Yuxarı

Razi Nurullayev: “Qarabağ Səmranın dekoltesinin arxasında qaldı”

Razi Nurullayev: “Qarabağ Səmranın dekoltesinin arxasında qaldı”

“Səmra Rəhimlinin “Avroviziya” yarışması üçün getdiyi İsveçdə bizim soydaşlarımızın gözündə soyunması ölkənin gündəmini zəbt edib. Qadınlar çömçəsini, kişilər yumruğunu büküb qızcığazın üzərinə hücum çəkirlər. Hücum o qədər güclüdür ki, Səmranın arxasında dayanan güclər belə onu müdafiə etməkdən qorxurlar. Çünki Səmranın açıq-saçıq geyimi Dağlıq Qarabağ münaqişəsi barədə ciddi müzakirələrin getdiyi vaxt gözlərə soxuldu”.

Cebhe.info xəbər verir ki, bu sözləri AXCP sədri Razı Nurullayev Səmra Rəhimlinin müdafiəsinə yönələn statusunda qeyd deyib.

Onun sözlərinə görə, bütün bu hücumlara baxmayaraq, Səmra Rəhimli yarışmanın qalibi olsa, hamı onun şəklini profil şəkli edəcək: “Hər kəs onun soyunmasına haqq qazandıracaq. Allahdan arzu edirəm ki, Səmra qalib olsun, həm Azərbaycanı sevindirsin, həm də bu “ləkə”ni üzərindən silsin. Səmranın geyim seçiminin üzərindən səthi keçilmədi, halbuki keçmək mümkün idi. Görünür, hansısa usta əllər məqsədləri üçün iş başındadırlar. Amma məsələ bu deyil ki, Qarabağ Səmranın dekoltesinin arxasında qaldı. Məsələ o idi ki, cəmiyyət yenə də beldən aşağı düşünür. Əlbəttə, burada böyük bir cəmiyyəti qınamaq da doğru kimi görünməz, çünki yarıçılpaq geyiminə görə, sosial şəbəkələrdə Səmranı tənqid edənlər çoxluq təşkil edirdi. Hərçənd ki, bir çoxu küyə düşərək, geri qalmamaq xatirinə düşünmədən bu qızcığazı az qala vətənə xəyanətdə günahlandırırdı”.

Razı Nurullayev Səmra Rəhimlinin tənqid atəşinə tutulmasını “nəzəri erotika” kimi xarakterizə edib:

“Səmranı ən çox o kəslər tənqid edirdilər ki, əlləri qadın əlinə belə dəyəndə qüsulunu pozulmuş hesab edirlər. Bəlkə də o şəxslər arasında elələri var ki, həyatlarında sevgililəri olmayıb. Buna rəğmən küçədə, internet saytlarında gördükləri yarıçılpaq qadınlardan alət kimi istifadə ediblər. Səmranın açıq-saçıq fotoları da sırf nəzəri erotik işin tərkib hissəsidir. Bu görməmişlikdir, əlçatmazlığa üsyandır, xoş bir qadının sevgilisi ola bilməmək narazılığıdır bəlkə də...Cəmiyyətin mühafizəkar seqmentinə aid olan bu şəxslər hələ də Cenifer Lopezin ombalarını 1 milyon dollara sığortalamasının müzakirəsini edir. Bu söhbətin üstündən 15-20 ilə yaxın vaxt keçir, amma Azərbaycan adamının danışdıqlarından belə çıxır ki, bu söhbət dünən olub. Və acı da olsa etiraf etməliyik ki, belə söhbətləri edənlərin, əfsuslar olsun ki, başları Ceniferin 1 milyonluq ombasından daha ucuzdur. Layiq olmasa da...”

Partiya sədri qeyd edib ki, cəmiyyətin önyarğılı, mühakiməsiz “məhkəmələrində” nə qədər qadının “namus” üstündə qələmi qırılıb. Səmra da məhkəməsiz qurban edilənlərdəndir:

“Bizdə həmişə sənətlə, peşəkarlıqla şəxsi həyatın qarışdırılması məsələsi var. Səmraya münasibətdə də bu belədir. Əlbəttə, Səmra göydən düşməyib, tənqid də etmək olar. Amma bu adam susur, baş verənlərə etinasızdır. Çünki bu, onun qərarıdır, onun geyimidir, o belə düşünür. Çünki hər kəsin özünə cavabdeh olmasını bilir. Səmranı “Qərb əxlaqsızlığı” ilə ittiham edənlər, şəxsinə ünvanladığı təhqir dolu statusları, fotoşopla bəzək-düzək verilmiş şəkillərini məhz həmin Avropa və Amerikanın beyin məhsulu olan sosial şəbəkələr, telefonlar, kompüterlər üzərindən paylaşırlar. Özü də vicdan rahatlığıyla. İranın, Səudiyyənin və İslamın ən radikal məzhəblərinin hakim olduğu ölkələrin dini liderlərini özlərinə kumir seçmiş bu şəxslərin işıq gələn yerə barmaq dürtmələrini bu baxımdan başa düşmək olar. Amma bura nə İrandır, nə Səudiyyədir, nə Qətərdir, nə də Vatikan. Demirsiz, Səmra cəhənnəmlikdir? Olsun cəhənnəmlik. Lakin inandığınız Tanrı bunun üçün sizə səbrli olmağı tövsiyyə edir, axırını gözləyin. Məsələnin içində bu da var ki, Səmranı qır qazanına atan həmin şəxslər cənnətdə 4 gözəl – Şakira, Cenifer Lopez, Hadisə və Ancelina Coliylə müqayisə etdikləri hurilərlə keyf etməyə hazırlaşırlar. Dinin və adət-ənənələrin onlara vəd etdikləri cənnət səltənəti zehniyyətlərini də, beyinlərini də, gözlərini də kor edib. Uca Allahdan diləyim budur ki, insanların zehniyyətini və zəkasını qaranlıqlardan qurtarsın, onları Çinə belə elm dalınca göndərsin. Səmra əlində Azərbaycan bayrağıyla səhnəyə çıxır. Bizi təmsil edir. Bu da bir reallıqdır ki, Avropada başqa cür mümkün deyil. Əlbəttə, o geyim peşəkarlığı artırmır. Oxumaq, yazmaq, bəstələmək istedad məsələsidir. Bu istedadlardan biri olan oxumaq da Səmrada var. Oxusun, bizi təmsil etsin. Aradan uzun illər keçəcək və Səmra nə vaxtsa geyiminə görə yox, “Avroviziya” tarixinə baxışda öz performansı ilə xatırlanacaq və qarşısında da bir “Azərbaycan təmsilçisi” ibarəsi olacaq”.

Razı Nurullayev əlavə edib ki, elmin və texnologiyanın öz inkişafının pik həddində olduğu vaxt, cəhalətin hələ də qarabasma kimi aramazıda gəzməsi heç də yaxşı hal deyil. Səmranın dekoltesi ətrafında baş verənlər əsrlər boyu bəşəriyyətə zərərlər vermiş cəhalətin hələ də aramızda yaşadığının isbatıdır:

“Bununla belə oxumaqla, yeniliklərə açıq olmaqla onu ac qoyub öldürmək heç vaxt ağlımızın ucundan keçmədi. Əvəzində özümüzü yem edirik. Axundovdan bu yana heç nə dəyişməyib. Cəmiyyətimizin adamları hələ də dünyaya gülüş üçün Azərbaycandan tragikomik obraz yaradırlar. Özümüz-özümüzü düşmənə, bu ölkəni məsxərəyə qoyub gülmək üçün kulisdə bir yanlışımızı görmək üçün gizlənmişlərə yem edirik. Ən xırda, ən qeyri-ciddi məsələləri lupa altına alıb böyüdürük. Lakin işığa kor baxan zehniyyət həmişə uçuruma aparıb.Səmranı dəstəkləyirəm. Onu müdafiə edirəm. O, Azərbaycanı təmsil edir. O, Azərbaycan torpağının qızıdır. Pisi də, yaxşısı da bizimdir. Hələ ki, yaxşısı ilə gündəmdədir, pisini görmək istəyənlər elə bunu istədikləri üçün belə görürlər”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları