Yuxarı

Azərbaycanın diplomatik avantajı

Azərbaycanın diplomatik avantajı

Sədrəddin Soltan: “Güclü “erməni ordusu” mifi dağıldı”

Fərəc Quliyev: “Proseslər danışıqlar masasında yerimizi möhkəmləndirdi”

Aprelin 5-də - Ermənistan və Azərbaycan arasındakı döyüşlərin 3-cü günündə tərəflər arasında atəşkəs elan olundu. Verilən qərar Ermənistanın lehinə olsa da, Azərbaycan cəmiyyəti tərəfindən narazılıqla qarşılandı. Çünki proseslərin lehimizə inkişaf etdiyi vaxt, “dayan” əmrinin verilməsi yenidən əvvələ qayıtmaq - nəticəsiz danışıqların, işğal dövrünün davam etməsi mənasını verirdi. 22 illik məğlubiyyət əsəbindən sonra açılmış yeni qalibiyyət cəbhəsi cəmiyyəti də düşmən üzərində tarixi zəfərə kökləmişdi.

Bu baxımdan razılaşdırılmış atəşkəsin elan olunması müsbət qarşılanmadı. Bütün narazılıqlara baxmayaraq, atəşkəs oldu, lakin Azərbaycan şərtini də irəli sürdü. Danışıqlar və dinc yollarla həll variantları nəticə verməsə, döyüşlər davam edəcək. Digər yandan uzun illər özünə qarşı çevrilmiş təxribatlara adekvat cavab verməyən Azərbaycanın budəfəki cavabı sərt oldu. Bu həm Ermənistanı cəbhədən geri çəkilməyə sövq etdi, həm də Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasında məcburi bir istək yaratdı. Çünki döyüş Ermənistana baha başa gəlirdi və atəşkəsi onun pozduğu üçün beynəlxalq ictimaiyyətin qınaq obyektinə çevirib. Nəticədə geri çəkildi və atəşkəs elan etdi. Bu, Azərbaycanın danışıqlar masasındakı yerini möhkəmlətdi. Danışıqlar prosesinin növbəti mərhələsində Ermənistan və vasitəçilərin Azərbaycanın maraqlarını nəzərə almaq ehtimallarını yüksəltdi. Lakin ekspertlər yeni danışıqlar dönəminin də nəticə verməyəcəyini və Azərbaycanın elan olunmuş müharibə ilə torpaqlarını azad etməsinin vacibliyinə diqqət çəkirlər.

“Tarixi şansdan istifadə olunmalıdır”

AXCP sədri Razi Nurullayevə görə, Azərbaycan hərbi əməliyyatları davam etdirərək, tarixi şansdan işğal altında olan ərazilərini azad etməsi yolunda istifadə etməlidir. AXCP sədri hesab edir ki, Azərbaycan mənasız danışıqları dayandırmalıdır: “Başa düşmədiyim bir məqam var. Rusiya, ABŞ, Avropa Birliyi, ATƏT-in Minsk Qrupu və bir sıra beynəlxalq təşkilatlar işlərini-güclərini kənara atıb üstümüzə düşüblər ki, əməliyyatları dayandırın. Az qala hədə-qorxu dili ilə danışırlar. Atəşkəsdir. Dediyiniz oldu. İndi gəlib bizə moizə oxuyacaqsınız. Mən fərd olaraq Azərbaycan prezidentindən, hökumətindən həmsədrlərlə görüşdən imtina etməyi tələb edirəm. Partiya olaraq da bunu tələb edirik”.

“Üstünlük Azərbaycanda idi”

Siyasi ekspert Sədrəddin Soltan “Cümhuriyət”ə açıqlamasında bildirib ki, əməliyyatların davam etdirilib-etdirilməməsi barədə şərh vermək çətindir. Lakin S.Soltan döyüşün Azərbaycanın lehinə olduğunu bildirib: “Bu, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək yolunda atdığı addımdır. Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün həmişə hazır olmalıdır. Bu istiqamətdə beynəlxalq vasitəçilərin fəal olmaları da vacibdir. Son hadisələr həm də Azərbaycan tərəfindən vasitəçiləri daha gerçəkçi olmağa sövq etdi. İndiyədək Ermənistan, erməni hərbi birləşmələri haqqında mif yaradılmışdı. Bunu həm Azərbaycan rəsmilərinə, həm də cəmiyyətə sırıyırdılar. Cəbhə xəttində baş verən son proseslər bu mifi dağıtdı. Bu baxımdan son döyüşlərin Azərbaycan üçün siyasi, mənəvi baxımdan uğurla nəticələndiyini demək olar. Lakin atəşkəsi Azərbaycan tərəfi pozmadığından hərbi döyüşü də biz başlamamışıq. Azərbaycan sadəcə olaraq Ermənistan tərəfinin təxribatına cavab verib. Azərbaycan bir dəfə atəşkəs elan etdi, lakin Ermənistan buna məhəl qoymadı. Nəticədə Ermənistan və onun havadarları vəziyyətin onların maraqları istiqamətində inkişaf etməyini görüb Azərbaycana atəşkəslə bağlı razılığa gəlmək üçün təklif verdilər. Azərbaycan da bu təklifi qəbul etdi”.

“Dayandıq, lakin...”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev “Cümhuriyət”ə bildirib ki, hər birimiz hərbi əməliyyatların davam etməsini və işğalda olan ərazilərimizin azad olunmasını istəyirik. F.Quliyev dövlətin siyasətində müəyyən amillərin də nəzərə alınmasının tərəfdarı olduğunu deyib: “Son əməliyyatlarda Azərbaycan bir neçə mövqedə üstünlük qazandı. Proseslər danışıqlar masasında Azərbaycanın yerini möhkəmlətdi. Danışıqların son raundunda de-fakto Ermənistanın maraqları təmin olunmuşdu, isterika altında danışıqlar gedirdi. Son döyüşlərdə Azərbaycanın üstünlüyünü görüb ermənilər və dünya atəşkəs istədi. Biz də bu çağırışlara cavab olaraq dayandıq, masa arxasında oturduq. Əzələ nümayişindən sonra, bir də iradə nümayişi var. Danışıqları davam etdirməkdə və məsələnin dinc yolla həllində maraqlıyıq. Buyurun, döyüşləri dayandırdıq. Amma şərt də qoyulub. Əgər danışıqlar nəticə verməsə, döyüş davam edəcək. Hamımızın istəyi budur ki, bu məsələ tezliklə itkilərsiz həllini tapsın. Lakin bir çox siyasi nüansları nəzərə almaqla müvəqqəti dayanmaya da səbrli olmaq lazımdır. Hər halda dövlət siyasətində belə şeylər olur”.

M. Rəğbətoğlu





Həftənin ən çox oxunanları