Yuxarı

Əli Kərimlinin “çay diplomatiyası”

Əli Kərimlinin “çay diplomatiyası”

“Yurd” Müsavatı Milli Şuraya qaytarmaq istəyir”

Ehtiram Mehtiyev: “Onları cəmiyyəti aldatmamağa və səmimi olmağa çağırıram”

“Yurd” və Müsavat Partiyası münasibətləri qaydasına salmaq üçün hərəkətə keçib. Razılaşma bu yöndə Müsavat başqanı Arif Hacılıdan tapışırıq alan müavini Tofiq Yaqublunun təşəbbüsüylə baş tutub. Bu, Tofiq Yaqublunun mayın 8-də çay süfrəsi arxasında “Yurd” sədrinin müavini Gözəl Bayramlı ilə keçirilən görüşündə məsələ razılaşdırılıb. Təşkilatlar arasında uzun zamandır ki, davam edən “soyuq savaş”ı dayandıran “çay diplomatiyası”nın pərdəarxası məqamları da var.

Gələn məlumatlara görə, əslində, tərəflərin birlik axtarmaq təklifi Müsavat rəhbərliyindən yox, “Yurd” sədri Əli Kərimlidən gəlib. Əli Kərimli isə yaxın dostluq münasibəti olan Tofiq Yaqublunu Arif Hacılı ilə aralarında minnətçi salıb.

Tərəflər arasında razılaşdırılmış ortaq plana əsasən, “Yurd” və Müsavat yeni formatda ortaya çıxmağa hazırlaşır. Belə ki, “Yurd” rəhbərliyi Müsavatın yenidən Milli Şuraya qaytarılması yollarını axtarmağa başlayıb. Arif Hacılı Əli Kərimli tərəfindən olan təklifi müakirə edə biləcəklərini bildirib. Gələn məlumatlara görə, A.Hacılı Milli Şuraya qayıtmağa isti münasibəti olsa da, o, sabiq başqan İsa Qəmbərin birmənalı olmayan cavabıyla qarşılaşıb. Hal-hazırda İ.Qəmbərlə müzakirə olunan məsələnin yaxın vaxtlarda həll olunacağı gözlənilir.

“Çay diplomatiyası”nın pərdəarxası

“Yurd” və Müsavatın yenidən müttəfiq olmaq cəhdləri təsadüf deyil. AXCP-nin hüquqi təmsilçiliyini itirdikdən sonra Əli Kərimli siyasi gündəmdən düşdü. Ədliyyə Nazirliyi və məhkəmə instansiyaları partiyadaxili nizamnaməni və ölkə qanunvericiliyini pozan Əli Kərimlini AXCP sədri kimi tanımaqdan imtina etdi. Paralel olaraq, Müsavatın parçalanması və Əli Kərimlinin uzun illər öz təsirində saxladığı partiyadan məhrum olması fonunda, yeni müxalifət özünü gücləndirdi.

Yeni siyasi güc kimi ortaya çıxan Razi Nurullayevin rəhbərliyindəki AXCP, REAL Hərəkatı, “Ağ Blok” və ADR Hərəkatı ənənəvi müxalifəti sıxışdırdı. Bu fonda “Yurd” və Müsavatın yaxınlaşmaq, müttəfiqlik sazişi imzalamaq cəhdləri də cəmiyyət arasında itirilmiş nüfuzun kompensasiyası kimi qəbul olunur. Hər gün Müsavatın qərar-gahına istefa ərizələri göndərilir. Məsələnin maraqlı tərəfi parçalanmış Müsavatdan qopmaların davam etməsi yox, istefaya gedənlərin ya Qubad İbadoğlu (ADR Hərəkatı), ya da Tural Abbaslının (“Ağ Blok”) rəhbərliyindəki qurumlara üz tutmalarıdır.

Arif Hacılı da prosesin qabağını kəsmək üçün İsa Qəmbər qarşısında “Yurd” sədrinin təklifini əlavə şans kimi dəyərləndirib. Əli Kərimli isə Arif Haclıdan fərqli olaraq, partiya sədri deyil. Vaxtilə rəhbərlik etdiyi AXCP 2015-ci ildə rayon təşkilatları və elektoratı ilə əsaslı şəkildə ondan imtina etdi. Məhkəmə və Ədliyyə Nazirliyinin də onun iddialarını təmin etmədiyini nəzərə alsaq, “Yurd” sədri özünü parçalanmış Müsavatla gündəmdə diriltmək istəyir. “Mehriban düşmən”ini də Milli Şuraya qatmaq bundan irəli gəlir.

