Yuxarı

Beş rayon qaytarılsa...

Beş rayon qaytarılsa...

Türkiyə sərhədləri aça bilər

Elşən Manafov: “Bu, Ermənistanın dirçəlməsinə səbəb olacaq”

Dağlıq Qarabağ probleminin həllinə dair irəli sürülən son təkliflər münaqişənin həlli prosesi ilə bağlı bir sıra suallar yaradıb. Bunlardan biri də 5 rayonun Azərbaycana qaytarılacağı təqdirdə, Ermənistan-Türkiyə münasibətlərinin gələcək siyasi perspektivi məsələsidir. Təbii ki, bu gün Ermənistan real olaraq ətraf rayonları qaytarmağa hazır görünmür. Hətta Dağlıq Qarabağın ətrafındakı ərazilərin Azərbaycana qaytarılması ideyasına rəsmi İrəvan danışıqların dayandırılması və hərbi əməliyyatların yenidən başlanması ilə cavab verir. Bütün bunlara baxmayaraq, həm “Madrid prinsipləri”, həm də “Kazan formulu” üzrə irəli sürülən təkliflərin müzakirəsi dayandırılmayıb. Bu səbəbdən sözügedən prinsiplərin Azərbaycan üçün faydalı və faydasız tərəfləri hələlik nəzəri cəhətdən analiz edilir.

Ermənistan 5 rayonu istər “Madrid prinsipləri”, istərsə də “Kazan formulu” əsasında Azərbaycana qaytararsa, sərhədlərin açılması və kommunikasiyaların bərpası şərtini gündəmə gətirəcək. Əslində, bu, Ermənistanın tələbi yox, həmin təkliflər paketində əksini tapmış bəndlərdən biridir. Ona görə də 5 rayonun qaytarılması Türkiyə ilə sərhədlərin açılmasına yol aça bilər. Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Türkiyənin baş naziri olanda Ermənistana “Siz heç olmasa, iki rayonu Azərbaycana qaytarın, biz sərhədləri açmağa hazırıq”-deyə xəbərdarlıq etmişdi. Bu baxımdan, 5 rayonun Azərbaycan işğaldan azad edilərsə, Türkiyə böyük ehtimalla sərhədlərin açılmasına razılıq verə bilər. Bu məsələnin müsbət və mənfi nəticələrinə dair müxtəlif yanaşmalar var. Bəzi ekspertlərin fikrincə, Ermənistanın blokada şəraitindən çıxması sülhyaratma prosesinin sonrakı mərhələlərində ciddi problemlər yarada bilər. Ermənistan Laçın rayonunun qalan hissəsini və Kəlbəcər rayonunun qaytarılması üzrə danışıqlardan yayına bilər. Həmçinin, Azərbaycan Dağlıq Qarabağın hüquqi statusunun müəyyənləşməsi üzrə üçüncü mərhələdə təsir imkanlarını itirər. Ermənistanın blokada şəraitindən çıxması regional layihələrə qoşulmasına zəmin yaratmış olar ki, bu da münaqişə ətrafındakı geosiyasi prosesin İrəvanın xeyrinə dəyişməsi deməkdir. Qeyd edilən təhlükənin qarşısını almağın yeganə yolu Azərbaycanın və Türkiyənin münaqişənin həllinə dair gələcək “yol xəritəsi”ndə nəzərdə tutulan mərhələlər başa çatana qədər sərhədləri açmamasıdır.

Digər proqnozlara görə, Türkiyənin Ermənistanla barışması geosiyasi baxımdan müsbət nəticələr də doğura bilər. Belə ki, sərhədlərin açılmasından sonra Türkiyə kapitalının zəifləmiş Ermənistan iqtisadiyyana axını bu ölkənin Rusiyanın asılılığından çıxarılmasına təkan vermiş olar. Bu isə Ermənistanın Türkiyənin geosiyasi təsir dairəsinə düşməsinə və münaqişənin Azərbaycanın maraqlarına uyğun həllinə kömək edə bilər.

Politoloq Elşən Manafov hesab edir ki, Ermənistanın danışıqlardan imtina etməsinə qarşı ATƏT-in Minsk Qrupu dövlətləri güclü təzyiq göstərməsə, rəsmi İrəvan qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edəcək. Ekspertin fikrincə, erməni tərəfinin bu mövqeyi Rusiya ilə razılaşdırılıb: “Aprelin əvvəllərində cəbhə xəttində baş vermiş şiddətli döyüşlərdə Ermənistanın ciddi itkilər verməsindən sonra Rusiya status-kvonun dəyişməsindən çox narahatlıq keçirdi. Bu dəfə Rusiyanın vasitəçiliyi ilə tərəflər atəşkəs haqqında razılaşma əldə etdilər. Halbuki bu öhdəliklər 1994-cü ildə Bişkek protokolunun imzalanması zamanı götürülmüşdü. Sadəcə olaraq, Azərbaycanın mövqeyi bundan ibarət oldu ki, Ermənistana düşünmək üçün vaxt verilir. Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun irəli sürdüyü prinsiplər əsasında həlli təklif edilir. “Lavrov prinsipləri” ATƏT-in Minsk Qrupunun irəli sürdüyü “Madrid prinsipləri”nin yenilənmiş variantıdır. Burada da 5 rayonun Azərbaycana qaytarılması, daha sonra Kəlbəcər və Laçın rayonlarından Ermənistan qoşunlarının çıxarılması və yekun mərhələdə Dağlıq Qarabağın statususnun müəyyənləşməsi ilə bağlı məsləyə aydınlıq gətiriləcək ki, burada da erməni tərəfi ilə Azərbaycan tərəfinin mövqeləri kifayət qədər fərqlənir. Prezident Sarkisyanın son açıqlaması da göstərir ki, Ermənistan 2011-ci ildə 5 rayonun qaytarılmasına razılıq vermişdi. Lakin Ermənistanın Dağlıq Qarabağın statusu ilə bağlı referendumun keçirilməsi təklifi bütün hallarda Azərbaycanın maraqlarına cavab vermir. Daha bir fərqli məqam Rusiya sülhməramlı qüvvələrinin münaqişə bölgəsinə yerləşdirilməsi ilə bağlıdır. Ümumiyyətlə, sülhməramlılar Azərbaycanla Dağlıq Qarabağ arasında deyil, Azərbaycanla Ermənistan arasında yerləşdirilə bilər.

Əks təqdirdə, bu Azərbaycan dövlətçiliyi üçün təhlükə doğura bilər. O ki qaldı Türkiyənin mövqeyinə, rəsmi Ankara bəyan edir ki, Ermənistan iki rayonu boşaldarsa, diplomatik münasibətləri bərpa etməyə və sərhədləri açmağa hazırdır. 4 il bundan əvvəl Ərdoğan iqtidarı Qərbin təzyiqi ilə Sürix protokollarını imzaladı və sərhədləri açmağa hazır idi. Sadəcə olaraq, Azərbaycan rəhbərliyinin o zaman qətiyyətli mövqeyi sayəsində Ərdoğan iqtidarını geri çəkilməyə vadar etdi. Rəsmi Bakı bildirdi ki, əgər Türkiyə Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərindən kənara çıxarsa, Azərbaycan da Türkiyəyə qazı və nefti dünya bazarlarına uyğun qiymətlərə satacaq. Nəticədə Azərbaycan iqtidarının sərt və birmənalı mövqeyi Türkiyə rəhbərliyini geri çəkilməyə vadar etdi. Ərdoğan iqtidarının xarici siyasətində təzadlı məqamlar var. Prezident Ərdoğan nədənsə Cənubi Qafqazda, Dağlıq Qarabağ problemi ilə bağlı hərbi ritorikaya üstünlük verir. Həm Ərdoğanın, həm də baş nazir Davudoğlunun aprel ayındakı hərbi əməliyyatlarla bağlı bəyanatları sərt və hərbi ritorikalı idi. Bu, onu göstərir ki, Ərdoğan Cənubi Qafqazda vəziyyətin gərginləşməsində maraqlıdır və ABŞ-ın, NATO-nunsifarişi ilə Rusiyanı daha bir münaqişəyə cəlb etmək istəyirlər. Bu münaqişə isə Azərbaycana lazım deyil. Çünki bulanıq suda balıq tutmaq həvəsində olan Birləşmiş Ştatların təcrübədə sınaqdan çıxarılmış “İdarə olunan xaos” nəzəriyyəsi var ki, onu da Ərdoğan iqtidarının əli ilə həyata keçirmək istəyirlər. Ermənistanın Türkiyəyə ərazi iddiasından əl çəkmədiyi indiki dövrdə Ankaranın Ermənistana güzəştə getmək istəməsi güman ki, Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda ABŞ-ın dəstəyini qazanmaq istəyindən irəli gəlir. Türkiyənin sərhədləri açması Ermənistanın blokadan çıxmasına və iqtisadi cəhətdən dirçəlməsinə səbəb ola bilər. Yəni Türkiyənin açdığı dəhliz Ermənistanı iqtisadi blokadadan qurtara bilər. Bundan sonra Azərbaycanın Ermənistana təsir etməsi müşkülə çevriləcək”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları