Yuxarı

Siyasilər: “Döyüşə də getməyə hazırıq”

Siyasilər: “Döyüşə də getməyə hazırıq”

Cavid Musazadə: “AXCP  dövlətimizin, millətimizin, ordumuzun yanındadır”

Sərdar Cəlaloğlu: “ADP olaraq döyüşlərə getməyə hazırıq”

Gülağa Aslanlı: “Müsavat Partiyası həm informasiya dəstəyi verməyə, həm döyüşlərə getməyə hazırdır”

Pənah Hüseyn: “Xalqı torpaqların azad olunmasında iştiraka çağırırıq”

Ermənistan-Azərbaycan cəbhə xəttində döyüşlərin getməsi ilə əlaqədar  siyasi partiyalar da öz mövqeyini ortaya qoyub. Bir sıra siyasi təşkilatlar yaranmış vəziyyətlə bağlı bəyanatlar yayıb, partiya liderləri mediada və sosial şəbəkələrdə fikirlərini açıqlayıb. Erməni təxribatının qarşısını almağa yönəlmiş əməliyyatların keçirildiyi bir zamanda hakimiyyət və müxalifət partiyaları arasında siyasi çəkişmənin kənara qoyulması məsələsini gündəmə gətirib.

Yəni son proseslər  bütün siyasi qüvvələrin torpaqların azad olunması naminə Azərbaycan dövlətinə və ordusuna dəstək verməsini, Dağlıq Qarabağ probleminin həlli məsələsində həmrəylik nümayiş etdirməsini tələb edir. “AXCP torpaqların azad edilməsi yönündə keçirilən  əməliyyatları dəstəkləyir”.

Bu açıqlamanı Cebhe.info-ya AXCP sədrinin müavini Cavid Musazadə deyib: “Bu məsələ ilə bağlı ilk açıqlamanı AXCP  sədri Razi Nurullayev verdi. Tam olaraq dövlətimizin, ordumuzun, millətimizin yanındayıq, əməliyyatları dəstəkləyirik. Torpaqlarımızın işğaldan azad olunması üçün münbit şərait var. Dünyanın münasibəti də normaldır. Haqq işində dövlətlə, dövlətin hazırkı rəhbərliyi ilə birlikdəyik. İndiki şəraitdə siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı dövlətin və vətənin müdafiəsi naminə birləşməyə çağırırıq. Hesab edirəm ki, bütün siyasi partiyalar aralarındakı mübarizəni kənara qoyub, torpaqların işğaldan azad olunması üçün bütün səylərini birləşdirməlidir. Biz AXCP olaraq bu birləşmənin tərəfdarıyıq”.

“Azərbaycan Demokrat Partiyası Azərbaycan dövlətinin işğal altındakı torpaqlarını azad etmək siyasətini tam dəstəkləyir və bu istiqamətdə həm maddi, həm mənəvi köməklik göstərməyə hazırdır”.

Bu sözləri  ADP sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, ADP Azərbaycan ordusunun Dağlıq Qarabağda keçirdiyi əməliyyatlara dəstək vermək barədə qərar da çıxarıb. S.Cəlaloğu bildirdi ki, bu məqsədlə lazım gələrsə, təbliğati məqsədlə kütləvi tədbirlər, aksiyalar keçirmək olar. Ancaq hələ buna ehtiyac yoxdur: “Hökumət bu məsələdə nə məsləhət bilsə, ona uyğun hərəkət etmək daha  düzgün olar. Bizim spontan fəaliyyət göstərməyimizə ehtiyac yoxdur.

Biz Azərbaycan ordusuna həm canımızla dəstək verməyə, yəni döyüşməyə də getməyə, həm mənəvi, həm informasiya dəstəyi verməyə hazırıq. Biz vətənimizin işğaldan azad olunması üçün nə lazımdırsa, onu etməyə hazırıq”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədri Gülağa Aslanlı təmsil etdiyi siyasi təşkilatın Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün aparılan bütün addımları dəstəklədiyini dedi: “Müsavat Partiyasından asılı olan nə varsa, həm informasiya və təbliğati dəstək verməyə, həm də lazım olarsa, döyüşlərdə iştirak etməyə hazır olduğunu bəyan edir və bu istiqamətdə bizim başqa düşüncəmiz yoxdur”. Gülağa Aslanlı onu da açıqladı ki, Azərbaycan ərazilərinin işğaldan azad olunmasına təbliğati dəstək təşkil etmək məqsədilə mitinqlərin və ya digər aksiyaların keçirilməsi məsələsi də Müsavat Partiyasında müzakirəyə çıxarılacaq. Partiyanın dəstək fəaliyyəti də həmin qərara uyğun olaraq qurulacaq: “Bizdən asılı olan nə varsa, hamısını edəcəyik”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn aprelin 2-də cəbhə xəttində döyüşlər başlananda müxalifətin Antiböhran Koalisiyasının bu barədə çıxardığı qərarın qüvvədə qaldığını deyib. Həmin koalisiyanın qəbul etdiyi bəyanatda Azərbaycan ordusuna tam dəstək ifadə edilib və Azərbaycan xalqına torpaqların azad olunması üçün iştiraka hazır olmağa çağırış edilib.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları