Yuxarı

AXCP sədri: “Ümidimizi xalqa bağlayaq”

AXCP sədri: “Ümidimizi xalqa bağlayaq”

“Azərbaycan mediasında da ABŞ-dakı seçkilər izlənilsə də, diqqəti cəlb edən başqa məqam da var. Azərbaycanın müxalifət partiyaları ABŞ-dakı prezident seçkilərinə bundan əvvəllər keçirilmiş seçkilərlə müqayisədə çox az maraq göstərir. Əvvəllər, müxalifət düşərgəsində bu prosesə çox ciddi maraq olardı. İndi isə bu maraq yoxdur. Doğrudan da, Amerikada keçirilən prezident seçkilərinin Azərbaycanda keçirilən prezident seçkiləri qədər önəmi olurdu. Hər kəs bundan yazır və bundan danışardı. Amma qeyd etməliyəm ki, ABŞ-da prezident seçkilərini yaxından izləyirəm və hər gün bu haqda bir neçə yerli və xarici mənbələrdən oxuyuram”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev bildirib.Partiya sədrinin sözlərinə görə, bu barədə danışmamağımızın bir neçə səbəbi vardır:

“Birinci səbəb odur ki, hələ konkret namizədlər müəyyən edilməyib. Respublikaçılar və demokratlar iyun ayında namizədlərini qəti edəndən sonra, yəqin ki, biz siyasətçilər də "seçim"imizi edəcəyik. Aşkardır ki, respublikaçılardan Donald Tramp, demokratlardan isə Hillari Klinton favoritdir. Amma çıxmayan cana ümid çoxdur. İyunu gözləyək və ondan sonra fikrimizi deyərik. İkinci səbəb isə, prezident seçkilərində iştirak edən favorit namizədlərin ABŞ-ın daxili siyasətinə və eyni zamanda geopolitik məsələlərə daha çox yer ayırmasıdır. Onların gündəmində Azərbaycan müxaifətini maraqlandıracaq məqamlar yoxdur. Əgər onlar demokratik inkişaf, ölkələrə azadlıq, rejimlərin dəyişdirilməsi və Amerikanın demokratiya, azad seçki mübarizəsi aparanların yanında olduğunu söyləsəydilər, yəqin ki, diqqətimizi çəkərdilər.

Onlar isə hələ ki, bir-birlərinin paxırlarını açmaqla, müsəlman dünyası ilə bağlı açıqlamalarla, Rusiyanı yıxıb-sürüməklə, Amerikanı daha böyük etməklə və Suriya ilə bağlı məsələlərlə gündəmdədirlər. Azərbaycan müxalifəti üçün o qədər də vacib məqamlar sayıla bilməz. Üçüncü səbəb isə, favorit namizədləri daha yaxından tanımağımızdır. Donald Trampın Bakıdakı obyekti "lenti kəsilməmiş" qalıb. Qalmaqallarla gündəmdə olur və onun əsas qayəsi Amerikanı supergücə çevirməkdir. Bu baxımdan Donald Trampın Azərbaycanın siyasi elitası ilə yaxın münasibətlər qurması qaçılmazdır. Zatən respublikaçılar hər zaman siyasi iqtidarları dəstəkləyirlər. Hillari Klintona gəldikdə isə, o artıq bir neçə dəfə hakimiyyətdə olub. Birinci xanım və ABŞ-ın Dövlət Katibi. Həmin zamanlarda Azərbaycanla bağlı müəyyən işlər görüb, ölkəmizdə səfərdə olub. Amma, Azərbaycan müxalifəti onu "dişli" xanım kimi tanımır. O, prezident olarsa, Azərbaycanın siyasi hakimiyyəti ilə əlaqələri kəsmək və onları devirmək kimi niyyəti yoxdur. Bu da əsas verir ki, biz müxalifət olaraq böyük xəyallar qurmayaq və ümidimizi okeanın o tayına yox, elə ətrafımızda olan xalqımıza bağlayaq”.

 





Həftənin ən çox oxunanları