Yuxarı

Razi Nurullayev: “5,7 milyard qeyri- müsəlmanı öldürmək lazımdır?”

Razi Nurullayev: “5,7 milyard qeyri-  müsəlmanı öldürmək lazımdır?”

“Pakistanın Lahur vilayətində çox sayda insan tələfatına səbəb olan terror aktını pisləyirəm. Bu terror aktının məsuliyyətini “Taliban”a bağlı qrupun öz üzərinə götürməsi və ona haqq qazandırılması çox sarsıdıcıdır. Terrorun bütün formaları, səbəbləri iyrənc və yolverilməzdir”. Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev Pakistanda baş verən terrakta bağlı açıqlamasında deyib.

Partiya sədri qeyd edib ki, Pakistan Azərbaycana qardaş ölkədir, strateji müttəfiqdir, müstəqilliyimizi tanıyan ikinci ölkədir: “Pakistan xalqına sülh və əmin-amanlıq, terrordan, şər və xətadan uzaq həyat arzulayıram. Ümumiyyətlə, dini zəmində törədilən bu vəhşilik barədə düşüncələrimi paylaşmaq istəyirəm. 2016-cı ilin mart ayına olan hesablamalara görə, dünya əhalisinin sayı 7,4 milyard nəfərdir. 2015-ci ilin statistikasına görə dünyada 1,7 milyard nəfərdən çox müsəlman yaşayır ki, bu da dünya əhalisinin 23,4%-ni təşkil edir. Xristianların sayı isə 2,2 milyard nəfərdən çoxdur. 1 milyard hinduizm dininə, 376 milyon buddizm dininə ibadət edən şəxs var. Qısası, dünya əhalisinin ümumi sayından müsəlmanları çıxanda 5,7 milyard insan qalır. İndi belə çıxır ki, bu 5,7 milyard insanı öldürmək lazımdır? Onlar müsəlman deyillər deyə, hamısı cəhənnəmdə yanacaqlar və bu dünyada adam partladanlar, kamikadzelik edib günahsız qan axıdanlar, din pərdəsi altında min oyundan çıxanlar cənnətlə müjdələnəcəklər? Bütün insanları Allah yaradıb. Xristian, Buddist, Hinduist, İudaist və digər dində doğulan uşaqlar da Allahın bəndələridir və müsəlman doğulmadıqlarına görə də günahkar deyillər. Əgər düşünənlər varsa ki, onlar ağıl-kamala çatanda müsəlman olmalıydılar, bu da yanlışdır. Çünki İslam dininin adını artıq terrorla eyniləşdiriblər. Müsəlman qaydaları - müqəddəs “Qurani-Kərim”in ayələrinə daha çox xristian və digər dinlərin cəmiyyətlərində riayət edilir və şəriət qanunları da ən çox elə müsəlman cəmiyyətlərində pozulur. Etiraz edənlər olacaq ki, terroru müsəlmanlar etmir, onları Amerika, İngiltərə idarə edir, bütün terror təşkilatlarını xristianlar yaradıb.

Qəbul edək bunu, o zaman, özümüz özümüzü təkzib etmiş oluruq. Əgər on minlərlə müsəlman haqq yolundan cayıb, nahaq yola yuvarlanırsa, yüz minlərlə müsəlman İslam dinini öz mənafeyinə uyğun və siyasi məqsədlər üçün istifadə edirsə, günahı özümüzdə aramalıyıq. Amerika bizə desə ki, gəl özünü Sakit okeana at, atmalıyıq?”

AXCP sədri siyasətçi olduğu üçün belə həssas məsələylə bağlı fikirlərini tamamilə aça bilmədiyini vurğulayıb:

“Əfsus ki, siyasətçi olduğum və bu mövzunun da həssaslığını nəzərə alaraq hər şeyi çılpaqlığı ilə deyə və yaza bilmirəm. Müsəlman olduğum və İslam dininə mənsub olduğum üçün şadam. Allahıma, Peyğəmbərimə və göndərdiyi “Qurani-Kərim”ə inanıram. Həm də inanıram ki, Allahın göndərdiyi müqəddəs kitaba Allahın buyurduğu qaydada əməl etmirik.

Əksər namaz qılanlar və din adamları içki içməyə ən böyük haram kimi baxırlar, lakin ondan da ağır günah olan zinanı edirlər. Hətta, zina etmək üçün “siğə” də düşünüblər. Bu yaxınlarda mənə dedilər ki, indi mollalar mobil telefonla siğə edirlər. Adam mollanı yığır və mikrofona qoyur, o da ərəb dilində dua oxuyur və zinanı “qanuniləşdirir”. Müqəddəs kitabımızda ən böyük günah qeybət sayılır. Qeybət etmək ən böyük və bağışlanılmaz günahdır. Həyatımda qeybət etməyən adam görməmişəm. Terror çox böyük günahdır. Günahsız adamları “Allahü-əkbər” deyib partlatmaq, şikəst etmək böyük suçdur”.





Həftənin ən çox oxunanları