Yuxarı

Böyük Qarabağ anlaşması...

Böyük Qarabağ anlaşması...

Dağlıq Qarabağda 4 gün davam edən ağır hərbi əməliyyatların qəfil dayanması bu razılaşmanın səbəbləri ilə bağlı çoxsaylı suallar ortaya çıxarıb. Döyüşlərin dayanması xüsusilə də ordunun uğurlarından ruhlanan Azərbaycan cəmiyyətini pessimist ovqata kökləyib. Rəsmi Bakının atəşkəsə niyə razı olması barədə səslənən narazılıq dolu sualların cavabını artıq ortaya çıxmağa başlayıb. Məlum olub ki, atəşkəs haqqında razılaşma aprelin 5-də Rusiyanın vasitəçiliyi ilə Moskvada Azərbaycanın və Ermənistanın baş qərargah rəisləri-Nəcməddin Sadıqovla Yuri Xaçaturov arasında əldə olunub.  

Lakin cəbhə xəttində yaranmış sükut paralel olaraq, diplomatik səylərin ön plana keçməsi ilə müşahidə olunmağa başlayıb. Bu isə Azərbaycanın atəşi dayandırmağa  konkret siyasi şərtlər müqabilində razılıq verdiyini göstərir.

Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov "Anadolu" agentliyinə açıqlamasında bu siyasi şərtləri açıqlayıb. O, bildirib ki, Minsk Qrupunun həmsədrləri öz mandatlarından istifadə edərək Ermənistandan öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmasını tələb etməlidir:

“Öncədən 5 bölgə boşalmalı, həmin bölgəyə azərbaycanlı məcburi köçkünlər qayıtmalı, onlar üçün normal şərait yaranmalı, ərazilər və nəqliyyat-kommunikasiya bərpa edilməlidir. İkinci mərhələdə digər iki region - Laçın və Kəlbəcər qayıtmalıdır və bunun əsasında Dağlıq Qarabağ bölgəsinin Azərbaycan tərkibində statusunun müəyyən edilməsi baş tuta bilər. Bunun üçün də Qarabağdan qovulmuş azərbaycanlı icması oraya qayıtmalı və erməni icması ilə bərabər hüquqlarla prosesdə iştirak etməli, onlar üçün həyat qurmağa eyni imkanlar yaradılmalıdır. Bu məsələdə Minsk Qrupu ölkələrini və həmsədrləri daha fəal olmağa çağırdıq”.

Artıq ATƏT-in Minsk Qrupunun həmsədrləri- rusiyalı İqor Popov, fransalı Pyer Andryu və amerikalı Ceyms Uorlik dünən Bakıda görüşlərə başlayıblar. Diplomatları Azərbaycan prezidenti İlham Əliyev də qəbul edib.

Həmsədrlər hazırda Azərbaycanın işğal olunmuş bölgəsinə səfər ediblər,  Dağlıq Qarabağda olacaqlar. Onların Ermənistan səfəri isə aprelin 9-na nəzərdə tutulub.

Siyasi ekspertlərin fikrincə, müvəqqəti atəşkəs Ermənistan prezident ilə yanaşı Minsk Qrupu həmsədrlərinə də ciddi təzyiq vasitəsidir. Çünki həmsədrlər danışıqlar prosesində yeni mərhələnin başlandığını görürlər. Bu mərhələ ya müharibə, ya da torpaqların sülh yolu ilə azad edilməsini özündə əks etdirir. Ona görə də Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması prosesi sürətlənə bilər. Bir sözlə, həmsədrlərin başqa alternativi qalmayıb. ABŞ-ın Minsk Qrupundakı həmsədri Ceyms Uorlik təxminən il yarımdır ki, açıqlamalarında Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması zərurətindən danışır. İndi Azərbaycanın hərbi güc qarşısında geri çəkilən Ermənistana həmin tələbi irəli sürməsi ətraf rayonların boşaldılması məsələsinin ABŞ-Rusiya danışıqları müstəvisində müzakirə olunduğunu deməyə əsas verir.

Əgər ABŞ və Fransa ətraf rayonların azad olunmasını Rusiya ilə razılaşdıra bilsə, o zaman problemin həlli istiqamətində ciddi addımlar atılacaq. Əks təqdirdə, atəşkəsin yenidən pozulması və hərbi əməliyyatların başlanması istisna deyil. Bu təklifə Ermənistan tərəfinin razı salınması isə daha çox Rusiyanın siyasi iradəsindən asılıdır. Eyni zamanda, Sarkisyan iqtidarı yəqin ki, güzəştə getmək üçün Rusiyadan və Qərbdən  bir sıra təminatlar istəyəcək. Bu təminatlar Azərbaycanın sülhyaratma  prosesinə axıra qədər sadiq qalması, Dağlıq Qarabağın gələcək status ilə bağlı müqavilə çərçivəsində müəyyən edilmiş öhdəliyin yerinə yetirilməsi və presedent Sarkisyanın ölkə daxilində siyasi təzyiqlərdən qorunması ilə bağlı ola bilər.

Azərbaycanın hazırda irəli sürdüyü şərtlər isə söhbətin “Yenilənmiş Madrid Prinsipləri”ndən getdiyini göstərir. Xatırladaq ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair  2008-ci ildə “Madrid Prinsipləri” adlanan sülh sazişi layihəsi irəli sürülmüşdü. Sonradan bu layihə yenidən təkmilləşdirilərək “Yenilənmiş Madrid Prinsipləri” adlandırıldı. Həmin təkliflər münaqişənin 3 mərhələdə həllini nəzərdə tutur. Birinci mərhələdə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağın ətrafındakı işğal altında olan 5 rayondan (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan Qubadlı və Laçın rayonunun 13 kəndi) çıxarılması nəzərdə tutulur. Ərazilər boşaldıldlqdan sonra bərpa işləri aparılmalı və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdır. Eyni zamanda, əraziyə BMT-nin mandatına uyğun olaraq, beynəlxalq sülhməramlı qüvvələr yerləşdirilməlidir.

İkinci mərhələdə digər iki rayonun- Laçının işğal altında qalan digər ərazilərindən və Kəlbəcər rayonundan  Ermənistan ordusunun çıxarılması təklif edilir. Ancaq  sözügedən prinsiplər Ermənistana Dağlıq Qarabağın erməni icması ilə əlaqə saxlamaq üçün Laçın rayonu ərazisindən dəhliz verilməsini nəzərdə tutur. Eyni zamanda, Ermənistanla Azərbaycan arasında kommunikasiyalar bərpa edilməlidir.

Üçüncü-yekun mərhələdə isə Dağlıq Qarabağın status həll olunmalıdır. Saziş layihəsi bu statusun referendum yolu ilə müəyyənləşməsini təklif edir. Bu prinsipə görə, referendumda iştirak edənlər Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması, müstəqil dövlət elan olunması, Ermənistanın tərkibinə daxil olmasını nəzərdə tutan üç seçimdən birini etməlidir. Ermənistan bu referendumun yalnız keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində keçirilməsini istəyir. Rəsmi Bakı isə bunun Azərbaycan Konstitusiyasına zidd olduğunu bildirir. Çünki Azərbaycan Konstitusiyasına görə, ümumxalq səsverməsi bütün ölkə ərazisində keçirilməlidir. Yəni referendum ölkənin ayrıca götürülmüş bir bölgəsində keçirilə bilməz. Ona görə də bu məsələ mübahisəli olaraq qalır. Qeyd edək ki, Ukrayna separatçıları Krımda və  Donbasda refendum keçirərkən rəsmi Kiyev də bunun ölkə konstitusiyasına zidd olduğunu bəyan etmişdi. Ukrayna hökuməti konstitusiyaya uyğun olaraq referendumun bütün ölkə ərazisində keçirilməli olduğunu bildirmişdi.

Referendumun Azərbaycanın təklif etdiyi əsaslarla keçirilməsi təbii ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasını təmin etmiş olar. Çünki həmin halda ermənilər səsvermədə azlıqda qala bilər. Ona görə də Ermənistan sonradan “Yenilənmiş Madrid Prinsipləri”ni qəbul etməkdən imtina etdi. Referendumun keçirilməsini nəzərdə tutan və hələ ictimaiyyətə açıqlanmayan digər variantlar da var. Mediaya sızan bu məlumatlara görə, Ermənistan referendumun Dağlıq Qarabağ ərazisində keçirilməsi illə yanaşı, səslərin 2/3 prinsipi ilə hesablanmasını təklif edib. Burada da məqsəd Dağlıq Qarabağda erməni əhalinin say çoxluğuna malik olmasını əsas götürərək referendumun nəticələrini legitimləşdirməkdir. Məlumatlara görə, Azərbaycan  səsvermə Dağlıq Qarabağda keçirilərsə, nəticələrin 50+1 prinsipi əsasında sayılmasını vacib hesab edir. Yəni Azərbaycan tərəfi  bu halda Dağlıq Qarabağın azərbaycanlı icmasının son 24 ildə sayının artmasını və erməni əhalinin 50 faizini ötməsini əsas götürür. Əgər referendum 50+1 prinsipi ilə keçirilsə, o zaman səsvermənin nəticələrinə görə azərbaycanlı icmasının səsləri əsas götürülə bilər. Yəni Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalar.

Əldə olunan digər məlumatlara görə, Ermənistanın “Yenilənmiş Madrid Prinsipləri”ndən imtina etməsinin başqa bir səbəbi Laçının 13 kəndinin Azərbaycana qaytarılması barədə ATƏT-in Minsk Qrupunun təklifləri ilə razlaşmaması olub. Ermənistan Azərbaycanın 30 km məsafəni vuran artilleriya qurğularına malik olduğunu əsas gətirərək Laçın dəhlizinin boşaldılan kəndlərdən və ya Qubadlı rayonu ərazisindən atəşə tutulacağını iddia edib.

Bütün mübahisəli məqamlara baxmayaraq, Azərbaycan “Yenilənmiş Madrid Prinsipləri”ni qəbul edib. Əgər Ermənistan həmin təkliflərə əvvəldən razılıq versə idi, indiyə qədər ətraf rayonların işğaldan azad edilməsinə və problemin tam həllinə yaxınlaşmaq olardı. Təbii ki, Ermənistanın “Yenilənmiş Madrid Prinsipləri”nə razılıq verməməsində və münaqişənin getdikcə dərinləşməsində Rusiyanın mühüm təsiri olub. Rusiya son illər postsovet məkanındakı dondurulmuş münaqişələrin nəinki həllinə mane olur, hətta yeni hibrid müharibə ocaqları yaradır.  Ona görə də Azərbaycanın ətraf rayonların azad olunması ilə bağlı irəli sürdüyü son tələblərin həyata keçməsində Rusiyanın mövqeyi  həlledici ola bilər. Mediada yayılan məlumatlara görə, Rusiya buna razılıq vermək üzrədir. Lakin “Yenilənmiş Madrid Prinsipləri”bu dəfə “Lavrov prinsipləri” adı altında modifikasiya olunub. Onun konkret detalları açıqlanmasa da, ilkin ehtimallar bundan ibarətdir ki, Rusiya 3-5 rayonun qaytarılması müqabilində Azərbaycanın Avrasiya İqtisadi Birliyin daxil olmasını istəyir. Bu üzvlük müşahidəçi qismində də ola bilər. Çünki Azərbaycanın Ermənistanla sərhədləri tam müəyyənləşmədən Gömrük Birliyinə daxil olmağa razılıq verəcəyi inandırıcı görünmür. Amma münaqişənin alovlanması böyük ehtimalla Qərbi və Türkiyəni hərəkətə gətirəcək.

ABŞ, Avropa və Türkiyə Cənub Qaz Dəhlizinin reallaşmasında maraqlıdır. Azərbaycan prezidentinin Türkiyə və ardınca ABŞ-a baş tutan səfərləri zamanı Cənub Qaz Dəhlizinin həyata keçirilməsinə dəstək ifadə olunub. Belə bir şəraitdə Ermənistanla Azərbaycan arasında müharibənin dərinləşməsi Bakı-Tiflis-Ceyhan neft boru kəməri və Cənub Qaz Dəhlizi layihəsinin varlığını təhlükə altına almaqla yanaşı, Rusiyanın regiona hərbi müdaxiləsi üçün real zəmin yaradır. Qərb Ukraynadan sonra Cənubi Qafqazda ikinci müharibə ocağının başlanmasını istəmir. Ona görə də ABŞ və Avropanın alovlanmaqda olan bu təhlükəni aradan qaldırmaq üçün Ermənistana təzyiqi artıracağı gözləniləndir. Ancaq əsas proses Qərblə Rusiyanın münasibətləri müstəvisində həll olunacaq. Əgər  Lavrov öz prinsipləri ilə gəlirsə, deməli bu anlaşma çox yaxında baş tuta bilər.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları