Yuxarı

Cəmil Həsənli Milli Şuradan çıxarılır

Cəmil Həsənli Milli Şuradan çıxarılır

Əli Kərimli professorla yollarını ayırır

Cavid Musazadə: “Milli Şura pul qazanmaq üçün qurulmuş oyun idi”

Elçin Mirzəbəyli: “Görünür ki, yeni sifariş hələ gəlməyib”

Milli Şura və Əli Kərimli cəbhəsində ölkədə cərəyan edən ictimai-siyasi proseslərə susqunluq mövsümü davam edir. Əvvəllər ölkə çapında baş verənlərə müəyyən bir mövqe nümayişi olurdusa, bu dəfə belə deyil. Həm Əli Kərimli, həm də Milli Şura susur. Bu mövqesizlik və passivlik, özünü müxalifət kimi göstərməzliyin səbəbi bəllidir. Nə Əli Kərimli, nə də Milli Şura yenidən müxalifət elan etməyə və hakimiyyətə qarşı əks cəbhədə dayanmağa özündə güc tapa bilmir.

Milli Şura adlı qurum Müsavat, KXCP kimi partiyaların Əli Kərimliyə etiraz olaraq qurumu tərk etməsindən sonra iflas etmişdisə, “Yurd” sədrinin siyasi kariyerasına narazı cəbhəçilərin Qurultayı son qoydu. Hər iki hadisə Əli Kərimlini Milli Şura qarışıq siyasi səhnədən uzaqlaşdırdı. Bu gün də Milli Şurada Əli Kərimli və özünün layiqli davamçısı Cəmil Həsənli, sözünün dalını-qabağını bilməyən Eldəniz Quliyevdən başqa heç kəs qalmayıb. AXCP-nin hüquqi təmsilçiyinin itirməsindən sonra isə Əli Kərimli və Milli Şuranı don vurdu. Fuad Qəhrəmanlının həbsi, Natiq Ədilovun Fransaya qaçması, Həsən Kərimovun gözlənilməz vəfatı, Əbülfəz Qurbanlının istefası Əli Kərimli üçün ağır zərbə idi. Beləliklə, bu gün potensial tərəfdar yoxluğu və sözünü deyənlərin ətrafında olmaması bu donu açılmağa qoymur. Aldığı ağır və gözlənilməz zərbələr Əli Kərimli və Milli Şurada bir süstlük və tənbəllik yaratdı. Nəticə olaraq da son aylarda nə Milli Şura, nə də Əli Kərimli tərəfdarları bir araya toplanır. Siyasətdə və öz kariyerasının son dönəmlərini yaşayan Milli Şura sədri Cəmil Həsənli də sosial şəbəkələrdə vaxt öldürən Əli Kərimli kimi gününü bir sıra nüfuzsuz QHT-lərin keçirdikləri tədbirlərində başa vurur.

Gələn məlumatlara görə, qurumun passivliyinin daha bir səbəbi Cəmil Həsənli ilə “Yurd” arasında narazılığın yaranmasıdır. Belə ki, Cəmil Həsənlinin son davranışları, bir sıra tədbirlərdə iştirak etməsi Kərimlinin qaragüruhçu dəstəsinin narazı salıb. Bu üzdən ağsaqqal professoru Milli Şuradan uzaqlaşdırmaq fikrinə düşüblər.

