Yuxarı

“Qafqaz Rusiyadan qorunmalıdır”

“Qafqaz  Rusiyadan  qorunmalıdır”

 

Elxan Şahinoğlu: “Qərb imkan verməməlidir ki...”

Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında münasibətlər hər zaman diqqət mərkəzində olub. ABŞ dünyanın superdövlətidir. Və təbii ki, bölgədə öz maraqları üçün müəyyən addımlar atır. Bunun üçün bölgədə strateji dövlət olan Azərbaycanla münasibətləri müəyyən səviyyədə qoruyub saxlamalıdır. Amerikalı iş adamlarının Azərbaycana yatırdıqları böyük investisiyaları nəzərə alsaq, bu münasibətlərin daha da dərinləşməsi üçün çalışırlar. İki dövlət arasında iqtisadi, siyasi əlaqələrində mövcudluğu reallıqdır.

2-5 aprel aralığında Azərbaycan -Ermənistan təmas xəttində baş verən hərbi əməliyyatlardan sonra ABŞ -Azərbaycan münasibətlərinə iki prizmadan yanaşmaq lazımdır. ABŞ-ın vitse-prezidenti Co Bayden təmas xəttində gedən döyüşlərə münasibət bildirərkən, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və Qarabağ probleminin də məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulamışdı. ABŞ-la yanaşı, bir çox Qərb dövlətləri də Azərbaycana müəyyən dəstək ifadə etmişdi. Yuxarıda qeyd etdiyimiz kimi, ABŞ-ın bölgədə milyardlarla dollar dəyərində yatırımları var. Bölgədə müharibə baş verərsə, bu yatırımlar risk altında qalar. ABŞ rəsmiləri də bu riski nəzərə alaraq Qarabağ probleminin sülh yolu ilə həll olunmasının tərəfindədirlər.

Digər tərəfdən isə Azərbaycan Qərbin enerji təhlükəsizliyini təmin edən ölkədir. Və nəzərə alsaq ki, son hadisələr bu münaqişənin heç də dondurulmuş münaqişə olmadığını və istənilən vaxt bölgədə yeni savaşın başlaya biləcəyini sübut etdi. Bu da Qərbin enerji təhlükəsizliyinə müəyyən qədər risk yarada bilər. ABŞ Rusiyanın regional fəaliyyətinin qırılması üçün Qarabağ probleminin həll edilməsinin şərt olduğunu bilir. Bu səbəbdən də ABŞ Azərbaycanla münasibətlərini daha da möhkəmləndirməlidir. Bölgədə söz sahibi olmaq, Rusiyanın hegemonluğuna son qoymaq üçün Azərbaycanla müttəfiq olmaq şərtdir. Bəs hal-hazırda ABŞ- Azərbaycan münasibətləri nə yerdədir?

Politoloq Elxan Şahinoğlu “Cümhuriyət”ə şərhində deyib ki, Amerika-Azərbaycan münasibətlərinin inkişafının özünü çox gözlətməyəcək. Onun sözlərinə görə, prezidentin Amerika səfəri çox önəmli oldu və Amerika rəsmilərinin iki açıqlaması bizim üçün şox vacib idi:

“Azərbaycan prezidentinin Amerika Birləşmiş Ştatlarına səfəri çox önəmli idi. Demək olar ki, bu ilk belə səfər idi. Düzdür, prezident Amerikaya xüsusi dəvət almamışdı, konfransda iştirak etmək üçün getmişdi. Amma 13 ildə ilk dəfə şərait yarandı ki, İlham Əliyev Vaşinqtonda amerikalı rəsmilərlə, konqresmenlərlə, müxtəlif təşkilatların nümayəndələri ilə, nazirlərlə ayrı-ayrılıqda geniş fikir mübadiləsi apardı. Və Amerikada 2 önəmli açıqlama oldu. İlk olaraq Co Bayden bildirdi ki, Amerika Azərbaycanın ərazi bütövlüyünü tanıyır. İkinci açıqlamada isə bildirildi ki, TAP və TANAP layihələrində Amerika Azərbaycana dəstəkdir, əvvəlki təklifləri davam etdirəcək və artıracaq. Bu açıqlamalar bizim üçün çox vacib idi. Son illər iki ölkə arasında müəyyən soyuqluq var idi. Amma təəssüf ki, 2-5 aprel aralığında, cəbhə bölgəsində baş verən gərginlikdən sonra biz Amerikanın fəallığını müşahidə etmədik. Yalnız Amerikanın dövlət katibi Kerrinin Lavrovla telefon danışığı oldu. Ancaq biz istəyərdik ki, Amerika prezidenti Barak Obama da məsələyə münasibət bildirərdi. Necə ki, Rusiya prezidenti fəal oldu, öz nazirlərini Bakıya səfərə göndərdi. Belə bir səfəri Amerikada təşkil edə bilərdi. Amerika rəsmilərindən biri bölgəyə gəlib münaqişənin həllində intensiv danışıqlara da başlaya bilərdi. Ancaq Amerika bu məsələdə passiv qaldı. Bunu Amerika mətbuatı da etiraf etdi. Ancaq buna baxmayaraq, düşünürəm ki, yaxın müddətdə Amerika-Azərbaycan münasibətlərinin inkişafı yenə də özünü göstərəcək. İlk addım kimi də, 12 aprel tarixində prezident İlham Əliyevin Azərbaycan-Amerika iş adamları ilə görüşünü hesab etmək olar. Daha sonra Amerikanın Azərbaycandakı səfiri Sekuta da qeyd etdi ki, biz də iqtisadi münasibətlərin inkişafına və ən əsası iqtisadi islahatların aparılmasına dəstəkdir. Hesab edirəm ki, iki ölkə arasında inkişaf özünü çox gözlətməyəcək”.

Politoloqun fikrincə, Amerika rəsmiləri bölgəyə səfərlərini intensivləşdirməlidir ki, Rusiyanın Cənubi Qafqazda təkbaşına hakim olmasına imkan verilməsin:

“Amerikadan fərqli olaraq cəbhə bölgəsində baş verən son hadisələrdə Rusiya daha çox ön planda oldu. Atəşkəs razılaşması da Rusiyada əldə olundu. Bütün bunlar elə görüntü yaratdı ki, Cənubi Qafqaza Rusiya hakimdir. Ancaq biz bilirik ki, Amerikanın Cənubi Qafqazda öz maraqları var. Deyək ki, 4 gün Amerika passiv oldu. Ancaq bundan sonra Amerika rəsmi səfərləri ilə fəallıq göstərməlidir ki, bölgədə xüsusilə də Azərbaycanda öz maraqları var. Əks halda Rusiya bu maraqlarını daha da genişləndirməyə çalışacaq. Bu isə Azərbaycanın maraqlarına bir o qədər də cavab vermir. Çünki Rusiya Ermənistanla hərbi müttəfiqdir. Buna görə də nəinki Amerika, Avropa İttifaqı da fəal olmalıdır ki, Cənubi Qafqazı Rusiyadan qorusunlar. Rusiyanın təkbaşına Cənubi Qafqaza hakim olmasına imkan verməsinlər. Baş verən hadisələrdən sonra Amerika və Avropa İttifaqının Azərbaycana rəsmi səfərlərinin və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı intensiv işlərin aparılması vacibdir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları