Yuxarı

AXCP-nin sədr müavini: “Diaspor üçün ayrılan pullar Nazim İbrahimovun cibinə gedir”

AXCP-nin sədr müavini: “Diaspor üçün ayrılan pullar Nazim İbrahimovun cibinə gedir”

“Qarabağ müharibəsi başlandığı gündən informasiya baxımdan həmişə Ermənistana məğlub olmuşuq. Ermənistan diasporunun apardığı uğurlu təbliğat nəticəsində bu gün demək olar ki, dünya ictimaiyyəti Qarabağı Ermənistan ərazisi kimi, Türkiyəni isə soyqırım törədən dövlət kimi tanıyır”.

Cebhe.info-ya açıqlamasında AXCP sədrinin müavini Ehtiram Mehtiyev belə deyib.

E.Mehtiyev qeyd edib ki, erməni lobbisinin 100 illik tarixi mövcuddur:

“Lakin beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi üçün ayrılan maliyyənin düzgün formada istifadə olunmaması bu qurumun fəaliyyətini də nəticəsiz qoyub. Eyni zamanda vəsaitin hara xərclənməsi barədə şəffaflıq olmadığı üçün o pullar hara getsə də sonda qayıdıb komitə sədrinin cibinə girir. Demək olar ki, xarici diasporun bu günə kimi heç bir nailiyyəti olmayıb. Hesab edirəm ki, qurumun bu vəziyyətdə olmasının bir neçə səbəbi var. Birinci səbəb Azərbaycan diasporuna ayrılan maliyyənin dövlətin, xalqın mənafeyinə deyil, hakimiyyətin təbliğatına sərf olunmasıdır. İkinici səbəb Azərbaycanın xarici siyasətinin istiqamətinin hələ də müəyyənləşməməsidir. Bu da ölkəmizin xarici siyasətinin zəif olmasından irəli gəlir. Üçüncü səbəb xarici diasporun fəaliyyətinə mühacirlərin təsiridir. Yəni, siyasi mühacirlərin yaşadığı ölkələrdə Azərbaycan hakimiyyətini tənqid etməsi bu qurumun fəaliyyətinə də təsir edir. Sonuncu səbəb isə diasporumuzun Türkiyənin xaricdəki diasporu ilə düzgün əlaqə yarada bilməməsidir. Bu əlaqlərin uzlaşması həm Türkiyənin, həm də bizim mənafeyimizə uyğun olardı”.

AXCP yetkilisi hesab edir ki, xarici diaspor təşkilatları arasında ayrıseçkilik siyasəti aparılmamalıdır:

“Bu gün diasporun işinə çox ciddi kömək lazımdır. Bu, təkcə maliyyə baxımından deyil, eyni zamanda ölkəmizin və dövlətimizin maraqlarına uyğun bir koordinasiya sisteminin qurulmasından ibarət olmalıdır. Qarabağ kimi dərdi olan bir ölkənin xaricdə təmsilçiləri müxalifət, iqtidar ayrıseçkiliyini kənara qoyub Azərbaycan maraqlarını beynəlxalq aləmdə birgə təmsil etməlidirlər”.

Mənsur





Həftənin ən çox oxunanları