Yuxarı

Hakimiyyət geri çəkilir

Hakimiyyət geri çəkilir

Razi Nurullayev: “O, hakimiyyət üçün də başağrısı idi”

Ərəstun Oruclu: “Hökumətin xarici siyasət kursu dəyişir”

Sərdar Cəlaloğlu: “Sanksiyalardan yayınmaq istəyirlər”

Hüquq müdafiəçisi, siyasi məhbus İntiqam Əliyev azadlığa buraxıldı. Ali Məhkəmənin qərarına görə, İ.Əliyevin cəzası 5 il şərti cəza ilə əvəzlənib. Bundan əvvəl prezidentin Əfv sərəncamı əsasında 14 siyasi məhbus və məhkəmənin qərarı ilə jurnalist Rauf Mirqədirov azadlığa buraxılıb. Növbəti mərhələdə jurnalist Seymur Həzi və REAL Hərəkatının sədri İlqar Məmmədovun əfv olunacağı ilə bağlı məlumatlar yayılıb.

Hakimiyyət niyə yumşalıb?

Hakimiyyətin ölkənin siyasi məhbus problemini həll etmək təşəbbüsü birmənalı qarşılanmır. Bunu daha çox Qərb və beynəlxalq təşkilatların hakimiyyətə qarşı təzyiqlərinin sıxlaşması ilə əlaqələndirirlər.

Məlumdur ki, ABŞ Konqresi tərəfindən ölkədə insan haqlarının kobud formada pozulması və siyasi azadlıqların tanınmamasına görə, Azərbaycan hakimiyyətinə qarşı sanksiya layihələri gündəmə gətirilib. Layihənin müəllifləri hakimiyyətdən ölkənin siyasi məhbus problemini həll etməyi tələb edirdilər, əks halda bunun ağır nəticələrə yol açacağını bildirirdilər.

Qərbdən artan təzyiqlərinin fonunda hakimiyyət də geriyə doğru heç bir addım atmır və problemin dərinləşməsi yönündə çalışırdı. Vəziyyət gərginləşdikcə ABŞ - Azərbaycan və Avropa İttifaqı - Azərbaycan münasibətləri qırılma həddinə gedirdi. Nəticədə əlaqələri bərpa etmək və tətbiq olunacaq sanksiyaların verəcəyi zərəri əvvəldən önləmək lazım gəlirdi ki, bu da siyasi məhbusların azadlığa buraxılmasından keçirdi.

AXCP sədri: “İntiqam Əliyevin buraxılması  doğru qərardır”

“Hüquq müdafiəçisi, bütün demokratik düşərgənin dostu, çox hörmətli, dəyərli və əsl ziyalımız İntiqam Əliyev bu gün azadlığa buraxılıb. Bundan sevincli, bundan gözəl xəbər nə ola bilərdi? Günahsız bir ziyalının həbsdən buraxılması qəlbimizi fərəhlə doldurub”.

Bunu “Cümhuriyət”ə açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib. Onun sözlərinə görə, İntiqam Əliyev Azərbaycan üçün barmaqla sayılacaq yox, sayılmayacaq qədər faydalı  işlər görüb: “O daim haqsızlığa məruz qalmışların yanında yer alıb. Məhz, onun hazırladıqları və Avropa məhkəməsinə göndədiyi işlərlə neçə-neçə insan ədalətə qovuşub. İntiqam Əliyevin buraxılması hakimiyyətin düzgün qərarıdır. Onun həbsdə qalması hakimiyyət üçün də başağırısı idi. Bütün dünyanı qarşına almaq və öz vətəndaşlarını günahsız yerə cəzalandırmaq heç bir ölkəyə, o cümlədən Azərbaycan hakimiyyətinə başucalığı gətirə bilməzdi”.

AXCP sədri tanınmış vəkilin 5 il şərti cəza ilə cəzalandırılmasını da doğru saymayıb: “İntiqam Əliyev 5 il şərti cəza ilə də “müjdələndirilib”. Bu o deməkdir ki, o hələ də günahsız olaraq cəza çəkəcək. İnanıram ki, bu cəza da yaxın zamanlarda onun üzərindən götürüləcək. Hakimiyyəti bütün siyasi məhbusları azad etməyə səsləyirəm. Ölkədə siyasi məhbus məsələsini qapatmaq, həm Azərbaycanın, həm də vətəndaşlarımızın marağındadır. İqtidar marağı xalqın marağından öndə dura bilməz. İntiqam Əliyevi azadlığa qovuşması münasibətilə təbrik edirəm. Qəzan mübarək olsun!”

“Xarici siyasət kursunun dəyişməsi ilə bağlıdır”

“Şərq - Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu “Cümhuriyət”ə açıqlamasında hakimiyyətin bu addımını xarici siyasətdə kursu dəyişməsi ilə əlaqələndirib: “Hakimiyyətin ABŞ və Avropa ilə əlaqələri pozulmaq istiqamətində gedirdi. Bu gün isə əks istiqamət görünür. Hakimiyyət bilir ki, ABŞ və Avropa İttifaqı üçün siyasi məhbus məsələsi mühüm əhəmiyyət kəsb edir. Buna görə də problemin həllinə çalışır və bu istiqamətdə addımlar atır”.

“Sanksiyaların qarşısını almaq cəhdidir”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Cümhuriyət”ə ABŞ-da keçiriləcək IV Nüvə Təhlükəsizliyi sammitinə Azərbaycan prezidenti İlham Əliyevin qatılacağını xatırladıb: “Bundan əvvəl isə ABŞ Konqresinə Azərbaycana sanksiyaları nəzərdə tutan qanun layihəsi təqdim olunub. Aprel ayınadək hakimiyyətə vaxt verilmişdi ki, siyasi məhbus məsələsi həll olunsun, islahatlar həyata keçirilsin. Səfərdən əvvəl siyasi məhbusların azadlığa buraxılmaları onun göstəricisidir ki, hakimiyyət bu öhdəlikləri yerinə yetirir. Bu, həmçinin, Helsinki Komitəsinin hazırladığı sənədin təsdiq olunmasının qarşısını almaq cəhdidir.

Sənəddə hakimiyyət nümayəndələrinin ABŞ və Avropaya səfərlərini qadağan edən, bank hesablarının dondurulması kimi məsələlər var. Nəticədə bu sənədin tətbiqi iqtidar üçün xoşagəlməz nəticələrə gətirib çıxara bilərdi. Buna görə də hökumət Qərbin şərtlərini yerinə yetirir”.

Mənsur





Həftənin ən çox oxunanları