Yuxarı

“Özlərini Moskvanın bir əyaləti kimi aparmağa başlayıblar”

“Özlərini Moskvanın bir əyaləti kimi aparmağa başlayıblar”

[caption id="attachment_432" align="alignleft" width="232"]Əhməd Oruc Əhməd Oruc: “Biz meydanları boş buraxmayacağıq ki,  kommunistlərin nəvə- nəticələri Moskvaya “ləbbeyk” deyən rejim qursunlar”[/caption] Seçki yaxınlaşdıqca siyasi partiyalar da fəallıq göstərməyə çalışırlar. Namizədlərin əksəriyyəti artıq imzatoplama kampaniyasına başlayıblar. Siyasi fəallıq hiss olunmasa da namizəd olmaq istəyənlər çoxdur. “Cumhuriyyət”in  suallarını Azadlıq Partiyasının sədri, namizədliyi “Azadlıq-2015” bloku tərəfindən irəli sürülən Əhməd Oruc cavablandırdı: - Seçkiyə hazırlıq prosesi davam edir. Dairələrdə bir sıra namizədlərimizə problemlər yaradılır. Yerli icra strukturları təzyiq edirlər ki, “Azadlıq-2015” blokunun namizədlərinin öz namizədliklərini geri götürsünlər.   - Necə düşünürsünüz, bu seçkilər əvvəlkilərlə müqayisədə nə ilə fərqlənəcək? - Proses onu göstərir ki, heç bir fərq yoxdur. Tam əminliklə demək olar ki, bu seçki prosesinin özü də fərqli olmayacaq. Həm atmosfer, həm də yerli seçki komissiyalarındakı vəziyyət əvvəlki kimidir. Əksinə bir az da cəmiyyətdə seçkilərə qəribə bir münasibət yaranıb. Əvvəllər heç olmasa seçkilərə maraq var idi, indi bu da yoxdur.  İmzatoplama prosesi də çox ağır gedir. Hətta bizi tanıyan insanlar belə bu seçkidə iştirakın mənasız olduğunu bildirilər. Hətta bizim imzatoplayanlara “ay bala, niyə əziyyət çəkirsiz, cavan uşaqsız, gedin normal, ciddi işlərlə məşğul olun” kimi ifadələr deyilir. Hətta bildirirlər ki, “seçilən seçilib, seçki də bitib”.   - Boykot taktikası seçən partiyalar da var və onlar sadaladığınız faktları əsas gətirərək bu addımı atdıqlarını deyirlər. Son günlər ADP də bu sıraya qoşuldu. Sizin prosesin gedişində boykota üstünlük vermə ehtimalınız varmı? - Prinsipcə biz, hesab edirik ki, boykot taktikası seçən və seçkidə iştirak etməyən partiyaların çox ciddi əsasları var. Həqiqətən də ölkədə nə seçki mühiti ilə bağlı ciddi dəyişikliklər baş vermədi, nə də təbliğat kampaniyası aparmaq üçün şərait yoxdur. Əhalinin böyük əksəriyyəti, bəlkə də 90 faizi bu seşkidə iştirak etmək niyyətində deyil. Təbii ki, seçkiləri boykot edənlərin arqumentləri var. Amma tutaq ki, seçkilərə qatılmayaq, bunun nəticəsi nə olacaq? Yəni bimənalı şəkildə Azərbaycanda avtoritarizm bərqərar olur? Siyasi partiyalar birdəfəlik siyasi meydandan çəkilirlərmi? Bu cür suallar var. Amma ən azı siyasi partiyalar cəmiyyətə öz mövqelərini təqdim etmək, cəmiyyətdə olan xofun aradan götürülməsi, insanlara fikirlərimizi çatdırmaq üçün alternativ rol olduğunu nəzərə alaraq hələlik seçkidə iştirakla bağlı qərarlıyıq. Sonrakı mərhələdə görsək ki, bu siyasi mübarizənin ümumiyyətlə əhəmiyyəti yoxdur, onda alternativ variant düşünə bilərik. Yeni Azərbaycan Partiyasının namizədlərinin Araz aşığından, Kür topuğundandır, Avropaya müharibə elan edilib, özlərini birmənalı şəkildə Moskvanın bir əyaləti kimi aparmağa başlayıblar. Biz, Milli Azadlıq Hərəkatından gələn insanlarıq, ömrümüzü Azərbaycan milli hökumətinin qurulmasına sərf etmişik. Ona görə də biz, meydanları boş buraxıb kimlərəsə asanlıqla təslim olmayacağıq ki, kommunistlərin nəvə- nəticələri Moskvaya “ləbbeyk” deyən rejim qursunlar. Biz, istəyirik ki, hakimiyyət də bunu  dərk etsin.   -Yeri gəlmişkən ATƏT də seçkilərə müşahidəçi göndərməyəcəyini açıqlayıb... - Mənim üçün ATƏT-in və Avropa Şurasının seçkilərdə müşahidəçi göndərmyəcəyi, bundan imtina etməsinin müəyyən qədər əhəmiyyəti var, müəyyən qədər də yox. Onların formal olaraq ortaya qoyduğu prinsiplər, yəni Azərbaycandakı vəziyyət, siyasi məhbuslar, normal seçki mühitinin olmaması kimi tələblərinin hamısı doğrudur. Amma o da faktdır ki, ATƏT və ya Avropa Şurası seçkiəri antidemokratik olduğuna görə boykot etmirlər. Burada Avropa İttifaqının əsas aparıcı dövlətləri Almaniya və Fransanın maraqları təmin olunmadığına görə, onlar bu metodlarla Azərbaycana təzyiq edirlər. Əgər onlar Azərbaycanda demokratik seçkilərin keçirilməsində maraqlı olsaydı, ötən 5 il ərzində hansısa addımlar atardılar. Ən azı hakimiyyətlə danışıqlar aparar, dialoq qurardılar və sair. Yəni yalnız seçki ərəfəsində atılan addımlar onların demokratiyanın bərqərar olmasında deyil, saxta seçkilərdə maraqlı olduğu faktını ortaya qoyur. İkincisi ATƏT-in, Avropa Şurasının, Amerikanın müşahidə etdiyi seçkilərdən sonra Azərbaycan get-gedə daha da antidemokratik olub. Bilirsiniz ki, 1991-92-ci illərdə bir sıra əqidə yoldaşlarımızın parlamentə düşməsinə nail olduq, mübarizə apara bildik. Ondan sonrakı seçkilərdə, yəni Qərb müşahidəyə başlayandan sonra Azərbaycan hakimiyyətiu ilə Qərbin böyük alveri başladı. Hamı bilir ki, Azərbaycanda dairələrdə məntəqlərdə səslər sayılmır, kimə neçə faiz istəsələr yazırlar. Camaatın gəlib kimə səs verməsini heç bir əhəmiyyəti yoxdur.   - Son günlər mətbuatda belə  bir məlumat yayılıb ki, partiya sədrləri Prezident Administrasiyasına dəvət olunur və onlarla hansı dairədən namizəd olmaları ilə bağlı məsləhətləşmələr aparılır.  Sizin də bu mövzuda təmaslarınız varmı? - Açığı mən, Prezident Administrasiyasına dəvət olunmamışam. Belə bir informasiyam da yoxdur. Bilirsiniz ki, biz, hakimiyyətlə dialoq mühitindəyik. “Azadlıq-2015” blokunda da bu fikrin əsas dəstəkləyicilərindən biriyik. Görünür ki, bizim opponentlərimizin dediyi fikirlər bizim söylədiklərimizdən daha həqiqətə yaxındır. Yəni indiki kommunistyönümlü, rusiyayönümlü, despotizmə meylli olan bu rejimlə dialoq aparılması yalnız imitasiya xarakterli olar. Onlara lazım olanda siyasi partiyalardan və digər məsələlərdən yararlanırlar, bu da cəmiyyətdə müəyyən rəy yaranmasına xidmət edir. Amma reallıqda Azərbaycanda normal cəmiyyətiun qurulmasında maraqlı deyillər. Onlar öz hakimiyyətinin və ciblərinin hayındadırlar. Bunun da Azərbaycana yaxşı nəyisə vəd etdiyini düşünmürəm. Cavad    





Həftənin ən çox oxunanları