Yuxarı

Razi Nurullayev: “Prezident güclü baş nazir istəməz”

Razi Nurullayev: “Prezident güclü baş nazir istəməz”

“Bir çox adamlarda, hətta siyasətçilərdə də belə fikir var ki, prezidentin islahatlar paketində baş nazirin dəyişdirilməsi də olmalıdır. Baş nazir dəyişməsə, heç bir islahatın xeyri olmayacaq. Açığı, çox zaman bu cür fikirləri oxuyanda gülməyim gəlir. Həm də Azərbaycanda ciddi siyasi biliyi olan və ölkənin ictimai-siyasi həyatında fəal olan adamların bu cür düşünməsi acınacaqlı haldır. Axı, Azərbaycanda güclü baş nazirin olması kimə sərf edir? Bu məgər YAP-a sərf edir? Məgər, bu, şəxsən prezident İlham Əliyevə sərf edirmi? Birmənalı olaraq xeyr!”

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev deyib.

Partiya sədrinin sözlərinə görə, Azərbaycan prezident üsuli-idarəsi olan bir respublikadır və son söz hər zaman prezidentindir:

“Prezident də heç zaman istəməz ki, hər hansı bir iddialı fiqur ölkənin ikinci postuna otursun və onun göstərişlərini təftiş etsin. Kim buna razı olar? Məgər Azərbaycan Amerikadır, yoxsa Yaponiya? Bizdə güclü baş nazir ola bilərmi? Belə nazir bir ildən sonra qalan ömrünü ya həbsxanada, ya da mühacirətdə keçirər. Hələ 16-cı əsrdə Osmanlı İmperyasının ən qüdrətli hökmdarı olan Sultan Süleyman onun qüdrətini kölgələyən vəziri Parqalı İbrahimi yatdığı yerdə boğdurmuşdu. Məsələ yalnız ölkənin birinci şəxsinin öz qüdrətini kölgədən qorumaq məsələsində də deyil. Düşüncəmə görə, güclü baş nazir ölkəmiz üçün xeyirli olmaya da bilər. Əslində, bu komandalaşma, ittifaqlaşma və dövlət içində dövlət yaratma anlamına gəlir. Bu baxımdan Azərbaycan üçün bu, sərfəli variant deyil. Baş nazir əslində, yaxşı təsərrüfatçı və iddiasız adam olmalıdır. Yəni, Azərbaycanın hazırki durumu və statusu üçün baş nazirin belə olması məqbuldur. Əks halda, başını çiyinləri üzərində saxlaya bilməz. Bir məqamı da vurğulamaq yerinə düşər. Baş nazirin kim olması həqiqəti dəyişdirə bilməz. Baş nazir də Azərbaycan siyasətində icraçıdır. Göstərişlər prezident tərəfindən gəlir və yerinə yetirilir. Baş nazir birinci şəxsdən gələn göstərişləri ünvanlarına çatdırır. Baş nazir istəsə də güclü ola bilməz. Güclü olmaq istəyərsə, Parqalı İbrahimin taleyini yaşamaq riski ilə üzbəüz qala bilər. Bu dediklərimin yekunu olaraq demək istəyirəm ki, Artur Rəsizadə siyasi hakimiyyət üçün kifayət qədər uğurlu şəxsdir və prezident onu kreslosundan ayrımaq niyyətinə düşməz. Bu o zaman baş verər ki, Artur müəllim sağlamlıq baxımından vəzifəsini icra edə bilməsin. O isə, maşallah buz baltası kimidir”.





Həftənin ən çox oxunanları