Yuxarı

AXCP sədri: “Vətənə xidmət haqqı məni siyasətdən uzaqlaşmağa qoymaz”

AXCP sədri: “Vətənə xidmət haqqı  məni siyasətdən uzaqlaşmağa qoymaz”

Aprelin 1-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayevin doğum günüdür. Partiya sədrinin 45 yaşı tamam oldu.

Bu münasibətlə Cebhe.info Razi Nurullayevin təəssüratlarını öyrənib.

- Razi bəy, 45-ci yaş gününüzü qeyd edirsiniz. Özünüzü necə hiss edirsiniz?

-Özümü gümrah və həyat eşqi ilə dolu hiss edirəm. Qəlbim millətə, dövlətə, insanlara məhəbbətlə, ürəyim iftixarla doludur. Həyatımda, şükürlər olsun ki, utanacağım, çəkinəcəyim bir məsələ zühur etməyib. Hər şey uca Allahın əlindədir, yaradan və öldürən odur. O, lütf etdikcə vətənimə, xalqıma xidməti davam etdirəcəyəm.

- Bu 45 ildə nə itirdiniz, nə qazandınız, istədiyiniz kimi oldumu hər şey?

- 45 yaş az deyil. Saakaşvili 36 yaşında prezident oldu. Avstriyanın xarici işlər naziri bu vəzifəyə təyin olunanda 28 yaşı var idi. Qonşu Gürcüstanda 30 yaşına qədəm qoymamış nazirlər olub. Belə müqayisə edəndə, hazırkı statusumu böyük bir vəzifə hesab etmirəm. Düzdür, Xalq Cəbhəsi kimi tarixi missiyası olan təşkilata, xüsusən də böyük liderimiz Əbülfəz Elçibəyin təşkilatına rəhbərlik etmək iftixardır. Amma bu statusla xalqa xidmət etmək imkanlarım yox dərəcəsindədir. Bu illər üçün qazancım ailəm, övladlarım, yüksək təhsilim, bacarığım və Xalq Cəbhəsi kimi bir təşkilatda liderliyimdir. Ümidimi isə heç zaman itirməmişəm. Xalqımıza xidmət üçün ən gözəl gələcəyin, ən uca zirvələrin önümdə olduğuna inanıram.

- Bu yaşda siyasətdə olmağın sizin üçün özəlliyi nədir?

- Təcrübə. Siyasətdə təcrübə önəmlidir, bir də özünəinam. Bu yaşda özüməinam ən yüksək həddə olur və inanıram ki, bu güvənlə önümdə olan ən böyük sədləri belə aşıb keçəcəkdir.

- Razi bəy, ömrünüzün 20 ilini qaynar siyasi proseslərin içində keçirmisiniz. Heyfsilənmirsiz ki?

- Siyasətdə olduğuma bir gün belə heyfsilənməmişəm. Siyasətdə qazanılan təcrübə həyatı boyu insana yoldaşlıq edir. Bir də siyasət içdən gəlməlidir. Siyasət elmdir, peşədir. O, ötəri hiss deyil. Bəzən siyasətdən gedən adamları anlaya bilmirəm. Çünki siyasətə yanaşmam, siyasəti elm və peşə kimi qəbul etməyim, xalqa, vətənə xidmət haqqı məni uzaqlaşmağa qoymaz. Bir gün çəkilsəm, o biri gün mütləq daha böyük həvəs və iddia ilə geri dönəcəyəm.

Mənsur Rəğbətoğlu

Rəfail Becanov, Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin kollektivi Razi Nurullayevi doğum günü münasibətilə təbrik edir.





Həftənin ən çox oxunanları