Yuxarı

Elçibəyçilərdən Nemət Pənahlıya sərt cavab: “Xəstə təxəyyüllü agent...”

Elçibəyçilərdən Nemət Pənahlıya sərt cavab: “Xəstə təxəyyüllü agent...”

Nemət Pənahlı Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy haqqında bir zamanlar səsləndirdiyi tənqidlərlə  yenidən gündəmə gəlib. Belə ki, mediaya açıqlamasında Nemət Pənahlı “Dediyi sözlərin arxasında dayandığını və hətta dediklərinin hələ az olduğunu” bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Cavid Musazadə Cebhe.info-ya açıqlamasında Nemət Pənahlının səsləndirdiyi fikirlərə münasibət bildirib. O bildirib ki, Nemət Pənahlı Əbülfəz Elçibəy haqqında danışmağa haqqı olmayanlardan biridir və özünün də kəşfiyyatla əlaqəli olduğunub sübuta ehtiyacı yoxdur: “Ümumiyyətlə, Əbülfəz Elçibəy haqqında ağzına gələni danışan, onu nədəsə qınayan kəslər kimliyindən asılı olmayaraq millət üçün keyfiyyətsiz və əhəmiyyətsiz adamlardır. Əbülfəz Elçibəy Milli Azadlıq Hərəkatının lideri olub. Onun istər hərəkat lideri kimi, istərsə bir illik hakimiyyət zamanı həyata keçirdiyi işlər Azərbaycanın müstəqilliyinin təməl prinsiplərini müəyyənləşdirib. Milli Azadlıq Hərəkatı başlayanda “KQB” –nin  ortaya atdığı adamlar var idi. Onlardan biri də Nemət Pənahlı olub. Sovet hökumətinin təbliğ etdiyi fəhlə-kəndi siyasətinin nəticəsi olaraq o zaman hərəkatın başına bu şəxsi keçirmək rus fikirli mərkəzlərin ideyası idi. Bəlkə də özünün xəbəri olmadan irdarə edərək fəhlə sinifinin təmsilçisi kimi Nemət Pənahlını meydan idarəçiliyində önə çıxarmışdı. Əbülfəz Elçibəyin Milli Azadlıq Hərəkatını milli məfkurəyə daşıması və bu missyanı öz üzərinə götürməsi Nemət Pənahlı kimi adamların həzm edə bilmədiyi bir nüans oldu. Nemət Pənahlı sonradan indiki hakimiyyətə işləməklə nicat tapmaq istəsə də, iqtidarın da dışlaması onu təlatümə saldı. Cəmiyyətin siyasi sektorunda bu cür insanlara münasibət göz önündədir”.

AXCP sədrinin müavini onu da bildirib ki, Nemət Pənahlı özünü reklam etmək üçün bu yola əl atıb: “Əbülfəz Elçibəyin millətimiz üçün etdiyi xidmətlərin sayı-hesabı yoxdur. Zaman keçdikcə əlbəttə ki, insanlar Elçibəyin necə böyük bir lider olduğunu anlayacaqlar. Bu gün dövlətin mövcudluğu Əbülfəz Elçibəyin xidmətlərinin bəhrəsidir. Elçibəyi tənqid etməklə gündəmə gəlməyi hədəf seçən, onun böyüklüyündən faydalanmaq istəyən 4-cü qrup siyasi əlillərdir.”.

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin müavini Xəzər Teyyublu isə Cebhe.info –ya şərhində Nemət Pənahlını “xəstə təfəkkürli insan” adlandırdı:

“Bu, xəstə təfəkkürün təxəyyüləridir. Dövlət müstəqilliyini quran, onu bərpa edən Əbülfəz Elçibəy sıradan bir insan deyil. Elçibəyin Azərbaycan üçün böyük xidmətləri var. 1990-cı illərdə müstəqillik uğrunda xalqımızın apardığı siyasi mübarizənin başında Əbülfəz Elçibəy durmasaydı, indi Azərbaycanın vəziyyət ürəkaçan olmazdı. Əbülfəz Elçibəyə qarşı qarayaxma kampaniyası hər zaman olub. Azərbaycan geosiyasi durumu bu cür addımların atılmasını daima gündəmə gətirir. Bunu yerinə yetirmək üçün də mütləq Nemət Pənahlı kimi şəxslər lazımdır. Zaman-zaman bu cür hallar Türkiyədə də baş verib. Atatürkə qarşı Türkiyəni sevməyən insanlar qara piar kampaniyası aparırlar. Nemət Pənahlının Əbülfəz Elçibəyi birbaşa olaraq tənqid, təhqir etməsi Azərbaycan dövlətinin əleyhinə olan bir məsələdir. Nemət Pənahlı da hər zaman bu mövqedə olub. Nemət Pənahlı uzun müddət meydan hərəkatında olmuş adamdır. Amma Nemət Pənahlının Azərbaycana qarşı mövqeyində hər zaman bir təzad olub. Onun fikirlərinə də cəmiyyət heç vaxt ciddi yanaşmır. Nemət Pənahlı sadəcə olaraq danışır və bu cür insanlara mütləq zamanında cavab verilməlidir ki, sabah da xalqa qarşı bu cür fikirlər səsləndirməsin. Əbülfəz Elçibəy hər zaman xalqın azadlıq lideri olaraq qalacaq. Əbülfəz Elçibəy Azərbaycanın müstəqilliyi yolunda şəhid olub. Onun barəsində təhqir dolu fikirlər demək xəstə beyinin təfəkkürü ola bilər”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları