Yuxarı

Bakıdan Kremlə “Qarabağ silləsi”

Bakıdan Kremlə “Qarabağ silləsi”

Kreml Qərbi, Azərbaycan isə hər ikisini qabaqlamağa çalışır

Ermənistan və Azərbaycan arasında davam edən silahlı qarşıdurmanın pərdəarxası məqamları açılmağa başlayıb. Ermənistan tərəfindən Azərbaycana qarşı edilən təxribatın öncədən hazırlanmış planın tərkib hissəsi olması barədə iddialar var idi. Artıq bu iddialar diplomatik mənbələr tərəfindən də təsdiq edilir. Gələn məlumatlara görə, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Cənubi Qafqaz və Azərbaycanda manevr imkanlarını məhdudlaşdırmaq, ehtimal olunan hərbi baza yaratmaq cəhdlərinin qarşısını almaq üçün bölgə üzrə yeni təhlükəsizlik strategiyasını elan edib.

Rusiyanın təhlükəsizlik və hərbi strukturları ilə məsləhətləşmələr aparan Putin bölgədə möhkəmlənmək üçün Dağlıq Qarabağ münaqişəsinin alovlandırılmasını  razılaşdırıb. Bildirilir ki, məsləhətləşmələrdə ilkin addım kimi atəşkəsin pozulması, Azərbaycanın təhdid altında saxlanılması yer alır.

NATO və ABŞ-ın 2017-ci il Azərbaycan planı

Gələn məlumatlara görə, rəsmi Moskvanın münaqişə ilə bağlı mövqeyi ABŞ və Avropa İttifaqının Azərbaycana dair yeni planları ilə əlaqədardır. Qeyd olunur ki, Vaşinqton və Brüssel rəsmi Bakını Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına qoşulmağa razı sala bilib. Əvəzində Azərbaycan hakimiyyətinə ABŞ Konqresində gündəmə gətirilən sanksiya layihələrindən imtina olunması və təzyiqlərin dayandırılması vədi verilib. Hakimiyyətin təkliflərə müsbət cavab verdiyi bildirilir. Gələcəkdə NATO, ABŞ və Türkiyənin Azərbaycanda hərbi baza açmaq imkanlarının araşdırılması da gələn məlumatlar içindədir. Məsələnin ilginc tərəfi budur ki, ABŞ və Avropa İttifaqı münaqişələrin həll olunmasını gözləmədən Azərbaycan, Ukrayna, Moldova və Gürcüstanın NATO-ya üzv kimi qəbul edilməsi barədə düşünməyə başlayıb. Təkliflər planının NATO-nun Avropa Komandanlığı tərəfindən Ağ Ev və Baş katib İohan Stoltenberqə təqdim olunduğu bildirilir. Tərəflərin təklifinin rəsmi Bakıya çatdırıldığı deyilir. Plan baş tutsa gələn il Şərqi Avropaya göndəriləcək 29 min ABŞ və NATO hərbi qüvvələrinin və müasir hərbi texnikalarının bir hissəsi Cənubi Qafqazda yerləşdiriləcək. Bu proses təbii ki, bölgə dövlətlərini düşündürür və Cənubi Qafqazda Azərbaycanın mövqeyini əsas götürərək, ona qarşı müxtəlif planlar hazırlanır.

İranın aktivləşməsinin şok pərdəarxası

İranın prosesə aktiv formada qoşulmasına gəlincə, bildirilir ki, İsrailin gərginlik prosesində Azərbaycana olan dəstəyinə və yardım vədinə jest olaraq, rəsmi Bakı İsraildə səfirlik açmaq məsələsini gündəmə gətirib.

İsrailin müharibə başlayacağı halda Azərbaycana hərbi yardım edəcəyi də gələn məlumatlar arasındadır. İsrailin fəallaşmasını nəzərə alan İran tərəfi bunu, rəsmi Təl-Əvivin Azərbaycanda hərbi baza yaratmaq cəhdləri kimi qiymətləndirir.

İrandan gələn məlumatlara görə, cəbhə xəttində vəziyyət gərginləşdikdən sonra İsrailin Azərbaycanla hərbi əlaqələrinin gücləndirilməsi məsələsi Netanyahu hökumətində ilkin dinləmələrdə qəbul edilib. İranın bir sıra siyasi dairələri, Bakının bununla bağlı məlumatlı olduğunu bildirirlər. Tehrana görə, İsrailin İranı mühasirəyə almasının son həlqəsi strateji cəhətdən əlverişli mövqedə yerləşən Azərbaycandır. Qeyd olunur ki, İsrailin Azərbaycanla hərbi əlaqələrinin olması İrana tam nəzarət imkanını əldə etməsi deməkdir. İranın İsrail qorxusunun digər maraqlı tərəfi budur ki, Tehranda yəhudi lobbisinin ABŞ Konqresində Güney Azərbaycan məsələsini gündəmə gətirəcəyinə inanırlar. Özünü sığortalamaq istəyən rəsmi Tehran Rusiya ilə danışıqlara girərək, “Qərb bloku”nun Azərbaycana dair planlarını pozmaq qərarını verib. Xarici işlər nazirləri Sergey Lavrov və Məhəmməd Cavad Zərifin də bu məqsədlə Azərbaycana göndərildikləri vurğulanır.

5 rayon məsələsinin gizlinləri

Rəsmi Moskva ona görə də bölgənin əsas oyunçusu kimi yenidən “Qarabağ kartı”nı işə salıb. Bu dəfə başqa vədlərlə. Əslində bununla Azərbaycana minnət qoymaq məqsədi güdülür. Putinin yeni “Qarabağ planı”na görə məsələ mərhələli həll olunacaq. İlkin olaraq Dağlıq Qarabağətrafı 5 rayon Azərbaycana qaytarılacaq. Növbəti mərhələdə isə Dağlıq Qarabağın aralıq statusunun müəyyən olunması üçün Ermənistan-Azərbaycan formatında danışıqlar başlayacaq. Həmin plana əsasən Rusiya həll prosesinin çox qısa zamanda baş tutacağına hamını inandırmağa çalışır. Rəsmi Bakı isə birmənalı şəkildə Ermənistanın iddialarının əksinə olaraq, Dağlıq Qarabağa “müstəqil dövlət” statusunun verilməsiylə razılaşmır. Bölgəyə yalnız Azərbaycanın suverenliyi daxilində muxtariyyətin verilməsinin mümkünlüyü məsələsi Azərbaycan tərəfindən açıq saxlanılır.

Avrasiya İttifaqı və Gömrük Birliyi gündəmdə

Qeyd olunur ki, həll prosesinin ikinci mərhələsində bölgəyə yalnız Rusiya və İran sülhmərmalılarının yerləşdirilməsi təklifinə rəsmi Bakı rədd cavabı verib və Azərbaycan ərazisində heç bir dövlətə məxsus ordu birləşmələrinin əleyhinədir. Ancaq Türkiyə qüvvələrinin bu statusda ola biləcəyi vurğulanıb. İran tərəfi buna kəskin etiraz etsə də, Rusiya bir qədər loyal davranıb. Məsələ Türkiyəyə də çatdırılıb və rəsmi Ankaradan müsbət cavab verilib. Prosesin ən ilginc tərəfi isə onunla bağlıdır ki, münaqişə həllini tapdıqdan sonra Azərbaycanın Avrasiya İttifaqı və Gömrük Birliyinə qoşulmaq məsələsi müzakirə olunacaq. Rəsmi Bakıdan da bundan əvvəl münaqişə həll olunacağı halda birliklərə qoşulmağın mümkünlüyü diqqətə çatdırılıb. Rusiyanın yüksək rütbəli diplomatlarının gözlənilməz Azərbaycan səfərlərinin digər səbəbi də, münaqişə həllini tapmadan rəsmi Bakıdan razılıq almaqdır. ABŞ və Rusiya arasında çətin dilemma qarşısında qalan Bakının Moskvaya nə cavab verdiyi barədə heç nə deyilmir. Lakin iddialara görə, hakimiyyət Kremlə lazım olan cavabı verməyib və Putin azərbaycanlı həmkarını Rusiyaya dəvət etməsinin səbəbi də bunu geniş müzakirə etməkdir.

Azərbaycana bu lazımdırmı?

Təbii ki yox! Çünki son günlər Rusiyanın təhriki ilə pozulan atəşkəs də göstərdi ki, Azərbaycan hərbi güclə torpaqlarını azad etmək gücündədir. 4 günlük müharibə xalqın və hakimiyyətin Qarabağ məsələsində birgə olduğunu, heç bir siyasi alternativ düşüncənin Qarabağ məsələsində fikir ayrılığının olmadığını göstərdi. Nəticədə cəbhədəki döyüşlərdə Azərbaycan ordusu böyük uğurlar əldə etdi. Strateji nöqtələr bir anda düşməndən azad edildi, Azərbaycanın nəzarətinə keçdi. Bu da onu göstərir ki, qısamüddətli döyüşlərdə belə Azərbaycanın öz torpaqlarını azad etmək əzmində olan ordusu, hərbi potensialı və qələbə əldə etmək üçün istəyi vardır. Ona görə də Rusiya indi yeni vədlər, səfərlər konteksində Azərbaycanı dayandırmaq və öz diqtəsinə uyğunlaşdrımaq istəyir.

Əslində isə son məqsəd nə rayonların qaytarılması, nə də bölgədə sülhün tam mənada bərqərar olması deyil. Rusiyanın münaqişəni gərginlik içində həll etməyinə gəlincə bundan məqsəd ABŞ-ın Cənubi Qafqaza sürətli həmlələrinin qarşısını kəsmək və həll prosesini Rusiya - Azərbaycan formatına keçirməkdir.

“Cümhuriyət”





Həftənin ən çox oxunanları