Yuxarı

AXCP-nin təklifinə böyük dəstək

AXCP-nin təklifinə böyük dəstək

 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Qarabağ danışıqları ilə bağlı Azərbaycan dövlətinin maraqlarının təmin olunması, Azərbaycan dövlət başçısının sülh danışıqlarında xalqımızın bütün zümrələrinin maraq və istəklərini özündə ehtiva edən mövqe sərgiləməsi üçün “Vahid Qərar Şurası”nın yaradılması təklifini irəli sürüb.

AXCP-nin təklifinə şərh verən Xalq Hərəkatı Partiyasınını sədri Nəsir Ağayev “Cümhuriyət”ə açıqlamasında bu təklifi dəstəklədiyini bildirib. Onun sözlərinə görə, bu şuranın əsas işi əhalini verilən qərara hazırlamaq olmalıdır:

“Ümumiyyətlə, ölkənin ictimai-siyasi həyatında xüsusi ilə müharibə şəraitində olan Azərbaycanın hərbi həyatında bu şuranın böyük əhəmiyyəti ola bilər. Müharibə olan ölkədə bütün hallar nəzərdən keçirilməlidir. Həm iqtisadiyyat, həm siyasət, həm də hərbi. Azərbaycanın son dövrlərdə üzləşdirildiyi vəziyyət özündən asılı olmayan səbəblərdən baş verib. Bu hadisələrə Azərbaycanı təhrik ediblər. Burada söhbət Ermənistandan yox, əslində, onun arxasında dayanan qüvvələrdən gedir. Bütün dünya ölkələri gözəl bilir ki, ermənilər bu döyüşdə tək olsalar Azərbaycan 2 saat içində bu məsələni birdəfəlik həll edər. Sadəcə olaraq, burda Rusiya amili rol oynayır. Bu problemlərə görə Qarabağ məsələsi bu qədər uzanır. Ona görə də bu “Vahid Qərar Şurası” təklifini mən alqışlayıram. Bu şuranın əsas işi əhalini verilən qərara hazırlamaq olmalıdır. Ölkə daxilində baş verən hadisələrə uyğun məsləhətləri Prezident Aparatına və Müdafiə Nazirliyinə təqdim etməlidir”.

“Ağ blok” İdarə Heyətinin sədri Tural Abbaslı “Cümhuriyət”ə şərhində bildirib ki, AXCP-nin bu təklifi alqışa layiqdir:

“Ümummilli məsələlərdə istər iqtidar, istər müxalifət məsuliyyətinin nə qədər olduğunu dərk etməlidir və məsuliyyətli addımlar atmalıdır. Təklif alqışa layiqdir. Bu məsələdə prezidentin daxildə baş verən proseslərdən xəbərdar olunması əslində, onun özünə də vacibdir. Xalqın mövqeyi əks olunan istənilən qərar hər zaman doğru olur və xalq hər zaman bu qərarların arxasında durur. İctimai müzakirələr aparılmalı, debatlar, dəyirmi masalar təşkil olunmalıdır ki, Qarabağ məsələsində hər kəsin qəbul etdiyi vahid mövqe olsun. Düzdür, danışıqlar gizli keçirilir və bəzi məqamlar açıqlanmır. Azərbaycan hakimiyyətini analiz etdikdə görərik ki, nəinki ümummilli məsələlərdə, xırda məsələlərdə belə xalqla hesablaşmırlar. Ona görə də bu təklifin hökumət tərəfindən qəbul olunacağı da inandırıcı görünmür”.

Vətəndaş və İnkişaf Partiyasının İcra Aparatının rəhbəri Ramil Hüseynov bildirib ki, bu təklif arzuolunandır və dəstəklənməlidir:

“Son hadisələrdə şahidi olduq ki, ordu xalqdan ayrıldı. Xalq nisbətən arxa planda qaldı. Hesab edirəm ki, bu cür də olmalıdır. Bir çox Qərb ölkələrində də biz bunun şahidi oluruq. “Vahid Qərar Şurası”  yaradılması isə ordunun işinə qarışmaq yox, bir dəstək forması ola bilər. Cəmiyyətin bütün təbəqələrinin bir nöqtəyə vurması arzu olunandır və mən bu təklifi dəstəkləyirəm”.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib ki,  müraciət olunsa, məsələ müzakirə oluna bilər:

“Müsavat ümummilli məsələlərdə hər zaman müzakirələrə hazırdır. Ona görə də söhbət əgər Dağlıq Qarabağ məsələsindən gedirsə, bizə müraciət edəcəklərsə, o məsələni müzakirə edəcəyik”.

“Cümhuriyət”ə açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev bildirib ki, bu, mütərəqqi təklifdir:

“Bu prinsip etibarilə mütərəqqi bir təklifdir. Bizə də bu barədə hər hansı bir təklif olarsa sözsüz ki, müvafiq qərar veriləcək.

Sülh danışıqlarında Azərbaycan xalqının, dövlətinin mövqeyi nədirsə biz də onu dəstəkləməyə hazırıq. Bununla bağlı hər hansı təklif gələrsə buna da partiya tərəfindən adekvat münasibət sərgilənəcək”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları