Yuxarı

Azərbaycanın Rusiyadan qopduğu gün

Azərbaycanın Rusiyadan qopduğu gün

15 may inqilabından 22 il ötür

Pənah Hüseyn: “Bu hadisə dinc inqilabların legitim formalarından biri idi”

1992-ci ilin mayın 15-də Azərbaycanın paytaxtı Bakı şəhərində baş verən inqilabi hadisələrdən 22 il keçir. 1992-ci ilin mart ayında o zamankı Azərbaycan prezidenti Ayaz Mütəllibov Xocalı soyqırımı ilə əlaqədar davamlı istefa tələbləri qarşısında hakimiyyətdən gedib. Ölkədə prezident seçkisi elan olunub. May ayının 14-də isə A.Mütəllibov parlamentin qərarı ilə yenidən prezident elan olunub.

1992-ci ilin mayın 15-də Azərbaycan Xalq Cəbhəsi (AXC) xalqın dəstəyi ilə mayın 14-də çevriliş edərək hakimiyyətə qayıdan Ayaz Mütəllibovu hakimiyyətdən uzaqlaşdırdı.

Ümumilikdə 5 gün davam edən bu hadisələr qan-qadasız baş verib və hər iki tərəfdən itki olmayıb.

Hərəkatçılar bu hadisələri Azərbaycanın Rusiya ilə 200 illik müstəmləkə bağının qopması hadisəsi adlandırırlar. Azərbaycanda milli hökumətin qurulması çox keçmədən cəbhədə öz müsbət nəticələrini verdi. Ağdərə, Goranboy və Gədəbəydə milli ordumuz ardıcıl hücumlara başladı, Qarabağ cəbhəsində və ermənilərlə digər sərhəd bölgələrində qələbələrə imza atdı. Milli manat dövriyyəyə buraxıldı, Rusiya ordusu Azərbaycandan çıxarıldı, qəbul imtahanlarında test üsulu tətbiq olundu. Müstəqillik tarixinin ilk demokratik seçkiləri keçirildi və AXC lideri Əbülfəz Elçibəy ölkə prezidenti seçildi.

“Dinc inqilabların legitim formalarından biri idi”

Xalq Cəbhəsi hökuməti dönəmində Azərbaycan Baş naziri olmuş, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Cümhuriyət”ə bildirib ki, mayın 14-də bir qrup silahlı dəstə, o cümlədən xarici dövlətlər tərəfindən Azərbaycanda dövlət çevrilişi baş verdi.

P.Hüseynin sözlərinə görə, hələ mart ayında istefa ərizəsini yazmış Ayaz Mütəllibovun öz hakimiyyətini bərpa etməsinə qarşı cavab reaksiyası verildi:

“Ölkədə prezident seçkilərinin keçirilməsinin qarşısının alınması üçün Mütəllibovun atdığı addımların ölkənin maraqlarına təhlükə yaratdığını əsas götürərək, respublikada 10 minlərlə insan çevrilişə qarşı qalxdı. Mayın 15-də Xalq Cəbhəsi xalqın dəstəyi ilə Ayaz Mütəllibovun addımlarının qarşısına keçdi. Bununla Azərbaycanda azad və demokratik prezident seçkilərinin keçirilməsi təmin olundu. Bu, Azərbaycanın sonrakı tarixi və torpaqlarımızın müdafiəsi üçün fövqəladə hadisə idi. Mayın 15-də heç bir hakimiyyət orqanı rədd olunmamışdı, ölkə Konstitusiyası qüvvədən düşməmişdi, əks tərəfdən heç kəs öldürülməmişdi, terror yox idi.

Odur ki, bu hadisələr dinc inqilabların legitim formalarından biri sayıla bilər. Çünki burada bütün hadisələr hüquqi müstəvidə cərəyan edirdi. Nəticədə ölkədə demokratik seçkilər baş tutdu və konstitusion, legitim hakimiyyət bərqərar oldu”.

Mənsur





Həftənin ən çox oxunanları