Yuxarı

2018-ci ilə doğru: AXCP regional konfranslara start verdi

2018-ci ilə doğru: AXCP regional konfranslara start verdi

“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) funksionerlərinin qərb bölgəsinə səfər çərçivəsində Ağstafa və Qazax şöbələri ilə görüş keçirilib. İndiki həssas məqamda partiyamızın Dağlıq Qarabağ münaqişəsinə olan münasibətini və baxışlarını rayon şöbələrimizə çatdırmaqda fayda gördük. AXCP hər zaman müstəqilliyimiz, suverenliyimiz və torpaq bütünlüyümüz üçün döyüşən və şəhid verən partiya olub. Cəbhəçilərimiz üçün bir ovuc vətən torpağı həyatlarından qiymətlidir”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədr müavini Səbuhi Aslanbəyli  partiya funksionerlərinin regionlarda keçirdiyi geniş tərkibli konfranslar haqda məlumat verərkən deyib.

S.Aslanbəylinin vurğulayıb ki, AXCP Dağlıq Qarabağ münaqişəsinin siyasi məqsədlər üçün istifadə olunmasını qəbuledilməz hesab edir:

“Rayon şöbələrimizə bu ismarıcların çatdırılması xeyli faydalı oldu. Bir daha əmin olduq ki, cəbhəçilərimiz üçün şəhid düşmək bir şərəfdir və partiya olaraq da münaqişənin siyasi məqsədlər üçün istifadə olunmaması şərtdir. Rayonlarda şəhidlərin son mənzilə yola salınması mərasimlərinə də qatıldıq və şahid olduq ki, xalqımızın vətənpərvərlik duyğuları yüksəkdir. Hər kəs şəhidliyə bir zirvə kimi baxır. Bu ruhun ölməməsi üçün xalqımızın qələbə əzminin davam etdirilməsi üçün daha çox dövlət qayğısı tələb olunur. Hər bir şəhid ailəsinin bütün sosial və məişət problemi aradan qaldırılarsa, digərlərinin döyüş ruhuna ciddi təsir edər. Qayğı var, amma bu qayğının davamlı olması da şərtdir”.

Sədr müavininin sözlərinə görə, regionlarda müxaliflərin rayonun taleyi ilə bağlı məsələlərdə iştirakı yasaqlanıb. Bu, təəssüf doğuran məsələdir:

“AXCP-nin həm Ağstafa, həm də Qazaxda kifayət qədər güclü rayon şöbələri var. Hər iki şöbədə vətəninə, torpağına sadiq gözəl insanlar toplaşıb. Onlar Azərbaycanın demokratikləşməsi, azad və firavan cəmiyyətin qurulması eşqi ilə yanır və fəaliyyət göstərirlər. Əfsuslar oslun ki, müxalifət və iqtidar arasında anlaşma hələ də yox dərəcəsindədir və müxalifət təmsilçilərinin rayonun taleyi ilə bağlı məsələlərində iştirakı yasaqlanıb. Müxalifət təmsilçilərinə üstdən aşağı baxan icra hakimiyyətləri, bələdiyyələr və digər icra qurumları var. Bu yolverilməzdir və təbii ki, siyasi bölücülük yaratmaqla, ölkənin inkişafına da əngəllər törədir. Çünki yerlərdə kifayət qədər müxalifət təmsilçilərimiz var ki, onlar yerli inkişafa nail olmaqda əvəzsiz xidmət göstərə bilərlər”.

Sonda Səbuhi Aslanbəyli müxalifətçi gənclərin üzləşdiyi bir sıra problemlərə toxunub. Bildirib ki, hakimiyyət yeni iş yerlərinin açılması ilə bağlı daha ciddi addımlar atmalıdır:

“Əfsuslar olsun ki, cəbhəçilərin çoxu işsizdir. Onlar bəzən bir tikə çörəyə möhtac buraxılırlar. Müxalifətçi olmaq hər yerdə dışlanmaq anlamına gəlirsə, bu, hazırki siyasi hakimiyyətin ciddi qüsurudur və bu qüsurun tezliklə aradan qaldırmasında fayda var. Yerlərdə iş yerləri qəhət olub. İnsanların sosial vəziyyəti ağırlaşıb və cəbhəçilərin də həyatına çox ciddi təsir edib. Hakimiyyət iş yerlərinin açılması və istehsal müəssisələrinin yaradılması ilə bağlı daha sürətli addımlar atmalıdır. Bizim AXCP olaraq iqtisadiyyatın müxtəlif sahələri ilə hökumətə təkliflərimiz olub və bu təkliflərin yerlərdə də həyata keçirilməsi üçün AXCP rayon şöbələrimizin prosesə cəlbi vacib zərurətdir. Bütün çətinliklərimizə baxmayaraq partiya quruculuğumuz davam edir. Ağstafa və Qazax şöbəsində də real irəliləyişlər var. İnkişaf perspektivlərini və təklifləri də dinlədik. İnamımız qətidir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası xalqın partiyasıdır və iqtidar olmaq üçün bütün meyarlara hakimdir. Partiya qarşısına qoyduğu hədəfə - 2018-ci ilə doğru irəliləməkdədir”.

Vilayət Muxtar

Cebhe.info





Həftənin ən çox oxunanları