Yuxarı

Siyasi dələduzdan istiqlal düşmənçiliyi

Siyasi dələduzdan istiqlal düşmənçiliyi

Rəsul Quliyev keçmişə ləkə atır

Siyasi fəaliyyəti insanlara təhqir və qarayaxmadan ibarət olan Rəsul Quliyev indi Azərbaycan xalqının istiqlal liderlərinə hücuma keçib. Bu dəfə Azərbaycan demokratik dövlətçiliyinin banisi Məhəmməd Əmin Rəsulzadəni və Azərbaycan Milli-Azadlıq Hərəkatının lideri, demokratik yolla seçilmiş ilk prezidenti Əbülfəz Elçibəyi hədəfə alan Rəsul Quliyev əslində tariximizə hücum edib.

28 may Respublika günü münasibəti ilə “Facebook” sosial şəbəkəsində yazdığı statusunda Rəsul Quliyev Azərbaycan xalqının liderlərini belə təhqir edib:

“Bu gün Azərbaycanın 1-ci müstəqillik almasının 98-ci il dönümüdür. Bu il həmçinin 2-ci müstəqillik alınmasının 25-ci il dönümü olacaqdır. Hər iki halda müstəqilliklər Rus imperiyasının dağılması nəticəsində baş tutubdur. Nə birinci müstəqilliyin banisi M.Ə.Rəsulzadədir (ümumiyyətlə, müstəqillik aktı qəbul ediləndə Rəsulzadə Tiflisdə olmayıb, müstəqillik deklarasiyasının yazılmasında iştirak etməyib və müstəqillik elan ediləndən sonra bu işin baş verdiyindən xəbər tutub.

Oda təbii idi, çünki o dövrdə telefon, teleqrafdan ancaq məhdud sayda insanlar istifadə edə bilərdi və Rəsulzadəyə Tiflisdə səfirliyi olan türklər bu işin baş tutduğunu dedilər.) nə də 2-ci müstəqilliyin banisi Elçibəy deyildir, çünki müstəqillik veriləndə Mütəllibov hakimiyyətdə idi və Xalq Cəbhəsi həmin 1991-ci ildə nə “Sovetlərin tərkibində qalmaq istəyirik” referendumunun, nə də Mütəllibovun saxta yolla prezident seçilməsinin qarşısını almaq üçün qorxaq bir addımda ata bilməmişdi. Müstəqilliyin alınmasında 20 yanvar 1990-cı il şəhidlərinin rolu istənilən siyasi qurumdan yuxarı idi.

Müstəqilliyin verilməsi və ya alınması əsas məsələ deyildir. 1-ci müstəqillikdə biz 28 min kvadrat kilometr ərazilərimizi, ən qədim şəhərlərimizdən biri olan İrəvanı ermənilərə bəxşiş kimi verdik. Rusların qanlı ordusunu bir güllə atmadan belə (10 minlik rus ordusunun qarşısına 40 minlik ordu qoymaq mümkün idi) ölkəmizi yenidən işğal etməyə imkan verdik. 2-ci müstəqillikdən sonra əlavə 20 min kvadrat kilometri ermənilərə verdik və əbədi sülh müqaviləsi imzaladıq. Azərbaycan vətəndaşları müstəqil olmaq əvəzinə bir qrup insanların tam əsarətinə düşdü. Müstəqilliyin verilməsi əsas şərt deyildir, əsas şərt xalqını müstəqil və azad etməkdir. Bu gün 2-ci müstəqilliyin 25-ci ilində xalqın müstəqilliyini əlindən alan H.Əliyev və onun yaratdığı rejim ümumiyyətlə Azərbaycanın yaradılmasının banisi elan edilib. Xalqın müstəqilliyə nail olması və həyatını firavanlaşdırılması üçün ilk növbədə bu banilik xəstəliyindən xilas olması lazımdır”.

Rəsul Quliyev adətən başqalarına şəxsi mənfəət götürmək üçün hücuma keçir. Ona görə də bu dünyadan köçmüş insanlar haqqında ləkəli danışmaq, mənsub olduğu xalqın tarixini saxtalaşdırmaq görəsən Rəsul Quliyevin cibinə xeyir verəcəkmi?

Onu da qeyd edək ki, Rəsul Quliyevin Azərbaycan dövlətçiliyinin əleyhinə yönəlmiş belə hərəkətləri birinci dəfə deyil. 1990-cı illərin əvvəllərində Azərbaycan xalqı Əbülfəz Elşibəyin liderliyi altında milli-azadlıq mübarizəsi aparanda, Azərbaycan Xalq Cəbhəsinin fədailəri Qarabağda erməni işğalına qarşı həyatından keçəndə Rəsul Quliyevin sərvəti aşıb-daşırdı. Maraqlıdır ki, Rəsul Quliyev indiyə qədər də Bakı Neft-Yağ İstehsalat Birliyinin direktoru işlədiyi dövrdə necə milyonçu olması ilə bağlı suallara aydınlıq gətirməyib.

Axı, Rəsul Quliyevin şəxsi neft mədənləri yox idi, leqal milyoner deyildi. O, bu qədər sərvəti necə qazanmışdı? Rəsul Quliyev Azərbaycan Xalq Cəbhəsi ilə, 20 Yanvar şəhidləri ilə bərabər azadlıq mübarizəsi meydanında görünmədi. Əvəzində topladığı milyonları həmin şəhidlərin qanı bahasına qurulmuş milli dövlətimizin devrilməsinə sərf etdi. Rəhmətlik Elçibəyin bəzi adamlar haqqında orijinal fikirləri vardı. Məsələn, bir dəfə çıxışında onu hədəfə alan Rəsul Quliyev haqqında bunları söyləmişdi: "Məni sənin pulların yıxdı, Rəsul!" və "Buradan atdanıb okeanın o tayına getməklə adam demokrat olmur"...

Bu faktın özü də sübut edir ki, 1993-cü ildə Rəsul Quliyevin dövlət çevrilişinin təşkilində törətdiyi cinayət heç də Surət Hüseynovdan az olmayıb.

Rəsul Quliyev 1995-ci ildə OMON-çuların qətlinin də təşkilatçısı olub. Həmin vaxt mərhum prezident Heydər Əliyev məsələni danışıqlar yolu ilə həll etməyə cəhd göstərirdi. Ancaq Rəsul Quliyev öz maddi maraqları naminə ortada qan tökülməsinə nail oldu. Onun sonrakı planlarında isə topladığı pullar hesabına Heydər Əliyev hakimiyyətini devirmək dayanırdı. Bu planın vaxtında faş olunması onu ölkəni tərk etmək yolunu seçməyə vadar etdi. Rəsul Quliyev bu gün də bir qrup insanı xilaskar qismində Azərbaycana qayıdıb guya demokratiya quracağı ilə aldadır. Ancaq o, özü yaxşı bilir ki, Konstitusiyaya görə, 10 ildən çoxdur Azərbaycanda yaşamadığı üçün prezident seçkilərinə qatıla bilməz. Belə olan halda seçkilərə qatılmaq barədə yalançı vədlər vermək siyasi dələduzluqdan başqa bir şey deyil. Həm də ki, özü demokratik təfəkkürlü olmayan birisi necə demokratik rejim yarada bilər?

Rəsul Quliyev xislətinə görə, demokrat olsaydı şərqdə ilk demokratik respublikanın banisi Məhəmməd Əmin Rəsulzadənin xidmətlərini danmazdı. Bəlkə də Rəsul Quliyevin savadı çatmayıb, tarixdən bixəbərdir, köhnə təfəkkürlüdür, ona görə belə danışıb. O halda bilməmək ayıb deyil, öyrənməmək ayıbdır.

Gedib tarixi həqiqəti oxusun, öyrənsin. Tarix nə yalanı, nə də onu saxtalaşdırmağa çalışan yalançıları sevmir. Hər kəsin portreti yaxın və ya uzaq olmasından asılı olmayaraq tarixin güzgüsündə çox aydın görünür. Rəsul Quliyevin də həmçinin. Yox, əgər Rəsul Quliyev tarixi gerçəkliyi bildiyi halda belə danışrsa, deməli o Azərbaycan xalqının dünənini də, bu gününü də ləkələməyə hazır olan bir adamdır. Beləsi bu xalqın gələcəyini də ləkələyə biləcək bir təhlükədir.

Müşfiq





Həftənin ən çox oxunanları