Yuxarı

Azərbaycan Rusiyaya “yox” dedi

Azərbaycan Rusiyaya “yox” dedi

Bakıdan diplomatik manevr

"Prezidentlərin Vyana görüşü zahiri cəhətdən nəticəsiz olsa da, vacib görüş idi. Bu görüşdə heç bir razılıq əldə olunmadı, bircə təmas xəttindəki insidentlərin araşdırılması ilə bağlı razılıqdan başqa". Bunu Rusiya İctimai Palatasının üzvü, Siyasi Təhqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov prezidentlərin həmsədrlərin iştirakı ilə Vyanada keçirilən görüşünü şərh edərkən deyib.

Bununla belə, ekspert bildirib ki, bu görüş bir neçə mərhələdə məlum formula çıxmaq üçün lazım idi: "Bu, münaqişənin həlli ilə bağlı Kazan formuludur ki, özündə Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması müqabilində Ermənistanın blokadasının yarılmasını əks etdirir. Bu formula çıxmaq üçün bir neçə belə görüş keçirilməlidir.

Vyana görüşünü dörd günlük müharibədən sonra danışıqlar prosesinin bərpası da adlandırmaq olar. Hesab edirəm ki, bu ilin sonuna kimi danışıqlar prosesində nailiyyət əldə olunacaq". S.Markov onu da qeyd edib ki, münaqişə tərəfləri arasında Kazan formulu üzrə 95 faiz razılıq əldə olunub:

"Qalan 5 faizdə isə fikir ayrılığı mövcuddur. Ermənistan tərəfi ilkin mərhələdə 5 rayonu qaytarmağa razılıq verib, Azərbaycan tərəfi isə 5 deyil, 6,5 rayonun (Laçından Ermənistan üçün dəhliz saxlamaq şərti ilə) qaytarılmasını tələb edir. İkinci fikir ayrılığı isə qəbul olunacaq yekun sənəddə BMT Təhlükəsizlik Şurasının məşhur qətnamələrinin hansısa formada xatırlanması ilə əlaqədardır. Azərbaycan bu məsələdə qəti təkid edir. Çünki bu qətnamələr özündə Dağlıq Qarabağın Azərbaycana aid olmasını ehtiva edir. Ermənistan tərəfi isə bunun əleyhinədir, çünki bu qətnamələr onun marağına uyğun deyil. Əlbəttə ki, digər vacib məqamlardan biri Dağlıq Qarabağda keçiriləcək referendumda azərbaycanlı köçkünlərin iştirakı məsələsidir. Azərbaycan bu məsələnin yekun sənədə salınmasına çalışır".

Rusiyalı politoloqun açıqlamasından belə nəticə çıxartmaq olar ki, Ermənistan 5 rayonun (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı) Azərbaycana qaytarılmasına razıdır. Qeyd edək ki, münaqişənin nizamlanması üzrə “Yenilənmiş Madrid prinsipləri”nə görə, birinci mərhələdə 5 rayonun və Laçın rayonunun 13 kəndinin Azərbaycana qaytarılması, ikinci mərhələdə Laçın rayonunun qalan hissəsinin və Kəlbəcər rayonunun boşaldılması, üçüncü mərhələdə isə Dağlıq Qarabağın statusunun referendum yolu ilə müəyyənləşməsi və Laçın rayonu ərazisindən Ermənistana aralıq dəhlizin verilməsi nəzərdə tutulur. Rusiyanın təklif etdiyi “Kazan formulu” üzrə də həll modeli də birinci mərhələdə 5 rayon+13 kəndin qaytarılmasından ibarətdir. Azərbaycan “Yenilənmiş Madrid Prinsipləri”nə razılıq versə də Ermənistan bundan imtina etmişdi. Hətta Ermənistan Kəlbəcər və Laçının qaytarılması məsələsinə Dağlıq Qarabağın statusu müəyyənləşdikdən sonra baxılmasını təklif edirdi. Diplomatik mənbələrdən mətbuata sızan digər məlumatlarda isə bildirlir ki, Ermənistan Azərbaycanın 30 km məsafəni vuran artilleriya qurğularına malik olduğunu və Laçın dəhlizinin təhlükəsizliyi məsələsini əsas gətirərək 13 kəndi boşaltmaqdan imtina edib. Ancaq S.Markovun dedikləri danışıqlara yeni detallar əlavə olunduğu qənaətini yaradır.

Yəni Azərbaycan birinci mərhələdə 5 rayondan əlavə Kəlbəcərin və Laçının 13 kəndinin qaytarılması şərtini irəli sürür. Xatırladaq ki, aprelin əvvəlində baş vermiş döyüşlərdə Azərbaycan ATƏT-dəki səfirliyi vasitəsilə bəyanat yayaraq Ermənistandan təcili olaraq 5 rayonun qaytarılmasını tələb etmişdi. Hələlik isə bu məlumatı təsdiqləyən rəsmi məlumat yoxdur. Siyasi şərhçilər isə hesab edir ki, mayın 16-da Vyanada keçirilən danışıqlarda Ermənistan Dağlıq Qarabağın statusunun müəyyənləşməsini ilkin şərt kimi irəli sürməyib. Müzakirələrdə ətraf rayonların qaytarılması tələbinin ön plana keçməsi cəbhədə əldə edilmiş hərbi uğurların diplomatik müstəviyə daşınması kimi dəyərləndirilir. Əgər rəsmi Bakı 6,5 rayonun qaytarılması tələbini irəli sürübsə, o halda nizamlanma prosesinə dair təkliflərin Madrid və Kazan prinsiplərindən kənara çıxaraq yeni forma aldığını söyləmək olar. Prosesin bu istiqamətdə dəyişməsi Dağlıq Qarabağın statusunun müəyyənləşməsi ilə bağlı təklifə də yenidən baxılmasına səbəb ola bilər. Bu isə status-kvonun tamamilə dəyişməsi deməkdir.

Lakin bütün bu vəziyyət Azərbaycanın danışıqlar prosesində 6 rayon+ 13 kənd təklifini israrla irəli sürməsindən sonra mümkündür. Vyana görüşündən sonra münaqişənin mərhələli həlli barədə danışan Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ötəri şəkildə 5 ətraf rayonun qaytarılmasının vacibliyinə toxunub. Danışıqların məzmunu ilə bağlı getdikcə ortaya çıxan infomasiyalar isə hələlik münaqişə tərəfləri arasında atəşkəs rejiminin möhkəmləndirilməsi və prezident Sarkisyanın təklif etdiyi insidentlərin araşdırılması təklifinin qəbul olunmasından başqa razılaşmanın olmadığını göstərir. Bu baxımdan, bəzi politoloqlar rəsmi Bakının aprel döyüşləri zamanı qazandığı diplomatik üstünlüyü itirdiyini bildirirlər.

Ümumilikdə isə Azərbaycanın 6,5 rayonu geri almaq şərti irəli sürülərsə istənilən halda danışıqlardakı mövqeyinin möhkəmlənməsinə xidmət edə bilər. Bu da danışıqlar prosesində Azərbaycanın beynəlxalq təzyiqlərə qarşı diplomatik müqavimət əmsalını artırması üçün vacib şərtdir. Azərbaycanın ətraf rayonların qaytarılması ilə bağlı yeni şərtləri masaya qoyması ilk növbədə, “Kazan formulu” üzrə irəli sürülən ağır təkliflərə qarşı preventiv addım rolunu oynaya bilər.

Çünki Rusiya 5 rayonun qaytarılması müqabilində, öz qoşunlarını sülhməramlı adı altında Azərbaycan əqrazisinə yerləşdirmək, Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq kimi qeyri-məqbul şərtlər təklif edir. Bunlar isə Azərbaycanın suverenliyinə və strateji təhlükəsizlinə ziddir. Bu səbəbdən də Azərbaycan görünür, Rusiyaya “yox” cavabını açıq şəkildə deyil, daha ağır şərtlər irəli sürməklə mədəni formada verməyə çalışıb.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları