərzində dünya bazarında neftin 1 barrelinin 40 dollara yüksəlməsinə baxmayaraq, dolların ucuzlaşması faktı qeydə alınmır: “Məntiqlə manatın məzənnəsi dollara nisbətdə qalxmalı idi. Yəqin ki, bir müddətdən sonra manatın məzənnəsi dollara nisbətdə yüksələ bilər. Amma 40 dollarlıq qiymət də manata təsir göstərə bilməz. Valyuta vazarında dollara tələbatın artması, manatın hər gün 1-2 qəpik ucuzlaşmasına səbəb ola bilər. Dolların məzənnəsinin 2 manat olmasını isə üzən məzənnə müəyyən edə bilər. O da olmadığına görə, bunu kabinetdə oturub proqnozlaşdırmaq çətindir”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları