Yuxarı

İqtidar-Əli Kərimli işbirliyi aşkara çıxır

İqtidar-Əli Kərimli işbirliyi aşkara çıxır

“Yurd” sdəri yenidən “müxalifət naziri” olmaq istəyir

AXCP-nin hüquqi təmsilçiliyini itirən “Yurd” sədri Əli Kərimlinin partiyanı geri qaytarmaq üçün oynadığı oyunlar bitmək bilmir. AXCP-nin özündən sonrakı rəhbərliyini özünə yaxın media qurumlarında, sosial şəbəkələrdə təhqir kampaniyasından tutmuş, partiyanın rəmzlərini dəstəsinə tapdalatmağa qədər müxtəlif vasitələrə əl atan Əli Kərimli bu dəfə yeni bir iddia ilə gündəmə gəlməyə çalışıb. Belə ki, Əli Kərimlinin kurasiyasında olan saytlardan biri hakimiyyətin AXCP sədri Razi Nurullayevə təklif verdiyini iddia edib.

Sayt qeyd edir ki, AXCP sədri Razi Nurullayevə hakimiyyət tərəfindən heç kimsənin qəbul etməyəcəyi təklif olunub: “Belə ki, sabiq AXCP üzvünə partiyanı parçalamağı tapşıranlar indi də ona başına yığdığı adamlarla birlikdə formalaşdırdığı təşkilata Yeni Azərbaycan Xalq Cəbhəsi Partiyası adını seçməyi tövsiyyə ediblər”.

Məsələnin görünməyən tərəfləri

Əli Kərimlinin tapşırığıyla onun tərəfindən maliyyələşən xəbər portalları və sosial şəbəkələrdəki tərəfdarları tərəfindən tirajlanan bu informasiyanın başqa məntiqi var. Şübhəsiz ki, hakimiyyətə AXCP-nin legitim rəhbərliyinə belə bir təklif gəlməyib. Bu mümkün də deyil. Çünki, Əli Kərimlinin avtoritar rejiminə, idarəçilik sisteminə etiraz edərək bu partiyadan uzaqlaşanların keçirdiyi qurultay da qaydalar çərçivəsində baş tutub. Qurultay o məcrada keçirilib ki, AXCP-nin demək olar ki, bütün rayon təşkilatları və üzvləri burada iştirak ediblər. Nəticələr də Ədliyyə Nazirliyi tərəfindən qeydə alınıb. Bundan sonra Əli Kərimlinin AXCP adına keçirdiyi “qurultay” isə tanınmayıb. Məhkəmə də “Yurd” sədrinin iddiasını təmin etməyib, üstəgəl möhür də Ədliyyə Nazirliyi tərəfindən Əli Kərimlinin əlindən alınıb. Düzdür, möhür məsələsi havada qalsa da, Əli Kərimli də rəsmən AXCP sədri kimi tanınmır.

Hakimiyyətdəki dostlarından vəd

Bu halda sual yaranır, əgər AXCP rayon təşkilatları və geniş tərkibdə elektoratıyla Əli Kərimlinin “qurultay”ında iştirak etməyiblərsə, o zaman hansı əsaslarla hakimiyyət belə bir təklif verə bilər? Yox, əgər Əli Kərimliyə hakimiyyətdəki dostlarından qarantiya verilibsə ki, “partiya sənindir”, bu başqa bir mövzudur. Belə bir vədin verilməsi də inandırıcıdır. Əgər bu hakimiyyətin Ədliyyə Nazirliyi AXCP-nin hüquqi təmsilçiliyini Razi Nurullayevin adına rəsmiləşdirmirsə, bunun səbəbi də Əli Kərimlinin hakimiyyətə, hakimiyyətin də Əli Kərimliyə olan sevgisindən irəli gəlir. Hakimiyyət üçün müzakirə mövzusu isə əlbəttə, AXCP-nin böyük çoxluqla Razi Nurullayevin ətrafında birləşməsidir. Təbii ki, indiki halda möhür Əli Kərimliyə veriləcəksə, o hansı elektoratla, hansı rayon təşkilatlarıyla sədr olacaq? Ətrafında keçmiş “Yurd” İctimai Birliyində təmsil olunan ənənəvi adamlardan başqa kim qalıb? Heç kəs...

Özünü ifşa

Məsələdə diqqət çəkən başqa bir məqam var. Kərimçilər iddia edir ki, bu informasiya özəl, özü də çox özəl mənbələrdən əldə edilib. Əgər bu mənbə özəldirsə, həqiqətən belə bir mənbə varsa, bu hakimiyyət daxilindədir. Şübhəsiz ki, bu kimi məsələlərdə müxalifət etibarlı mənbə ola bilməz. Demək ki, iddia olunan həmin “mənbə” Əli Kərimlini qidalandıran hakimiyyətin daxilindədir. Bu da bir daha özünüifşadır. Yəni, indiyədək Əli Kərimlinin hakimiyyətə işləməsilə bağlı səsləndirilən iddialara “Yurd” sədrinin özü rəsmi təsdiq verib. Əgər YAP həqiqətən AXCP-nin hüquqi təmsilçisi kimi, Razi Nurullayevi tanımırsa, bu, cəbhəçilərin uğursuzluğu yox, məhz hakimiyyətin müxalifətdəki məmuru olan Əli Kərimlinin super agentliyinin nəticəsidir. Təsadüf deyil ki, Əli Kərimli hələ də “hakimiyyətin müxalifət naziri” damğasını alın yazısı kimi üzərində daşıyır.

Təmsilçilik Əli Kərimliyə verilsə...

AXCP-nin hüquqi təmsilçiliyinin yenidən Əli Kərimliyə veriləcəyinə gəlincə, bu iddia qeyd etdiyimiz kimi, tamamilə absurddur. Sadəcə olaraq, “Yurd” rəhbəri adını AXCP ilə birgə hallandırmaqla ictimai rəydə özünə “AXCP sədri” kimi yer tapmağa çalışır. Digər tərəfdən, həqiqətən bu adama belə bir informasiya ötürülürsə belə, bu o deməkdir ki, sadəcə hakimiyyət daxilindəki bir neçə dostu uduzmuş Əli Kərimliyə son təsəllisini veririrlər. İndən sonra bir daha AXCP sədri ola bilməyəcəyini Əli Kərimlinin özü də bilir, hakimiyyətdəki həmin dostları da. Əgər bir gün təmsilçilik Əli Kərimliyə verilsə belə, bu, yenə də “müxalifət naziri” adına qeyri-adi hadisə olmayacaq. Bu, müxalifəti parçalayıb altını-üstünə çevirməyin “mükafat”ı olacaq. Şübhəsiz ki, bu “mükafatı” o hələ çox gözləyəcək...

Əgər ortada Əli Kərimlinin iddia etdiyi “AXCP-ni ələ keçirmək planı” məsələsi varsa, bu var. İstisna deyil. Bu, özünü Ədliyyə Nazirliyinin AXCP-nin hüquqi təmsilçiliyi məsələsini məhkəmə predmeti kimi qiymətləndirməsində göstərir. Görünən odur ki, hakimiyyət bununla AXCP-nin Əli Kərimlinin kurasiyasında qalması üçün vaxt qazandırır və hüquqi rəhbərliyi bu mübarizədən kənarlaşdırmaq üçün baş sındırır. Çünki Əli Kərimlinin AXCP-dəki postunda qalması hakimiyyət üçün maraqlıdır. Ən azından seçki illərində bu adam müxalifəti zərərsizləşdirmək işinin öhdəsindən lazımınca gəlir. Bu nöqteyi-nəzərdən hakimiyyət AXCP-ni Əli Kərimlinin adına rəsmiləşdirmək üçün bir planı işə sala bilər.

Mənsur

 





Həftənin ən çox oxunanları