Yuxarı

İkinci dalğa gəlir: Hansı nazirlər “vurulur”?

İkinci dalğa gəlir: Hansı nazirlər “vurulur”?

Azərbaycan dövlət orqanlarında bir müddət öncə başlamış struktur islahatlarının davam etdirilməsi gözlənilir. Yayılan məlumatlara görə, bu məqsədlə yaxın vaxtlarda ciddi addımlar atılacaq. Son günlər Dövlət Sosial Müdafə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi bu fikri bir daha təsdiq edir. Hətta hələ təsdiqini tapmamış digər xəbərlərə görə, növbəti islahatın hədəfi Vergilər Nazirliyi oalcaq.

Artıq vergilər naziri Fazil Məmmədovun vəzifədən azad edildiyi, onun yerinə isə yaxın vaxtlarda DSMF-nin sədri Elman Mehdiyevin təyin olunacağı barədə xəbərlər dolaşır. Bu informasiyanın nə dərəcədə gerçək olduğunu iddia edə bilmərik. Ancaq ekspertlər Azərbaycanın dövlət idarəetmə sistemində struktur dəyişikliyinin həyata keçirilməsini vacib hesab edirlər. Bu proses fəaliyyəti bir-birini təkrarlayan nazirliklərin birləşdirilməsi və dövlət komitələrinin ləğvi formasında reallaşa bilər.

Hüquqşünas Əkrəm Həsənov ilk növbədə, Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birləşdirilməsini təklif edir. Onun sözlərinə görə, bu iki orqana ayrılıqda ehtiyac yoxdur:

“Həm Vergilər Nazirliyi, həm də Gömrük Komitəsi prinsipcə eyni işlə məşğuldur. Bunlardan biri ölkə daxilində vergitutmalar hesabına büdcəni doldurur, digəri isə ölkəyə idxal və ixrac olunan mallardan rüsum yığmaqla məşguldur. Bəzi hallarda isə Vergilər Nazirliyinin görməli olduğu işlə Dövlət Gömrük Komitəsi məşğul olur. Əlavə dəyər vergisini, yol vergisini gömrük orqanları toplayır. Hesab edirəm ki, bu orqanlar birləşdirilməlidir və Vergilər Nazirliyinin kadrlarına üstünlük verilməlidir. Çünki Vergilər Nazirliyi Azərbaycanın ən aparıcı dövlət qurumlarından biridir. Ona görə də mən Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşməsini təklif edərdim. Bundan başqa, nəqliyyat sahəsində də struktur islahatlarına ehtiyac var. Azərbaycan tranzit yolların qovşağında yerləşir. Azərbaycanda bu sahə üzrə bir neçə dövlət orqanı var-Nəqliyyat Nazirliyi, Dövlət Dəniz Adminstrasiyası, Hava Adminstrasiyası mövcuddur. Bu qədər dövlət orqanı kimə lazımdır? Həmin qurumlar birləşdirilməlidir. AZAL, Azərbaycan Dövlət Dəmir Yolları QSC, Bakı Dəniz Limanı kimi qurumlar təsərrüfat əsaslı fəaliyyətini davam etdirməlidir. Amma inzibati dövlət orqanları vahid bir strukturda, yəqin ki, Nəqliyyat Nazirliyində birləşdirilməlidir”.

Ekspert dövlət komitələrinin sayının azaldılması barədə təklifləri də məqsəduyğun hesab edir. Əkrəm Həsənov bildirdi ki, Əmlak Məsələləri Komitəsinin səlahiyyətlərini Maliyyə Nazirliyinə və ya İqtisadiyyat Nazirliyinə vermək olar. Həmçinin, hüquqşünas hesab edir ki, Standartlaşdırma, Metrologiya və Dövlət Komitəsinə də ehtiyac yoxdur. Bu qurum İqtisadiyyat Nazirliyinin tabeliyinə verilə bilər:

“Bu komitə Azərbaycanda sahibkarlıq fəaliyyətinə mane olan dövlət orqanlarından biridir. Onu da İqtisadiyyat Nazirliyinə birləşdirmək olar. Yəqin ki, bu islahatlar da həyata keçiriləcək. Mənim fikrimcə, yerli icra hakimiyyəti orqanlarının bir sıra ştatları da ixtisara salınmalıdır. Onlar həddindən artıq şişib və nə işlə məşğul olduğu məlum deyil. Ona görə də bir sıra dövlət orqanalarına ehtiyac yoxdur”.

Müşfiq





Həftənin ən çox oxunanları