Yuxarı

Milli Şuranın İbrahimbəyov fiaskosu

Milli Şuranın İbrahimbəyov fiaskosu

Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun uzun fasilədən sonra Bakıya gəlməyinə baxmayaraq, Şura üzvlərindən heç kimlə görüşməməsi, yaxud görüşün gizli keçirilərək nəticəsi qənaətbəxş olmadığına görə ictimaiyyətdən gizlədilməsi maraqlı məqamlardan xəbər verir. Qeyd edək ki, Rüstəm İbrahimbəyovun Bakıya gəlməsinin səbəbi xalq şairi, qardaşı Maqsud İbrahimbəyovun dünyasını dəyişməsi ilə əlaqədar olub.

Lakin görünür, bu səfər İbrahimbəyov üçün həm də Bakıya bağlanan yolların açılması demək idi. Milli Şuranın fəxri sədrinin Bakıya səfəri ilə əlaqədar ictimaiyyətin və siyasi kəsimin diqqətini cəlb edən məqam onun qurum rəhbərliyi və üzvləri ilə görüşüb-görüşməyəcəyi idi. İndiyə qədər Mili Şura ilə bağlı yayılan məlumatlarda sədr Cəmil Həsənli Rüstəm İbrahimbəyovla mütəmadi olaraq telefon əlaqəsi yaratdığını və təmas halında olduqlarını bildirirdi. Məhz buna dayanaraq İbrahimbəyovun Bakı səfərində tərəflərin canlı görüş imkanının olduğu və ölkənin həssas dönəmdən keçdiyi nəzərə alınmaqla, bu görüşdə hansı məsələlərin müzakirə ediləcəyi də maraqlı görünürdü. Xüsusilə də siyasi məhbusların azadlığa buraxıldığı və ölkənin siyasi həyatında canlanma ehtimalının yüksək dəyərləndirildiyi bir zamanda bu görüş maraqlı görünə bilərdi.

Ancaq görünən odur ki, hələlik görüş baş tutmayıb. Hələ Milli Şura yarandığı zaman sədr olaraq Rüstəm İbrahimbəyovun seçilməsi bir çox tanınmış siyasilər və politoloqlar tərəfindən təşkilatın yaranmadan fioskoya uğraması ilə eyniləşdirilirdi.

Nəticə deyilənlərdən uzağa getmədi. R.İbrahimbəyovun sədrliyi də, fəxri sədrliyi də, təşkilat da fioskoya uğradı. Milli Şuranın əslində, Əli Kərimlinin layihəsi olduğuna dair proqnozlar təsdiqləndi. Prezident seçkiləri öncəsi Əli Kərimli tərəfindən nisbətən yaşlı işıq yandırılan Milli Şura sədri Cəmil Həsənli ətrafında seçkidən sonra və indi də baş verən olaylar qurumun Yurd sədrinin maraqlarına cavab vermədiyi görüntüsü yaratdı. Milli Şurada İbrahimbəyov faktorunun çoxdan bitdiyi və əslində, heç olmadığını da nəzərə almasaq, cəmiyyətə “fəxri sədr” kimi təqdim olunan bir şəxsin əslində, Şura üzvləri tərəfindən də qəbul olunmadığı və İbrahimbəyovun da buna adekvat münasibəti göz önündədir. Görünür, İbrahimbəyov özü də Əli Kərimli ambisiyalarına qurban getməməkdə israrlı idi və həyat təcrübəsi bundan az-çox sığortalanmağın yolunu ona öyrətmişdi.

Yurd sədrinin Rüstəm İbrahimbəyov planı

Əli Kərimlinin birləşmiş müxalifət adı altında yaratdığı Milli Şura xalq maraqlarından başqa demək olar hər şeyə xidmət etməyi bacardı. Gənc, perspektivli siyasi-ictimai fəalların həbsinə yol açan hərəkətlər bir-birini izləməyə başladı. Bu, Milli Şura adı altında məhz Kərimli siyasətinin bir hissəsi idi. İbrahimbəyov faktoru sonralar Yurd sədrinin maraqlarına xidmət etmək üçün sədrliyə yenidən Əli Kərimlinin təklifi və təşkilatçılığı ilə Cəmil Həsənli gətirildi. Son dövrlər isə Kərimli tərəfdarlarının Cəmil Həsənliyə qarşı apardığı qara piar kampaniyası fikirləri başqa istiqamətə yönləndirdi. Artıq Cəmil Həsənli də Yurd sədrinin maraqlarına xidmət etmir. Digər tərəfdən isə, bu, maraqların (oxu: həm də Rusiya və Qərbin Azərbaycan maraqları) toqquşması kimi də qəbul oluna bilər.

Təmsil olunduqları qurumda bir neçə tərəfdara “lider” kimi təqdim olunan bu şəxslərin yəqin ki, kimlərinsə qarşısında götürdükləri öhdəlikləri var. Bu öhdəlikləri təmin etmək yolunda maraqların toqquşması gözlənilən və labüddür. Bu baxımdandan İbrahimbəyovun fəxri sədr kimi fəaliyyəti (oxu: fəaliyyətsizliyi) artıq çoxdan Yurd sədrini maraqlarına xidmət etmir. Digər tərəfdən Rüstəm İbrahimbəyovun intellektual səviyyəsi və məlumatlılıq dərəcəsini nəzərə alsaq, onun Yurd sədri ilə bir sırada sona qədər addımlamayacağını də elə ilk başlardan təxmin etmək çətin deyildi. Buna görə də tərəflərin bir-bir ilə bir addımlıqda görüşdən imtina etməsi təbii qarşılanmalıdır. Nəzərə alsaq ki, Milli Şuranın fəxri sədri hələ də Bakıdadır və bu görüşün baş tutma ehtimalı var, hətta bu ehtimal doğrulsa belə bunun formallıqdan başqa məna ehtiva etməyəcəyi də həqiqətdir.

AXCP sədr müavini Cavid Musazadə də “Cümhuriyət”ə açıqlamasında o dovrün vahid namizədinin Əli Kərimli olduğunu vurğulayaraq bildirib ki, Yurd sədri öz gücsüzlüyünü başa düşərək özünə alternativ şəxslər axtarıb:

“Rüstəm İbrahimbəyovun fiasko olacağını vizionu geniş, ağıllı olan bütün cəbhəçilər əvvəlcədən görürdü. Biz də görüb, etiraz edirdik. Əslində, o zaman müxalifətin vahid namizədi estafetini Əli Kərimli qəbul etməli idi. Siyasi xronika bunu tələb edirdi. Lakin Əli Kərimli gücsüzlüyünü anladığı və seçkini uduzub siyasi səhnədən birdəfəlik çıxmamaq üçün, eyni zamanda həm də bu seçkidən maddi qazancla çıxmağı təmin etmək məqsədilə öz namizədliyini yayındırmağı düşündü. O zaman İsa Qəmbər namizəd olmaq istəyirdi. Lakin onu da həzm etmədiyinə görə, şərtli razılıqla, əslində, dolayı yolla Müsavat başqanına əngəl oldu. Bu zaman hakimiyyət dairələri devrəyə girərək Eldar Namazov vasitəsi ilə Rüstəm İbrahimbəyov oyununa start verdi. Məsələ burasındadır ki, Rustəm İbrahimbəyovun ikili vətəndaşlığını, bunun oyun olduğunu bilənlər bu oyuna bilərəkdən getdilər və bir daha hakimiyyətin ömrünü uzatmağa xidmət etdilər. Rüstəm İbrahimbəyov heç vaxt olmadığı cameəyə gəldi və hər kəsi “pərişan” edərək geri çəkildi. Bu, Kərimlinin fiaskosu idi”.

AXCP sədr müavininin sözlərinə görə, Rüstəm İbrahimbəyovu namizəd kimi Milli Şuraya təqdim edən Eldar Namazov Əli Kərimli ilə onun arasında vasitəçi olub:

“O, Kərimli ilə daha əvvəldən dost idi. Qeyd edim ki, hakimiyyətin İbrahimbəyov problemi olsaydı, bu gün burda ola bilməzdi. Rüstəm İbrahimbəyovun bu gün Milli Şura üzvləri ilə görüşməməsinin səbəbi çox sadədir, Rüstəm İbrahimbəyov onları tanımır. Rüstəm İbrahimbəyovun o zamanki müsahibələrinin də çoxunu Kərimli fiaskosunun qarşısını almaq üçün bizim dostlarımız yazırdı. Yəni bir sözlə, Cəmil Həsənli olmasaydı, bu fiasko o zaman açılacaqdı. “Radikal liderlər” dönəmi qapanacaqdı. Cəmil Həsənli bunlara ömür verdi. İndi də onu gizlicə baltalayırlar. Bu prosesin açıq adı komsomolların fiaskosudur. Ölkəmizdə yeni müxalifət formalaşmalıdır. Həqiqi, saf, təmiz siyasi qüvvələr həqiqi mübarizə modelini təqdim etməlidirlər. Köhnələrin bitdiyini xalq da, siyasi çevrələr də artıq anlayıb və açıq dillə ifadə edir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları