Yuxarı

İlqar Məmmədov bu gün azad edilə bilər

İlqar Məmmədov bu gün azad edilə bilər

REAL sədri İlqar Məmmədovun və Müsavat başqan müavini Tofiq Yaqublunun işi üzrə məhkəmə qərarı aprelin 29-da elan olunacaq.

Cebhe.info-nun məlumatına görə, bu barədə Tofiq Yaqublu bildirib.

Tofiq Yaqublunun sözlərinə görə, Şəki Apellyasiya Məhkəməsindən artıq zəng edilib: “Məhkəmə sabah saat 17-də keçiriləcək”. Tofiq Yaqublu məhkəmədə iştirak edəcəyini də vurğulayıb.

Məlumat üçün bildirək ki, aprelin 22-də keçirilən prosesdə qərarın elan edilməsi təxirə salınmışdı.

Xatırladaq ki, Tofiq Yaqublu və İlqar Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. Müdafiə tərəfi qərardan kassasiya şikayəti verib və onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılmasını istəyib. Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib.

Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov və Tofiq Yaqublu barəsindəki qərarı ləğv edilib, işə yenidən baxılması üçün həmin məhkəmə orqanına qaytarılıb.

Qeyd edək ki, Tofiq Yaqublu Novruz bayramı ərəfəsində prezidentin imzaladığı əfv sərəncamına ilə azadlığa buraxılıb, lakin bəraət üçün tələbini geri götürməyib.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları