Yuxarı

Razi Nurullayev: “Azərbaycanın ərəb sərmayəsində gözü var”

Razi Nurullayev: “Azərbaycanın  ərəb sərmayəsində gözü var”

Son zamanlar Azərbaycan - ərəb dünyası yaxınlaşması istər ictimaiyyət, istər ekspertlər tərəfindən birmənalı qarşılanmır. Bir çoxları yaxınlaşmanı Azərbaycanın dini mövhumata, geriliyə sürüklənməsi, Avropadan imtinası kimi dəyərləndirir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev isə bu fikirlərlə razılaşmır.
Cebhe.info xəbər verir ki, partiya sədri TalkTv-yə açıqlamasında Azərbaycanın ərəb ölkələri ilə yaxınlaşmasının iqtisadi baxımdan çox vacib olduğunu deyib. Razi Nurullayev qeyd edib ki, Azərbaycana hal-hazırda sərmayələr lazımdır, azad, sərbəst fondlar isə Ərəb ölkələrindədir və bu ölkələrdən Azərbaycana ciddi investisiya axını ola bilər:
“Məhz elə Azərbaycanın ərəb ölkələrinə bu cür maraq göstərməsinin səbəbi ərəb sərmayəsini Azərbaycana cəlb etməkdir. Bu, mütərəqqi haldır. Digər bir tərəfdən Azərbaycan Xalq Cəbhəsi Partiyasının turizmlərlə bağlı təklifləri olub və bu təkliflərdə biz qeyd etmişdik ki, CNN, BBS, Euronews kimi kanallarda Azərbaycanın turizm potensialı haqqında videoçarxlar, reklam çarxları yerləşdirilir və buna milyonlarla vəsait xərclənir. Amma bu gün Azərbaycana Amerikadan, Avropa ölkələrindən turist axınının olmasını gözləmirəm. Çünki Azərbaycan Avropa turisti üçün nə Paris ola biləcək, nə Roma, nə London, nə Brüssel, nə də digər bu kimi şəhərlər. Təbii ki, onlar Azərbaycanın təbiətini görməyə gələ bilərlər, lakin bu, onların iş çərçivəsində gəldikləri zaman baş verə bilər. Amma ərəblərin Azərbaycandan öyrənməyə çox şeyləri var.
Azərbaycanı görmək onlar üçün stimulu ola bilər. Ərəb ölkələri ilə müqayisədə Azərbaycan daha azad müsəlman ölkəsi, daha dünyəvi bir ölkədir və bağlı bir cəmiyyətdən müsəlman ölkəsi olan digər açıq bir cəmiyyətə düşən zaman onlar üçün daha məqbul bir ab-hava yaranacaq. Ərəblər burada halal yemək də tapa bilər, namaz da qıla bilər, məscid də görə bilərlər. Yəni tam bir müsəlman ölkəsinə düşürlər, amma daha bir mütərəqqi formasına. Onun üçün də öz ölkələrinə nisbətən Azərbaycana daha çox üstünlük verə bilərlər. Bu, çox vacibdir. Onun üçün də məhz elə Azərbaycan daha çox ərəb turistlərini ölkəyə cəlb edə və Azərbaycan bununla çox böyük pullar qazana bilər. Düşünürəm ki, əgər ərəb telekanalları da Azərbaycanın turizm potensialını reklam edərsə, bəlkə də ərəb ölkələrindən bura gələn turistlərin sayı yaxın bir neçə il ərzində milyonlara çata bilər. Bax bu cür iqtisadi, ticari və turizm əməkdaşlığı hesab edirəm ki, ölkələr üçün çox faydalıdır”.
“Ərəb ölkələri Azərbaycana investisya ayıran zaman süründürməçiliyə yol vermirlər” deyən AXCP sədri bildirib ki, ərəb bankları ilə də dil tapmaq qərblə müqayisədə daha asandır:
“Bu baxımdan Azərbaycan ərəb ölkələrindən sərmayə və fondları cəlb etmək üçün daha mütərəqqi və daha yaxşı şansa malikdir. Lakin qərb institutları ilə danışıqlar illərlə çəkir. Bəzən qərarlar siyasi məsələlər ucbatından yubadılır. Ərəbistandan Azərbaycana sərmayələrin cəlb edilməsi çox vacibdir və bu da baş verə bilər. Bütün bunlara baxmayaraq, əlbəttə ki, Azərbaycanın yolu Qərb yolu olmalıdır, Azərbaycanın özünün siyasi quruluşu, siyasi inkişafı baxımından Qərbə inteqrasiya etməli və düşünürəm ki, Qərbin siyasi dəyərlərini əxs etməlidir. Bizim ərəb ölkələrindən siyasi mədəniyyət əxz etmək kimi bir nümunəmiz, istəyimiz ola bilməz. Bizim siyasi sistemimizdə də çox ciddi fərqlər var. Orda deyək ki, tam monarxiyadır, Azərbaycanda tam demokratiya olmasa da, ən azından demokratik bir Konstitusiyamız, demokratiya potensialı olan cəmiyyətimiz var”.





Həftənin ən çox oxunanları