“Milli Şura özünü ciddi olaraq göstərə bilmədi”

AXCP sədrinin müavini Cavid Musazadə “Cümhuriyət”ə bildirib ki, Milli Şura layihəsində bir oyun var idi. C.Musazadənin sözlərinə görə, bu birliyə olan xarici müdaxilələr də hiss olunurdu: “Rüstəm İbrahimbəyovun bu qurumun rəhbərliyinə gətirilməsi də bu oyunun bir tərkib hissəsiydi. İbrahimbəyov da hakimiyyətdən qorxaraq Rusiyaya sığındı, ölkəyə gəlmədi. Hansı ki, qurum üzvlərinə “gəlirəm”, “gələcəm” demişdi. Lakin gəlmədi və Cəmil Həsənli qabağa çəkildi. O, qurumda Əli Kərimlinin siyasi kursunu davam etmək üçün gəlmişdi. Bu, da Milli Şuranın fiaskosu oldu. Milli Şura həm də pul qazanmaq üçün qurulmuş oyun idi. Həmin proseslərə Rusiyada yaşayan milyaderlərin dəstəyi olacaqdı. Lakin sonradan Rüstəm İbrahimbəyovun da ölkəyə gəlməməsinə və digər məsələlərə görə, Milli Şura fiaskoya uğradı. Cəmil Həsənli də Milli Şuraya sədr gəlməklə əslində, Əli Kərimlinin siyasi ölümünün qarşısını aldı. Sonrakı proseslərdə də Milli Şura özünü ciddi olaraq göstərə bilmədi. Çünki planlaşdırılmanın özü iflas etmişdi, nəticədə qurum öz əhəmiyyətini itirdi. Bu gün də Milli Şuranın sosial bazası yoxdur. Burada Əli Kərimli tərəfdarları ilə yanaşı, bir neçə adamdan başqa heç kəs qalmayıb. Onların da çoxusu özünü birabır edib. Biri də Eldəniz Quliyevdir. Bu adam müəyyən əxlaqsız davranışı və sözləriylə özünü nüfuzdan saldı. Digər ziyalılar da gördülər ki, Milli Şura perspektivi olmayan qurumdur, abırlarını qısılıb getdilər. Milli Şura fiaskoya uğrayıb. Azərbaycanda yeni siyasi cərəyana ehtiyac var. Bunun üçün hamsı səy göstərir, amma ortalıqda real nəticə yoxdur”.

“Hərəkətə keçmək üçün sifariş gözləyirlər”

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli “Cümhuriyət”ə deyib ki, ölkə və regionda baş verən hadisələrə intellektual müstəvidən yanaşmaq tələb olunur. E.Mirzəbəylinin sözlərinə görə, indiki şəraitdə insanlar daha çox ağıllı təkliflərlə ortaya çıxmalıdırlar:

“Bu həm ölkədə gedən ictimai-siyasi prosesləri, həm də beynəlxalq hadisələri şərh etmək baxımından olmalıdır. Məsələləri daha intellektual səviyyədə şərh etmək baxımından bu adamların imkanları yoxdur. Ritorika və pafos da heç kəs tərəfindən qiymətləndirilmir, dinlənilmir. Çıxan hay-küy də yalnız sosial şəbəkələrdə fikirləri sağlam olmayan insanların arasındadır. Azərbaycan əhalisi ictimai-siyasi proseslərə kifayət qədər soyuqqanlı yanaşır. Güman edirəm ki, bu insanlar bunları görməyəcək dərəcədə də ağılsız deyillər. Yəqin ki, hiss edirlər. Alternativ fikir ortaya qoymaq imkanları olmadığı üçün susub arxa fonda dayanırlar. Nə vaxt ki, hansısa beynəlxalq qurumların Azərbaycana qarşı aqressiv münasibətləri ortaya çıxacaqsa, bu adamlar yenə hərəkətə keçəcəklər. Son zamanlarda Azərbaycanın həm ABŞ, həm də Avropa İttifaqı ilə əlaqələrində nəzərəçarpacaq pozitivlik hiss olunur. Eyni zamanda Bakıda keçirilən IV Beynəlxalq Humanitar Forumuna dünyanın bir çox ölkələrinin rəhbərlərinin qatılması da bunların susqunluğunu şərtləndirən amillərdir. Bu adamlar həmişə kənardan sifariş gözləyirlər. Görünür ki, bu sifariş hələ gəlməyib”.

Mənsur





Həftənin ən çox oxunanları