Yuxarı

“Vahid Qərar Şurası cəmiyyətdə şok effekti yaradacaq”

“Vahid Qərar Şurası cəmiyyətdə şok effekti yaradacaq”

Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündən sonra atəşkəs razılaşmasının təkrar əldə olunması cəmiyyətdə müxtəlif fikirlərə səbəb olub. Danışıqların davamlı olacağı barədə razılığın əldə edilməsi isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının təklif etdiyi Vahid Qərar Şurasının vacibliyini bir daha təsdiq edir. Belə ki, təklifdə göstərildiyi kimi, xalqın bütün təbəqələrinin mövqeyini özündə əks etdirən VQŞ məhz bu danışıqlar zamanı cəmiyyətdəki fikirayrılıqlarına son qoyacaq.

Cebhe.info-ya açıqlamasında AXCP sədrinin müavini Cavid Musazadə bir daha VQŞ-nin önəmini vurğulayıb:

“Vahid Qərar Şurası adından da göründüyü kimi yekdil qərar verərək, Azərbaycan prezidentinə hansı kompromislərə gedəcəyi haqda təkliflər verir. Yekdil rəy olduğundan ölkə daxilində də artıq heç kimi buna qarşı çıxa bilməyəcək. Prezidentlərin Vyana görüşündən sonra müzakirə olunan məsələlər ictimayyətə tam açıqlanmasa da, ortada bəzi həqiqətlər var. Bu da cəmiyyətdə fikirayrılığına gətirib çıxarır. Ancaq Vahid Qərar Şurası olsa, orada bunlar müzakirə olunsa, nə yanlış məlumatlar yayılar, nə də fikirayrılığı olar”.

AXCP sədrinin müavini VQŞ-nin İşçi Qrupunun yaradılması ilə bağlı aparılan işlər haqqında da məlumat verib. Bildirib ki, Vahid Qərar Şurasının təqdimatı şok effekti yaradacaq:

“Vahid Qərar Şurasının İşçi Qrupunun formalaşması üzərində ciddi işləyirik. Müxtəlif görüşlərimiz olub. Bu təklif cəmiyyətin bütün təbəqələrində məqbul qarşılanır. Demək olar ki, görüşdüyümüz hər kəsin dəstəyini alırıq. Görüşdüyümüz siyasilərin, ictimai xadimlərin, ziyalıların da ümumi reaksiyası çox müsbətdir. Sadəcə hələlik adlarını açıqlamırıq. Çünki ideyaya qısqanclıqla yanaşanlar bu mütərəqqi ideya ətrafında birləşmək istəyənlərə müxtəlif formada qərəz nümayiş etdirə bilərlər. Ona görə də qərara gəlmişik ki, hələlik adları açıqlamayaq. Tədbir günü şok effekti yaradacaq birlik nümayiş olunacaq və tanınmış ziyalıları, ictimaiyyət nümayəndələrini, siyasi xadimləri Vahid Qərar Şurasında çox yaxın zamanda bir arada görəcəyik”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları