Yuxarı

“Rus təxribatı” baş tutmadı

“Rus təxribatı”  baş tutmadı

 

Natiq Miri: “Düşünürdülər ki, Azərbaycan sarsılacaq və Türkiyəni köməyə çağıracaq”

Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan-Ermənistan təmas xəttində atəşkəs pozulub. Erməni tərəfi təxribat xarakterli hücumlar həyata keçirib. Azərbaycan Silahlı Qüvvələri cavab tədbirləri ilə təxribatın qarşısını alıb.

Rusiya prezidenti Vladimir Putin aprelin 2-də Azərbaycan və Ermənistan rəhbərliyinə müraciət edərək döyüşləri dayandırmağa və atəşkəs rejiminə əməl etməyə çağırıb. Rusiya Ermənistanın bir nömrəli müttəfiqidir. Bu baxımdan, Putin iqtidarının atdığı bütün addımların məhz erməni maraqlarına xidmət etdiyi bəlli olur.  Rusiya həm də ATƏT-in Minsk Qrupunun üzvüdür. Ancaq Moskva 22 illik fəaliyyəti dövründə münaqişənin həlli istiqamətində heç bir müsbət addım atmayıb. Minsk Qrupunun həmsədr ölkələri (Rusiya, Fransa və ABŞ) uzun illərdir ki, yalnız vəd verməklə məşğul olurlar. Bu qurumun fəaliyyəti Azərbaycan cəmiyyətində müsbət qarşılanmır.

Qarabağ nizamlanmasında Rusiya faktoru danılmazdır. Rusiyanın Ermənistanda hərbi baza yerləşdirməsi və iki ölkə arasında imzalanan müqavilə (mümkün müharibə şəraitində Rusiya tərəfi Ermənistanı müdafiə edəcək) Qarabağ məsələsinin həllinə mənfi təsir göstərir. Baş verən son proseslərdən sonra ilk reaksiyanı da məhz Rusiya verdi. Ardınca isə Rusiya mətbuatı Ermənistanın xeyrinə yanlış məlumatlar yaymağa başladı. Hətta qondarma “Dağlıq Qarabağ Respublikasının” Moskvadakı nümayəndəsi televiziyalara müsahibə verərək Azərbaycan tərəfini ittiham etdi və ermənipərəst Rusiya kanalları da bunu yayımladılar.

Müdafiə Nazirliyi 3 aprel tarixində rəsmi məlumat yayaraq Azərbaycan tərəfinin cavab tədbirlərini birtərəfli qaydada dayandırdığını bəyan etdi. Belə görünür ki, hər zamankı kimi yenə də atəşkəs sazişini erməni tərəfi pozur. Təbii ki, Ermənistanın bu təxribatlarında Rusiyanın da maraqlı olduğu sirr deyil. Bu hadisələrin fonunda mətbuatda Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev yaxın vaxtlarda Bakıya gələcəklər. Əldə olunan məlumatlarda səfər çərçivəsində Qarabağ münaqişəsinin həlli, eləcə də ölkələrimiz arasında hərbi əməkdaşlıq məsələlərinin müzakirə olunacağı bildirilir. Xatırladaq ki, aprelin əvvəlində Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Bakıya gələcək.

İşğalçı Ermənistana hər cür dəstək verən Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana planlaşdırmamış səfəri nəyə xidmət edəcək? Bu səfər Azərbaycana yaxşı və ya pis nə vəd edir?

Azərbaycan növbəti dəfə Rusiyanın əlindən sürüşərək Qərbə doğru bir xətt götürdü. Baş verən son prosesləri “Cümhuriyət”ə şərh edən politoloq Natiq Miri bildirib ki, baş verən hadisələr Rusiyanın maraqlarına xidmət edir. Azərbaycanın Qərbyönümlü siyasət aparması Rusiyada qıcıq yaratdı və ruslar heç doğru olmayan addımlar atdı:

“Qarabağ cəbhəsində gedən intensiv döyüşlərin səbəblərini araşdırmaq lazımdır. Müşahidələr onu göstərir ki, son döyüşlər bilavasitə Ermənistan ordusunun cəsarəti ilə bağlı məsələ deyil. Çünki bu gün erməni tərəfində əhval-ruhiyyə sıfırdır. Fərarilik  maksimum həddədir. Hər bir erməni əsgəri potensial fəraridir. Ayrıca, nəzərə almaq lazımdır ki, korrupsiya və digər neqativ proseslər Ermənistan ordusunda baş alıb gedir. Bu nöqteyi-nəzərdən mən düşünmürəm ki, erməni ordusu güclü və cəsarətli olduğu üçün  qəfil hücum elədi. Hesab edirəm ki, bunun arxasında geosiyasi maraqlar durur. Son zamanlar Azərbaycanın çevrəsində baş verən hadisələrə diqqət yetirmək lazımdır. Son zamanlar boy göstərən talış separatizmi, Azərbaycana qarşı terror təhdidləri, rus politoloqların “bədbin proqnozları” təsadüfi deyil. Xəzər dənizində aparılan hərbi təlimlər, eyni zamanda informasiya savaşının açılması onu göstərir ki, bütün bu prosesin arxasında bir dünya gücü dayanır, o da Rusi-yadır. Rusiya indiki şəraitdə Azərbaycanın Qərbə inteqrasiyasından narahatdır. Çünki Azərbaycan növbəti dəfə Rusiyanın əlindən sürüşərək Qərbə doğru bir xətt götürdü. Və eyni zamanda bu proses əsasən “Cənub Qaz Dəhlizi”nin birinci Bakı toplantısında da Qərbin yüksək səviyyədə təmsilçilik etməsi və bu projeyə siyasi, maliyyə dəstəyini göstərməsi Rusiyanı qıcıqlandırmaya bilməzdi. Çünki Cənub Qaz Dəhlizinə bu qədər diqqətin artırılması və prosesin sürətləndirilməsi göstərdi ki, bu konteksdə olan TANAP və TAP xətləri Rusiyanın bütün qaz projelərini zaman baxımından üstələyir. Və təbii ki, bu Rusiyanın bazarları itirməsi anlamına gəlir. İndiki durumda Rusiya bununla qane olacaq bir ölkə deyil. Ona görə də Rusiya hərəkətə keçib.

Kremlin  planı baş tutmadı

Politoloqun fikrincə, Rusiyanın planı baş tutmadı. Rusiya bu münaqişəyə Türkiyəni qoşmağa çalışırdı, ancaq Azərbaycan bu planları pozdu: “Rusiya zor tətbiq etməklə Azərbaycanı və digər ölkələrin qəlbini fəth etmək istəyir. Bu gün Rusiya öz ətrafında olan ölkələrə heç cür cəlbedici ola bilmir. Zor gücü ilə danışmaq istəyir ki, bu da əks-effekt verir. Bu gün Rusiya həm Ukraynada, həm də Suriyada uduzmuş durumdadır. Rusiyaya ictimai rəyə təqdim etmək üçün yeni bir savaş poliqonu lazımdır. Bu savaş poliqonu rus təbliğat maşınının son 2 döyüşlər zamanı mediada apardığı siyasəti izləyəndə, hiss olunur ki, ruslar ictimaiyyətdə yeni fikir yaradır. Yeni savaş poliqonu yarandığı tədqirdə Rusiyanın bu prosesə müdaxiləsi də qaçılmaz olacaq ki, bu da siyasi elita üçün vacibdir. Çünki bu cür savaşlar başlatmaqla rus ictimaiyyətinin diqqətini daxili problemlərdən yayındıra bilir. Bu gün cəbhə xəttində baş verən prosesləri də bu konteksdən dəyərləndirmək lazımdır. Ancaq Rusiyanın Azərbaycan qarşı tətbiq etdiyi yeni hibrid savaşı bu dəfə baş tutmadı. Doğrudur, bu savaşın içərisində, hibrid savaşının bütün elementləri mövcud idi. Həm informasiya savaşı, həm Dağlıq Qarabağda separatizim təşkil etdiyi təxribatlar, həm də hərbi əməliyyatlar var idi. Ancaq Rusiya bununla düşünürdü ki, ermənilərin qəfil hücumu ilə Azərbaycan sarsılacaq və tezliklə Türkiyəni köməyə çağıracaq. Türkiyə də qardaş Azərbaycan kömək etmək durumunda qalacaq ki, bu da Türkiyəni yeni savaş oyununa çəkəcək. Türkiyə prosesə müdaxilə etdiyi tədqirdə Rusiyanın bu savaşa qoşulmaq məcburiyyəti yaranırdı. Rusiyanın məqsədi, tələsi bu idi. Ancaq Azərbaycan Türkiyə rəsmiləri ilə mütəmadi məsləhətləşmələr aparsalar da, bundan artığını etmədi. Azərbaycan ermənilərin bu hücumunun qarşısını nəinki aldı, Rusiyanın və Ermənistanın gözləmədiyi addımı ataraq qarşı hücuma keçərək Ermənistan qoşunlarına sarsıdıcı zərbə vurdu. Bunun nəticəsində dərhal Ermənistan Rusiyaya yalvarmağa başladı ki, prosesləri dərhal dayandırsın”.

“Danışıqlar asan olmayacaq”

Natiq Miri qeyd edib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin səfəri Azərbaycana yaxşı heç nə vəd etmir: “Rusiya bu gün güc orqanlarını, xüsusi ilə müdafiə naziri Sergey Şoyqu və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan göndərmək zərurətini hiss edirsə, demək vəziyyət o qədər də yaxşı deyil. Ancaq bütün bunun müqabilində düşünürən ki, bu iki şəxsin Azərbaycan gəlməsi heç də bizim üçün yaxşı şeylər vəd etmir. Hesab edirəm ki, Azərbaycan və Rusiya arasında bu yöndə olan danışıqlar heç də asan olmayacaq. Bir növ Rusiya öz təhdidlərini davam etdirəcək. Ancaq bu təhdidlərin qarşısında Azərbaycanın geri çəkiləcəyini düşünmürəm. Ona görə də düşünürəm ki, əksinə bu son savaşlardan sonra Azərbaycan güclənmiş durumdadır. Bundan sonra qarşılıqlı güzəştlər çərçivəsində Azərbaycanı problemin həlli üçün məcbur etmək mümkün olmayacaq. Çünki məhz indiyə qədər Ermənistan qoşunları qeyri-rəsmi də olsa bildirirdilər ki, ermənilər faktiki olaraq bir qalibdir və Azərbaycan müəyyən qədər güzəştlərə getmək məcburiyyətindədir. Ancaq son hadisələr göstərdi ki, miqyasca balaca da olsa Azərbaycan bu qələbəni daddı və bütün dünyaya bir daha göstərdi ki, artıq Azərbaycan müstəqil şəkildə öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır. Və bundan sonra artıq bu məsələni dondurulmuş münaqişə kimi təqdim etmək mümkün olmayacaq. Çünki bu proses artıq isti hərbi fazaya keçmiş durumdadır. Və bu hərbi fazada Azərbaycan bir daha üstünlüyünü ortaya qoydu, qələbə çaldı. Ona görə də, bundan sonra sülh masasında danışıqlar yalnız beynəlxalq hüquq və BMT-nin qətnamələri çərçivəsində aparılacaq. Azərbaycan bununla da təkcə hərbi qələbə deyil, həm də qısamüddətli geosiyasi qələbələr də əldə etdi. Hesab edirəm ki, Rusiya kənar müdaxilələrin qarşısını almaq üçün öz generallarını təcili qaydada Azərbaycana göndərmək zərurəti hiss etdi. Ancaq hər bir halda prosesin bu qədər intensivləşməsi Azərbaycanın həm dövlət, həm də cəmiyyət baxımından maraqlarına uyğundur. Bu son savaşda Azərbaycan qazandı!”

Vilayət Muxtar





Həftənin ən çox oxunanları