Yuxarı

Siyasi məhbuslar əfv olunacaqmı?

Siyasi məhbuslar əfv olunacaqmı?

Natiq Miri: “Siyasi məhbusların əfv olunmasında müsbət addımları görəcəyik”

Rafiq Daşdəmirli: “Bu əfv müxaliflərə bir mesaj ola bilər”

Siyasi məhbus problemi məsələsi Novruz bayramı ərəfəsində yenidən gündəmə gəlib. Bir müddət öncə imzalanan əfv sərəncamında siyasi məhbusların adının olmamasının şahidi olduq. Budəfəki əfv siyahısına siyasi məhbusların düşüb-düşməyəcəyi ictimaiyyətin maraq dairəsindədir. Əfv komisiyasının üzvləri müəyyən dövrlərdə mediaya verdiyi açıqlamada siyasi məhbusların əfv siyahısında adlarının olduğunu vurğulayıblar. Ancaq digər bir məsələ - Qərbin siyasi məhbuslarla bağlı Azərbaycan hökumətinə verdiyi təkliflərin hələ də həyata keçirilməməsi aktual olaraq qalır.

Qeyd edək ki, yaxın keçmişdə ABŞ Helsinki Komissiyasının rəhbəri Kris Smit bununla bağlı təkliflər hazırlamışdı və Azərbaycanda insan hüquqlarının tam bərpa olunmayacağı tədqirdə sanksiyalar tətbiq ediləcəyini bildirmişdi. Bəs bu dəfə də əfv sərəncamına siyasi məhbuslar düşməsə, Azərbaycanı nə gözləyə bilər? Azərbaycana sanksiyalar tətbiq oluna bilərmi?

"Əfv sərəncamı düşünülmüş addımdır"

“Cümhuriyət”ə açıqlamasında politoloq Natiq Miri bildirib ki, növbəti əfvə siyasi və vicdan məhbuslarının düşəcəyini gözləyir: “Çünki Azərbaycan artıq Qərbin təzyiqlərinə dirənəcək durumda deyil və Azərbaycanın belə bir lüksu, perspektivi də yoxdur. Ona görə də düşünürəm ki, Qlobal Təhlükəsizlik, yəni nüvə məsələsi ilə bağlı ABŞ-da keçiriləcək tədbirə Azərbaycan prezidentinin getməsi ilə bağlı verdiyi razılıq özü də göstərir ki, insan hüquqları yönündə bir çox addımlar atılacaq. Təbii ki, bunun tərkib hissəsi olaraq əfv də bunun üçün Novruz bayramı ərəfəsində düşünülüb. Əslində, bu əfvi bir neçə ay əvvəl də yerinə yetirmək olardı. Sadəcə olaraq düşünürəm ki, bunu daha effektiv zaman üçün hakimiyyət saxladı. Bu əfv ABŞ-a səfər öncəsi düşünülüb ki, imzalanan sərəncam Azərbaycana qarşı olan münasibət müəyyən mənada dəyişəcək”.

"Hakimiyyətə Qərbin köməyi lazımdır"

Politoloq qeyd edir ki, Azərbaycana qarşı olan münasibətin müsbət yöndə dəyişməsi indiki zaman üçün Azərbaycana hava, su kimi lazımdır: “Çünki Azərbaycan indiki vəziyyətdə iqtisadi və geosiyasi cəhətdən kritik durumla üz-üzədir. Belə olan tədqirdə Azərbaycanda yeni modern iqtisadi sistemin tətbiqi üçün mütləq mənada Azərbaycanın Qərblə əməkdaşlığı vacibdir. Başqa tərəfdən nəzərə almaq lazımdır ki, modern iqtisadiyyat qurmaq üçün Azərbaycanın Qərbin vəsaitlərinə, investisiyalarına, texnologiyalarına ehtiyacı var. Ona görə də, Qərbin köməyi olmadan Azərbaycanda yeni modern iqtisadiyyatın qurulmasını düşünmək mümkün deyil. Sözün əsl mənasında, bu gün Azərbaycanın Qərbin yardımına ehtiyacı var ki, bu yardımlar da təbii ki, elə-belə verilmir. Bu dəstəklər konkret şərtlər əsasında veriləcək ki, bunun da içində insan haqq və hüquqları, demokratiya yönündə addımlar tələb olunur. Düşünürəm ki, bu addımlar da mərhələ-mərhələ yerinə yetiriləcək. Bunun nə dərəcədə, neçə faiz yerinə yetiriləcəyini isə artıq zaman göstərəcək. Ancaq hər bir halda müəyyən müsbət addımları görəcəyik”.

Bu bir növ barış olacaq

N.Miri vurğulayır ki, bu cür əfv olmadığı tədqirdə Azərbaycana sanksiyalar tətbiq olunacağını düşünmür: “Çünki Azərbaycan hakimiyyəti bunu hesablamamış deyil. Bununla bağlı ola bilsin ki, artıq Qərbin müəyyən mərkəzləri ABŞ səviyyəsində müəyyən danışıqlar aparıb. Hesab edirəm ki, bu danışıqların tərkib hissələrindən biri də mart ayında olacaq əfv məsələsidir. Bu məsələni bütün Azərbaycan cəmiyyəti kimi məndə gözləyirəm. Bu mənə elə gəlir ki, həm Azərbaycan cəmiyyətində, həm də xarici güclərlə Azərbaycan hakimiyyətinin bir barışına gətirib çıxaracaq. Bu da gələcək münasibətlərdə yeni bir səhifə aça bilər”.

Sanksiyalar yenidən gündəmə gələ bilər

AXCP funksioneri Rafiq Daşdəmirli “Cümhuriyət”ə açıqlamasında bildirib ki, əlbəttə ki, hər il olduğu kimi bu il də Novruz bayramı ərəfəsində məhbuslarin əfvi urəkaçandir: “Amma burada neçə nəfər siyasi və vicdan məhbusunun adı olacaq, ya olmayacaq, hələ bilmirik. Keçən dəfə əfv ərəfəsində okeanın o tayından verilən mesajlardan və siyasi tələbdən sonra siyasi məhbusların adlarının əhv siyahısından çıxarılması heç də yaxşı hal olmadı. Bu Novruz bayramı ərəfəsində çox istərdik ki, bütün siyasi məhbuslar azad olunsun. Çox yaxşı olardı ki, heç bir şərt irəli sürulmədən hər biri azad olunsun. Axı biz bir millətik, biz düşmən deyilik. Baxın, siyasi məhbuslarla bağlı Avropada və okeanın o tayında da bizə qarşı kampaniyalar artır. Sanksiya məsələləri yenidən gündəmə gələ bilər.

Əfv siyasilərə bir mesaj ola bilər

R.Daşdəmirli vurğulayır ki, ağır böhran vaxtında yenidən sanksiyaların gündəmə gəlməsi heç də yaxşı hal olmayacaq: “Avropa Parlamentində Azərbaycanla bağlı sanksiya qəbul olunması və sənədi Avropa Parlamentində əksər patriyaların dəstəkləməsini nəzərə almaq vacibdir. Avropa Parlamentində ümumilikdə insan haqları ilə bağlı tövsiyələr, qeyri-şərtsiz siyasi məhbusların azadlığa çıxması qeyd olunursa, demək, onları azad etmək lazımdır. Siyasi məhbuslar azad olunmasa, Azərbaycanla bağlı vəziyyət yenidən gündəmə gələcək. Biz çox istərdik ki, siyasi məhbus məsələsi Azərbaycanda birdəfəlik həll olunsun. “Siyasi məhbuslar agır cinayət törətməyib, adam öldürməyib, ictimai asayiş üçün heç bir təhlukə kəsb etmirlər və onların həbsdə qalması sadəcə birabırçılıqdır” deyən AXCP sədri Razi Nurullayev haqlıdır. Bu həm də mövcud hakimiyyətin müxalif fikirli insanlara bir barışıq mesajı olacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları