Yuxarı

Sifarişli məhkəmələr ölkəni nüfuzdan salır

Sifarişli məhkəmələr ölkəni nüfuzdan salır

Qanunsuz qərar verən hakimlər cəzasız qalır
Müzəffər Baxışov: “Nə qədər ki, onlar məsuliyyətə cəlb ediməyib...”
 
Ötən ildən Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycan hökumətini cərimələməsi barədə çıxardığı qərarlar mütəmadi xarakter aldı. Təkcə11 fevral 2016-cı ildə Avropa Məhkəməsi Azərbaycanla bağlı iki qərar elan etdi. Həmin qərarlara əsasən, hökumət hüquqları pozulan gənc fəallara 83 min 600 avro ödəməlidir. Bundan başqa, şikayətçilər barəsində yerli məhkəmələrin çıxardığı qərarları ləğv edib, yenidən araşdırılması ilə bağlı qərar verildi. Həmçinin 2016-cı il martın 17-də Avropa Məhkəməsi həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovla bağlı Azərbaycan hökumətini 32 min 448 avro cərimələnməsi barədə qərar verdi.
Eyni zamanda 2015-ci il noyabrın 5-də Avropa Məhkəməsi Müsavat başqanının müavini Tofiq Yaqublunun azadlıq hüququnun pozulmasını tanıyıb. Məhkəmə Avropa İnsan Haqları Konvensiyasının 5-ci maddəsinin birinci bəndinə əsasən Tofiq Yaqublunun dərhal həbsdən azad olunmasına və ona 24 min avro təzminat ödənilməsinə qərar verib.
Bundan əlavə 2014-cü il mayın 25-də Avropa Məhkəməsi REAL Hərəkatının məhbus sədri İlqar Məmmədovla bağlı qərarını açıqlayıb. Məhkəmə İlqar Məmmədovun azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Qərara əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova ümumilikdə 22 min avro təzminat ödəməlidir.
Hakimiyyət Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarını qərəzli və məhkəmə sisteminə kölgə saldığını iddia edir.
Maraqlıdır, Avropa Məhkəməsinin bu qərarlarına görə, Azərbaycan Məhkəmə Hüquq Şurası hansısa hakimi cərimələyibmi?
“Hüquqi dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycan 2002-ci ilin aprelin 15-dən Avropa İnsan Hüquqları Məhkəməsinin yuristiksiyasındadır: “Həmin vaxtdan başlayaraq dəfələrlə Azərbaycan məhkəmələri tərəfindən qəbul edilmiş qərarlar insan hüquqları və əsasnamələri haqqında Avropa Konvensiyasının iddialarına uyğun olmadığına görə, verilmiş qərarlara yenidən baxılması Azərbaycan dövlətinə tövsiyə olunub. Barələrində qanunsuz məhkəmə qərarları çıxarılan şəxslərə kompensasiya ödənilməsi barədə qərarlar qəbul edildi.
“Məhkəmələr və hakimlər haqqında” 10 iyun 1997-ci il Azərbaycan Respublikasının qanununun tələblərinə görə, Azərbaycan məhkəmələri tərəfindən çıxarılan qərarlar Avropa Məhkəməsi tərəfindən yenidən baxılması tövsiyə olunursa, bu, həmin hakimlər tərəfindən çıxarılan qərarların Avropa insan haqları konvensiyasına zidd olduğunu göstərir. Amma bu sahəyə rəhbərlik edən şəxslər çox yaxşı bilirlər ki, Avropa Məhkəməsi tərəfindən Avropa konvensiyasına uyğun hesab edilməyən qərarlar yüksək vəzifəli şəxslər tərəfindən hakimlərə verilən siyasi sifarişlər əsasında qəbul edilmişdi. Məhkəmə Hüquq Şurası indiyə qədər heç bir hakim haqqında intizam icraatı başlamayıb və qəbul etdiyi qanunsuz qərarlara görə intizam məsuliyyətinə cəlb etməyib. Bu bir daha sübut edir ki, Azərbaycanda məhkəmə hakimiyyəti deyilən bir hakimiyyət mövcud deyil. Məhkəmələr tam şəkildə icra hakimiyyətinin nəzarətindədir və hakimiyyətinin verdiyi siyasi sifarişlər əsasında qərarlar qəbul ediblər”.
Müzəffər Baxışov hesab edir ki, nə qədər Azərbaycan məhkəməsinin hakimləri qanunsuz qərarlarla bağlı məsuliyyətə cəlb edilməyəcək, bu proses davam edəcək: “Təkcə Avropa Məhkəməsi tərəfindən insan hüquqları və əsas addımları haqqında Avropa konvensiyasının tələblərinə uyğun olmayan qərarlar deyil, Azərbaycanda demək olar ki, məhkəmələr tərəfindən qəbul edilən əksər qərarlar ölkə Konstitusiyasına, beynəlxalq müqavilələrə və qanunların tələblərinə uyğun deyil. Çünki Azərbaycanda məhkəmə qərarları ya hakimiyyət tərəfindən siyasi sifariş əsasında, ya da hakimlər öz şəxsi mənafelərini təmin etmək üçün ittiham olunan şəxslərdən rüşvət almaqla çıxarırlar.
Tam məsuliyyətimlə bildirirəm ki, əksər qərarlar Azərbaycanın qüvvədə olan qanunların tələblərinə uyğun deyil. Azərbaycan dünya birliyində biabırçı dövlət kimi tanınır. Bundan sonra da məhkəmə hakimiyyəti olmayan və bütün səlahiyyətləri icra hakimiyyətinin əlində olan bir hakimiyyət qurumu kimi tanınacaqdı”.
Hüquqşünas onu da əlavə edib ki, Avropa Məhkəməsinin Azərbaycan hökumətinin əsasən siyasi xarakterli qərarlara görə cərimələyir: “Beynəlxalq aləmdə bilirlər ki, Azərbaycanda siyasi sifarişlər əsasında qanunsuz qərarlar qəbul olunur. Bir qayda olaraq əgər siyasi xarakterli məhkəmə qərarlarından şikayət verilirsə, bu, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən icraata götürülür. Həmin qərarların həqiqətən də Avropa Konvensiyasına uyğun olmaması barədə qərar çıxarılır. Hər halda Azərbaycanda əhalinin sayına baxanda Avropa Məhkəməsinin çoxlu sayda cərimə qərarları mövcuddur”.
Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları