Yuxarı

Tural Abbaslı Cəmil Həsənlinin yerini istəyir

Tural Abbaslı Cəmil Həsənlinin yerini istəyir

“Ağ blok” mayın 29-a planlaşdırdığı qurultaya hazırlaşır.

Bu barədə Cebhe.info-ya məlumat verən “Ağ blok” təsisçisi Tural Abbaslı təmsil etdiyi qurumun partiyaya çevriləcəyi və sədrin seçiləcəyi qurultay hazırlıqlarından danışıb.

Bildirib ki, “Ağ blok” hələlik bu istiqamətdə işlər aparır, ilk hədəfləri bloku partiyaya çevirmək və partiya rəhbəri seçməkdir:

“İlkin olaraq qurultayı mayın 29-na planlaşdırmışıq. O gün üçün hədəf götürülərək işlər aparılır. Amma indi hesablanan, görülən, görülməyən işlər var. Çatdırsaq, çox güman ki, ayın 29-da qurultay keçiriləcək. Əgər fövqaladə bir şey baş verərsə, yaxud qeyri-adi nəsə olarsa, vaxt iyun ayının ilk ongünlüyünə müəyyələşdirilə bilər.

Tural Abbaslı deyib ki, “Ağ blok”da təmsil olunanlar Müsavat Partiyasından istefa veriblər. Yaxın günlərdə təşkilat komitəsi yaradılacaq və qurultay keçiriləcək. Yerlə bağlı məsələləri də təşkilat komitəsi həll edəcək:

“Hələlik “Ağ blok” qərargahsız fəaliyyət göstərir. Yaxın günlərdə qurultayın keçiriləcəyi yerlə bağlı məsələ müzakirə ediləcək: ““Bakı” kinoteatrının üzərində dayanmışıq. Bu məkan mərkəzə yaxın olduğu üçün qurultay nümayəndələrinin oraya gəlməsi daha rahatdır. O zalda zamanında Cəmil Həsənlinin də görüşləri olub. Məncə bu yer həm hakimiyyətə, həm də bizə məqbuldur. Təşkilat Komitəsi yaradılandan sonra məhz o məkan üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik. Görək onların cavabı nə olacaq”.

Tural Abbaslının dediyinə görə, qurumlarının partiya kimi fəaliyyət göstərməsi və qərargahla təminatda heç kimdən siyasi dəstək almayıblar:

“Biz bunun üçün heç kimə müraciət etməmişik. Qərargah məsələsi üçün təşkilat komitəsi çox vacibdir. İndiki mərhəldə biz hələ qurultay ərəfəsindəyik. Bu mərhələdə daha çox qurultayın hazırlanması və partiya olaraq nizamnamənin hazırlanması kimi işlər görülür. Nə biz kiməsə müraciət etmişik, nə də bizə bu barədə təklif var. Niyyətimiz qurultaydan sonra bir partiya olaraq qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət etməkdir. Partiya haqqında qanunvericilikdə də göstərilib ki, hökümət hər bir qeydiyyatdan keçmiş partiyanı qərargahla təmin etməlidir. Ümid edirəm ki, bizə də bununla bağlı müsbət cavab veriləcək ”.

Qeyd edək ki, bu günlərdə “Ağ blok”un təsisçisi Tural Abbaslı təmsil etdiyi təşkilatının partiyaya çevrilməsi üçün Müsavat Partiyasından istefa verib.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları