Yuxarı

Belçika terrorunda Rusiya izi

Belçika terrorunda Rusiya izi

Brüsseldə baş verən terror aktı Qərblə Rusiyanı üz-üzə qoyub. Xüsusilə Ukraynadan Avropadakı terror hadisələrinə Rusiya ilə bağlı maraqlı şərhlər gəlir. Ukrayna Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Gritsak Avropaya terror hücumlarının arxasında Rusiyanın olduğunu bildirib. Gritsak bunun Rusiyanın hibrid müharibəsinin bir hissəsi olduğu faktı üzə çıxarsa, təəccüblənməyəcəyini deyib.

Rusiya Baş naziri Dmitri Medvedyev və Kremlin idarə rəhbəri Sergey İvanov Gritsakı buna görə, “ağılsız” adlandırıblar.

“Rusiya Avropaya qarşı hücuma keçib”

Ukraynanın “Kanal 5” telekanalı “Avropadakı terrorun Rusiya ilə əlaqəsi” adlı proqram yayımlayıb. Proqramda iştirak edən “Dünya Siyasəti” İnstitutunun rəhbəri Viktor Şlinçak bildirib ki, Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqını yox etmək istəyir. Şlinçak qeyd edib ki, Avropa dövlətlərində baş verən terror aktları Putinin məqsədinə xidmət edir: “Avropadakı terror aktlarının arxasında Rusiyanın maliyyələşdirdiyi radikal təşkilatlar var. Rusiya Avropanı terrorun caynağına verib öz reytinqini yüksəltmək istəyir. Məqsəd aydındır, Putin ittifaqı çökdürmək istəyir. Gələcəkdə Belçikada baş verən terror aktından da qanlı aksiyalar baş tuta bilər. Rusiya Avropa İttifaqına qarşı terror hücumlarına davam edəcək. Rusiya yalnız ona qarşı tətbiq olunmuş sanksiyalar ləğv olunduqdan sonra dayanacaq. Moskva güzəşt istəyir. Əgər bu güzəşt olmasa, Rusiya Brüssellə kifayətlənməyəcək. Sabah Avropanın başqa yerlərində də buna bənzər hadisələrin şahidi ola bilərik”.

Terror təşkilatları niyə Rusiyanı yox, Avropanı hədəf alıblar?

Ukraynanın və qərbli analitiklərin iddiaları başqa məntiq yaradır. Prinsipcə, Yaxın Şərqdəki savaşda iştirak edən terror təşkilatları Qərbi yox, Rusiyanı hədəf almalıydılar. Çünki İŞİD, “əl-Qaidə”, “ən-Nüsra” da daxil olmaqla İraq və Suriya müharibələrinin əsas fiqurları olan terror təşkilatlarının ABŞ və Avropa İttifaqı tərəfindən yaradılmasına dair bir sıra faktlar var. Vaxtilə “əl-Qaidə” məhz Rusiyaya qarşı yaradılıb. Bu gün isə Rusiya da yeganə dövlətdir ki, Bəşər Əsədi hakimiyyətdə saxlamaq üçün həmin təşkilatlara qarşı hərbi əməliyyatlar aparır. Hətta buna etiraz olaraq, İŞİD keçən ilin yanvarında Şimali Qafqazı öz əmirliyi elan etdi və əmirini də ora göndərdi. Bundan sonra İŞİD-in və bu təşkilatın nəzarətində olan qruplaşmaların Rusiyaya qarşı hücumlarının başlayacağı gözlənilsə də, bunun əksi baş verdi. İŞİD Türkiyə, Fransa, Belçika və digər Avropa dövlətlərini hədəfə aldı. Məntiqlə Qərbin (xüsusilə ABŞ və İngiltərənin) yaratdığı iddia edilən İŞİD Rusiyanı vurmalıydı. Əgər həmin təşkilatlar Rusiyanı yox, məhz Qərbi hədəf alırsa, bu başqa bir ehtimalı yaradır: Bu terror təşkilatları öz himayədarlarını dəyişdirib və Rusiyanın qəyyumluğunu qəbul ediblər. Başqa bir maraqlı detal isə budur ki, Rusiya keçən ilin sentyabrında Suriyada İŞİD-ə qarşı başladığı hərbi əməliyyatları dayandırıb arsenalını suriyalı müxaliflərə və türkmənlərə qarşı çevirdi. Çünki Kremlə görə, İŞİD Əsəd üçün təhlükə deyil. Analitiklər isə iddia edirlər ki, bu Rusiyanın aldadıcı manevrləridir, Kreml İŞİD və digər terror təşkilatlarını maliyyələşdirməyə başlayıb.

“Dünyanın siyasi coğrafiyası dəyişməlidir”

Politoloq Azər Qasımlı “Cümhuriyət”ə Yaxın Şərqdəki savaşlarda iştirak edən terror təşkilatlarının Qərb tərəfindən yaradılması barədə olan fikirlərin sadəcə iddialar formasında olduğunu bildirib. A.Qasımlı qeyd edib ki, müəyyən dövrlərdə Qərb və ABŞ Yaxın Şərqdə bir sıra təşkilatlara dəstək olub:

“Bu, SSRİ dönəminə təsadüf edir. Bu vaxt Qərb iki bloka parçalanmışdı. Bundan sonra da Qərbin ola bilsin, bir sıra terror təşkilatları ilə münasibətləri olub.

Amma heç kəs əminliklə deyə bilməz ki, bu gün Qərbin dəstəklədiyi təşkilatlar Avropada, yaxud hansısa yerlərdə terror aktları həyata keçirirlər. Dünyada sivilizasiyalar arasında ciddi qarşıdurmalar var. Xüsusilə Xristian sivilizasiyası ilə İslam sivilizasiyası arasında problemlər mövcuddur. Bu problemlər çözülməyənədək, bu kimi terror hadisələri davamlı olacaq.

Bunun qarşısını almaq üçün ilk növbədə, Fələstin məsələsi həll olunmalıdır. Fələstindən sonra Əfqanıstan, İraq, Suriya və digər müsəlman ölkələrindəki problemlər həll edilməlidir. Ola bilsin ki, dünyanın siyasi coğrafiyasını dəyişmək lazımdır. Bu məsələnin üzərində də müəyyən düşüncələr var. Əgər sivilizasiyalar arasındakı problemlər həll olunmasa, terror hadisələri daha da şiddətlənəcək. Problemləri Qərb təkbaşına həll etməməlidir, bunu müsəlman dövlətləri ilə birlikdə etməlidir. Əks halda çətin olacaq”.

Mənsur





Həftənin ən çox oxunanları