Birlik baş tuta bilər?

Əli Kərimli Müsavatla aralarındakı buzları əritməklə iki məqsədə nail olmaq istəyir. Birincisi, dağılmış Milli Şuranı yenidən fəallaşdırmaqdırsa, ikincisi AXCP-yə olan iddialarında özünə real dəstək təmin etməkdir. AXCP-nin əldən çıxmasıyla gücünü tamamilə itirmiş keçmiş sədr Müsavatın azsaylı elektoratına və özündən fərqli olaraq, nüfuzunu az da olsa, qoruyub saxlaya bilmiş rəqibinə ümid etsə də, birliyin baş tutacağı inandırıcı deyil. Bu, əzəli rəqiblərin aralarındakı şəxsi ədavətlə bağlıdır. Bəllidir ki, Əli Kərimli və İsa Qəmbər arasında uzun illər həll olunmayan münaqişə var. Bu özünü həmişə seçki proseslərindən əvvəl qurulmuş birliklərdə də göstərib. Milli Şura və bundan əvvəl qurulmuş blokların “Azadlıq”, “İctimai Palata” və s.) hamısı Əli Kərimli və İsa Qəmbər arasındakı şəxsi ədavətin qurbanına çevriliblər və dağılıblar.

Doğrudur, İsa Qəmbər Müsavat başqanı deyil, amma onun öz postundan getdikdən sonra hələ də başqan kabinetində oturması, Arif Hacılının onun diqtəsilə yol xəritəsini cızdığı ehtimal yox, faktdır. Buna görə də, indiyədək uğursuzluq sindormunu nəzərə alsaq, Müsavatın “Yurd”la müttəfiq ol biləcəyi ehtimalı sıfırın altındadır. Müsavat rəhbərliyinin də buna gedəcəyi inandırıcı deyil. Bu, sadəcə, dostu Əli Kərimlinin istəyi üzərindən Tofiq Yaqublunun təşəbbüsdür. Yəni “siyasi meyit”ə çevrilmiş “Yurd” sədri sönmüş ocağın külü içərisində köz axtarır.

“Baş tutmayacaq”

AXCP sədrinin müavini Ehtiram Mehdiyev “Cümhuriyət”ə bildirib ki, hələ 1992-ci ildə Müsavatla Əli Kərimli arasında münasibətlər gərgin olub. E.Mehdiyevin sözlərinə görə, həmin dövrlərdə İsa Qəmbər müvəqqəti prezident səlahiyyətini yerinə yetirəndə, faktiki olaraq ətrafına və ayrı-ayrı vəzifələrə öz tərəfdarlarını gətirirdi:

“Əbülfəz Elçibəy prezident seçiləndən sonra İsa Qəmbərin təyin etdiyi adamların çoxunu işdən azad etdi. Hələ o dövrdən bu münasibətlər düzgün müstəvidə davam etməyib. Müəyyən zamanlarda, ən çox da seçki ərəfələrində bu münasibətlər nəzəri olaraq, birlik xarakteri daşısa da, içlərində bir-birilərini didməklə məşğul olublar. Bu da onu göstərir ki, onların şəxsi ambisiyaları birləşməyə imkan vermir. Müsavat Milli Şuradan istefa verdikdən sonra “Yurd” sədri Əli Kərimli ilə arasında qarşılıqlı ittihamlar pik həddə çatdı. Hətta Kərimli tərəfdarları Müsavata qarşı “səlib yürüşləri”nə başladılar. Bu istefadan sonra isə hər iki tərəf müttəfiqlikdən imtina da etdilər. Əgər bunlar ümumxalq maraqları uğrunda mübarizə aparırlarsa, niyə birləşib sonra ayrılırlar?”

AXCP yetkilisi hesab edir ki, yeni birləşmək cəhdləri də fiaskoya uğrayacaq:

“Çünki bu münasibətlər heç vaxt səmimi olmayıb. Şahidi olmuşuq ki, onlar biri-birilərinin əleyhinə kifayət qədər kompromat səsləndiriblər. Düşüncəm belədir ki, müttəfiq partiyalar arasında münasibətlər şəxsi ambisiyalardan uzaq olmalı, kimlərinsə hislərinə, duyğularına, əhval-ruhiyyəsinə uyğun olaraq yox, rəsmi sənədlər əsasında tənzimlənməlidir. Hər iki tərəfi cəmiyyəti aldatmamağa və səmimi olmağa çağırıram”.

Mənsur





Həftənin ən çox oxunanları