Yuxarı

Siyasi mühacirlər qayıdır?

Siyasi mühacirlər qayıdır?

Tural Sadıqlı: “Hakimiyyət manevr edir”

Əlövsət Əliyev: “Zəmanət verilməlidir”

Ölkə başçısının martın 17-də imzaladığı əfv sərəncamı ilə 137 nəfər azadlığa buraxıldı. Əfv sərəncamı bir sıra siyasi məhbusa da şamil olundu. Onların arasında Anar Məmmədli, Rəsul Cəfərov, Nemət Pənahlı, Tofiq Yaqublu, Rəşadət Axundov, Yadigar Sadıqov, Pərviz Həşimli, Sirac Kərimli, Məmməd Əzizov, Ömər Məmmədov, Rəşad Həsənov kimi adları beynəlxalq təşkilatların hesabatlarına daxil edilmiş siyasi məhbuslar var. Bundan başqa Prezident Administrasiyasının işlər idarəsinin keçmiş rəhbəri Akif Muradverdiyev, hüquq müdafiəçisi Hilal Məmmədov, Taleh Xasməmmədovun da adları əfv siyahısında yer aldı.

Əfvə düşməsi gözlənilən bəzi siyasi məhbuslar həbsdə saxlanılsa da, ancaq müxtəlif partiya rəhbərləri, siyasətçilər bu addımı hakimiyyətin yumşalması kimi qələmə verdi. Beynəlxalq təşkilatlar da Azərbaycan hökumətinin bu addımını təqdirəlayiq hal hesab ediblər.

Qeyd edək ki, Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş katibi, Xarici İşlər Nazirliyinin qərarı ilə diplomatik dərəcədən məhrum edilən Anar Həsənov “Cümhuriyət”ə açıqlamasında Azərbaycana qayıtma ehtimalının olduğunu bildirib. Maraqlıdır, geniş əfv sərəncamından sonra ölkədən gedən mühacirlər, siyasi sığınacaq almış və vətəndaşlıqdan çıxmış şəxslər yenidən Azərbaycana qayıda bilərmi?

Avropa Demokratiyaya Dəstək Alyansının rəhbəri Tural Sadıqlı “Cümhuriyyət”ə bildirib ki, bir qisim siyasi məhbusun son əfv sərəncamı və ya qanunlarda yer alan nüanslardan istifadə edərək məhkəmə prosesi nəticəsində azadlığa çıxmasına baxmayaraq, Azərbaycanda siyasi məhbus problemi tamamilə həll olunmayıb: “Hələ də bilinən onlarla, ictimaiyyətə bəlli olmayan isə yüzlərlə siyasi motivli məhbuslar var. Bəli, Azərbaycanda siyasi motivli yüzlərlə həbs olunub məhkum edilmiş günahsız insanlar var. Xüsusən, bu həbslər Bakıdan uzaq bölgələrdə həyata keçirilib. Onların çoxu ictimailəşmir. Onların ailələrinə xüsusilə hüquq-mühafizə orqanları tərəfindən təhdidlər edilir, ictimailəşməsi ilə daha da ağır cəza ala biləcəkləri bildirilir.

Məsələn, onlardan biri, facebookda "Azad Soz" səhifəsinin keçmiş admini, hazırda həbsdə olan həmkarım Elvin Valeh oğlu Kərimovdur. O, Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə 8 il həbs cəzasına məhkum olunmuşdu. Lakin ailəsi bunun ictimailəşməsinə mane oldu. Çox təəssüf ki, hüquq müdafiəçiləri və jurnalistlərdən də heç kim bu məsələnin ictimailəşməsinə köməklik göstərmədi. Baxmayaraq ki, Elvin Kərimovun adı “Amnesty İnternational"ın da hesabatında yer alıb”.

Tural Sadıqlı onu da vurğulayıb ki, Azərbaycanda siyasi məhbuslar məsələsi 1993-cü ildən bəri var və davam edir: “Zaman-zaman Azərbaycan hakimiyyəti demokratik kəsimin nümayəndələrini qondarma ittihamlarla həbs edib və həbs müddəti bitməmiş onları əfv və s. adlarla azadlığa buraxıb. Konkret heç bir yumşalmadan söhbət gedə bilməz. Yəni bu, Azərbaycan hakimiyyətinin təkrar olunan manevridir.

Azərbaycan hakimiyyəti vaxtaşırı öz maraqları xətrinə bu kimi bəzi manevrlər edir. Siyasi məhbuslar məsələsi Qərbin diqqətində olan bir mövzudur. Azərbaycan hakimiyyəti də Rusiyadan siyasi asılılığı ilə yanaşı, qərbdən tam qopa bilmir və balanslaşdırılmış xarici siyasət yürütməyə çalışır. Nə şiş yansın, nə kabab”.

Azərbaycandan kənarda mühacirət həyatı yaşayan insanların vətənə qayıtması məsələsinə gəlincə, Tural Sadıqlı bildirib ki, "əfv"lər və "yumşalma" bu məsələ ilə əlaqələndirilməməlidir:

“Çünki Azərbaycanda diktatura ləğv olunmayıb, demokratik islahatlar aparılmayıb, bir sözlə, rejim dəyişməyib. Mühacirətdə yaşayan insanların bəzilərinin üzərində hələ də cinayət işi var. Və yaxud məsələn, mənim qardaşım Elgiz Sadıqov keçən il qondarma ənənəvi narkotik ittihamı ilə həbs olundu. Bir müddətdən sonra beynəlxalq təşkilatların və xüsusilə Alman Kansleramtının israrları nəticəsində 2 illik şərti cəza ilə azadlığa buraxıldı. Prokurorluq isə məhkəmənin şərti qərarı ilə bağlı Apellyasiya Məhkəməsinə protest verib. Ölkədən çıxmasına yasaq var. Eləcə də Meydan TV-nin rəhbəri Emin Millinin qaynı, "Azərbaycan saatının" rəhbəri Qənimət Zahidin qohumları, jurnalist Natiq Ədilovun qardaşı həbsdədir. Azərbaycanda yaxınları təzyiq və təhdid altında olan mühacirlərin siyahısını artırmaq da olar. Təsəvvür edin, yaxınları Azərbaycanda həbs və təzyiq altında olan bu kimi mühacirlərin vətənə qayıtması ilə onların öz həyatlarına təhlükənin olmayacağına zəmanət varmı?”

“Avropa Azərbaycanlıları İnteqrasiya və İnkişaf Mərkəzi”nin rəhbəri Əlövsət Əliyev bildirib ki, siyasi mühacirətdə olanların hər birisi Azərbaycana qayıtmaq və normal həyatlarına davam etmək istəyirlər:

“Lakin bunun ucun ilk olaraq zəmanət lazımdır. Zəmanət isə sözlə deyil, həm də əməllə olmalıdır. Xədicə İsmayılova, İlqar Məmmədov, Fuad Qəhrəmanlı və başqaları azad olunandan sonra ölkə başçısı çağırış etməlidir. Ölkədə siyasi təqiblər və siyasi məhbuslar olmasa, xaricdə heç kim siyasi sığınacaq almaq istəməz. Heç dövlətlər də bu halda Azərbaycandan gedənlərə sığınacaq verməzlər”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları