Yuxarı

Azərbaycan terrorun hədəfində

Azərbaycan terrorun hədəfində

Sərdar Cəlaloğlu: “Onların qarşısını almaq çox çətindir”

Aralarında Rusiya vətəndaşı, azərbaycanlı İsa Tupolovun da olduğu terrorçu İŞİD qruplaşmasının 5 silahlısının fotosu Türkiyənin bütün təhlükəsizlik qurumlarına göndərilib. Təhlükəsizlik orqanlarına daxil olan xəbərdə bildirilir ki, terrorçuların hamısı hazırda Suriya ərazisindədir. Məlumata görə, onlar Türkiyə və Azərbaycan ərazisində terror törətməyi planlaşdırırlar. Azərbaycanın adının birgə hallandırıldığı ikinci terror təşkilatı PKK-dır.

Bu terror təşkilatının Bakıda Novruz şənliyi təşkil etməsindən sonra paytaxtda PKK lideri Abdullah Öcalana həsr olunan kitab satılması haqqında məlumat yayılıb. Bildirilir ki, Müslüm Yücelin “Abdullah Öcalan - Amaradan İmralıya” kitabının fotosu paylaşılaraq, bunun “Əli və Nino” kitab mağazaları şəbəkəsində satıldığı iddia olunub. Kitabda Öcalanın terrorçu kimi deyil, bir qəhrəman kimi təqdim edilməsi bildirilir.

İŞİD-in “Xilafət” və “Kürdüstan” planı

İŞİD terror təşkilatında azərbaycanlı döyüşçülər var. Xüsusilə Suriya müharibəsinin qaynar vaxtında 2013-2014-cü illər ərzində Azərbaycandan İŞİD-ə qoşulan vətəndaşların sayında artım vardı. Bu onu göstərir ki, Suriya və Yaxın Şərdəki qeyri-sabitlik, savaşlar Azərbaycana da təsirsiz ötüşmür. Türkiyədə PKK, Yaxın Şərqdə İŞİD terror təşkilatlarının bölgədə yaratdıqları təhdid meydanı qlobal problemə çevrilib. Xüsusilə İŞİD-in müsəlman dövlətləri hədəf alması Azərbaycan üçün də əhəmiyyət kəsb edir. Çünki Azərbaycan müsəlmanların çoxluq təşkil etdiyi ölkədir. Müsəlman ölkəsi kimi Azərbaycan da öz milli təhlükəsizliyi baxımından Yaxın Şərqdəki sabitsizlikdən təsirlənir. Tarixinin inkişaf xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibinin zənginliyi, din müxtəlifliyi çox asanlıqla Azərbaycanı terror təşilatları və bunları dəstəkləyən dövlətlərin hədəfinə gətirir. Bu nöqteyi-nəzərdən “Vəhabi İslam Dövləti” qurmağı hədəfləyən, bölgə dövlətlərini şiə-nüsayri, xristian, şiə kimi məzhəblərdən təmizləməyə çalışan İŞİD-in planında Azərbaycan da yer alıb. Digər tərəfdən İŞİD Azərbaycana özünün iqtisadi təhlükəsizliyi kimi baxır, bu gün ən çox da neftlə zəngin olan ölkələrə fokuslanıb. Həmçinin İŞİD-in açıqladığı “Xilafət xəritəsi”ndə Azərbaycan 2 hissəyə parçalanıb. Həmin “xəritə”yə görə, Şimali Azərbaycanın bir qismi (Dağlıq Qarabağ və Naxçıvan) “Kürdüstan vilayəti”, qalan hissəsi İŞİD-in “Qafqaz əmirliyi”nin tərkibində göstərilib. Bu nöqteyi-nəzərdən PKK və İŞİD-in Azərbaycan daxilində aktivləşmək cəhdləri onu göstərir ki, proses eyni mərkəzdən idarə olunur.

Azərbaycanı terrorun hədəfinə hansı dövlət gətirir?

Azərbaycanı terror təşkilatlarının hədəflərinə gətirən faktor geosiyasi vəziyyətlə bağlıdır. Xüsusilə son illərdə Rusiya və ABŞ-ın regionda artan nüfuz savaşı Azərbaycandan da təsir edir. Yaxın Şərq və Cənubi Qafqaz uğrunda mübarizədə tez-tez dəyişən taktiki gedişlər və “terror kartı”nın əl dəyişdirməsi Azərbaycan üçün də təhdid meydanı yaradır. Xüsusilə siyasi məhbusların azad olunmasından sonra Qərbin Azərbaycanla istiləşən münasibətləri, həmçinin, Türkiyə - Azərbaycan ittifaqının möhkəmlənməsi Rusiyanı narahat edir. Türkiyənin sərhədlərini pozan rus təyyarəsini vurmasından sonra Rusiyanın bu ölkə ilə əlaqələri qırıldı. Bu fonda Azərbaycandan Türkiyəyə verilən dəstək, Moskvanın PKK-ya dəstəyi artırmasına səbəb oldu. Bu nöqteyi-nəzərdən PKK-nın Azərbaycanda fəallaşması cəhdləri də təsadüf deyil. Həmçinin İŞİD-in də yenidən Azərbaycan planını işə salması Rusiyadan qaynaqlanan faktor sayılmalıdır. Xüsusilə “İslam Dövəti”nin rus qruplaşmalarının Azərbaycanı təhdid etməsinin simvolik mənası da var. Rusiya Azərbaycanı terror təşkilatlarının hədəfinə gətirməklə Qərb və Türkiyədən uzaqlaşdırmağa çalışır. Şimal (ləzgilər, “SADVAL”) və Cənub bölgələrində (talışlar) separatizmi gücləndirmək çabaları, passivləşmiş separatçı təşkilatları canlandırmaq da bu qəbildəndir.

“Onların qarşısına keçmək mümkün deyil”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun “Cümhuriyət”ə dediyinə görə, Avropa təcrübəsi göstərdi ki, terror təşkilatları dünya dövlətlərində yerləşməyə başlayıblar. S.Cəlaloğlu hesab edir ki, ABŞ və Avropada terror təşkilatları varsa, Azərbaycan üçün də bu təhlükə var: “Azərbaycanda da radikallar və terror təşkilatlarına meyilli insanlar mövcuddur. Suriyaya İŞİD-in tərkibində döyüşmək üçün Azərbaycanda yüzlərlə insan ora gedib. Çeçenistan - Rusiya müharibəsində də çeçenlərin tərəfində dəyüşən azərbaycanlıların olduğu məlum idi. O cümlədən Üsamə bin Ladenin tərcüməçilərindən biri azərbaycanlı olub. “Əl-Qaidə”nin tərkibində də azərbaycanlılar döyüşürdülər. Həmçinin, Azərbaycanda 30-40 min civarında kürd yaşayır. Onlar PKK və PYD kimi terror təşkilatlarına milli təəssübkeşlik baxımından yardım edə bilərlər. Təcrübə göstərir ki, Azərbaycanda yaşayan kürdlər aktiv formada PKK-ya qoşulurlar, yaxud Türkiyəyə qarşı vuruşular və təşkilatlara dəstək verirlər. Hökumət də bəyan edib, biz də bilirik ki, Azərbaycanda müxtəlif terror təşkilatları ilə əlaqələri olan insanlar var. Vaxtilə Azərbaycan dünyada ən çox terrora məruz qalan ölkələrdən biri idi. Gələcəkdə də terror ola biləcəyi ehtimalı istisna deyil. Hökumət bu yöndə ciddi işlər görür. Hakimiyyətin gördüyü işlərdən effekt verdiyi əsas sahə terrorizmlə mübarizədir.

Amma terror təşkilatları terror etmək barədə qərar verərkən, onların qarşısına keçmək çox çətindir. Sadəcə, Azərbaycan bu gün terror təşkilatlarının maraq dairələrində deyil.

Ermənilər ruslarla birləşib Azərbaycanda terror həyata keçirmək istəyirlər, amma PKK və digər terror təşkilatlarının əsas hədəflərini İran, Suriya, Türkiyə və digər müsəlman ölkələri təşkil edir. Uzun müddət Rusiyanın tərkibində qalmış və İslam dəyərlərindən uzaq olmuş bir ölkədə İŞİD, “əl-Qaidə”, yaxud PKK-nın terror törətməsi ağılabatan deyil. Amma hakimiyyət ehtiyatlı olmalıdırlar, “Formula 1” yarışları və digər beynəlxalq tədbirlər zamanı terror təşkilatları təxribat törədə bilərlər. Azərbaycan üçün ən böyük təhlükə rus və erməni təxribatıdır”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları