Yuxarı

AXCP funksioneri: “İnsanları təkcə hakimiyyət yox, həm də Əli Kərimli həbs edir”

AXCP funksioneri: “İnsanları təkcə hakimiyyət yox, həm də Əli Kərimli həbs edir”

“Azərbaycanda  hakimiyyətin müxalifəti basqı altında saxladığını demək olar ki, hamı bilir. Mitinq keçirməklə bağlı müraciətlərə mənfi cavab verir, mətbuat konfransları keçirməyə mane olur, hakimiyyətə yaxın mətbuatda müxalifətə sifarişli hədyanlar yazdırır, əsassız olaraq müxalif yönümlü azad insanları həbs edirlər... Elə burda dayanaq – insanların həbsi üzərində”.

Bunu Cebhe.info-ya açıqlamasında AXCP funksioneri Səbuhi Aslanbəyli deyib. O qeyd edib ki, ölkənin ictimai-siyasi sistemində azacıq aktiv olan bütün insanlar arasında siyasi həbslər mövzusunda sorğu keçirsək, əksəriyyət birmənalı olaraq mövcud hakimiyyəti ittiham edəcək:

“Tofiq Yaqublunun, İlqar Məmmədov, İntiqam Əliyevin və sair şəxslərin həbslərini nümunə göstərəcəklər. Bu şəxslər mövcud Azərbaycan hakimiyyət dövründə həbs ediliblər və biz də bir müxalifət partiyası olaraq bu şəxslərin həbsini ədalətsiz hesab edirik. Lakin günahsız insanları həbs etməkdə təkcə mövcud Azərbaycan hakimiyyətini ittiham etmək olmaz. İnsanları həm də hazırda avtoritarizmə yuvarlanmış, lakin hakimiyyəti və bizi daim nələrdəsə ittiham edən və özünü Əli Kərimli, üzr istəyirəm özünü “AXCP” adlandıran qurum həbs edir. Necə? Əvvəlcə onu aydınlaşdıraq ki, həbs nədir? Həbs insanların digər insanlara və cəmiyyətə etdiyi əməllərin qarşısının alınması üçün insanların azadlıqlarının məhdudlaşdırılmasıdır. Məsələn, insan həbs olunur, onun azad hərəkət etmək, ailəsi ilə bir yerdə vaxt keçirmək, dostları ilə ünsiyyətdə olmaq və s. hüquqları məhdudlaşır”.

Səbuhi Aslanbəyli  Əli Kərimli və ya onun özünü “AXCP” adlandıran qurumu insanları necə həbs etdiyinin izahını da verib. O, bunun çox sadə olduğunu qeyd edib:

“Çox sadə. Öz yaxşı yaşayışlarını təmin etmək, övladlarını naməlum maliyyə ilə xaricdə oxutmaq və sair niyyətlərini həyata keçirmək üçün Əli Kərimli və onun ətrafı insanları demokratiya, insan hüquqları, qanunun aliliyi və sair müqəddəs dəyərlərə aid sözlərlə şirnikləndirərək öz ətraflarına cəlb edirlər. İnsanlar (xüsusən gənclər) bu adamlara inanıb onların ətrafında illərlə (bəzən hətta on illərlə) dayanırlar, bu insanlara görə işləmirlər, ailədən-dostlardan uzaqlaşırlar. Nəticədə illər sonra ayılırlar ki, necə ki, həbsxanada illər boş yerə itirilir, onlar da Əli Kərimliyə inanaraq öz həyatlarından illər itiriblər, ortada isə heç bir nəticə yoxdur. Əli Kərimli və onun ətrafı öz həyatlarını lüks yaşayıblar, özlərinə imkanlar açıblar ona inanan sadə vətəndaşlar isə sadəcə ömürlərindən qızıl kimi illəri itiriblər. Bir gün gəlir  bu insanlar öz-özlərinə sual verirlər ki, biz bu qədər ömrümüzü Əli Kərimli və onun ətrafına sərf etdik, əvəzində özümüz və ya ölkəmiz nə qazandı? Təbii ki, heç nə”.

AXCP funksioneri sonda “Bu cavabı aldıqdan sonra isə ən çətin məqam gəlir. Əli Kərimli tərəfindən aldadıldığını başa düşən və onun “həbsxanasından” çıxmaq istəyən insanlar ondan ayrılmağa qərar verirlər. Elə bu məqamda da onlar Əli Kərimli və onun ətrafı tərəfindən “satqın” və “xalq düşməni” elan edilirlər. Hətta indiki Azərbaycan hakimiyyətinin həbsxanalarından çıxmış şəxslərə hakimiyyət heç vaxt satqın demir, amma illərini Əli Kərimliyə vermiş və “Əli Kərimli həbsxanası”ndan azad olmaq üçün cəhd edən istənilən insana dərhal “satqın” damğası vurulur.

Buna görə də əziz gənclər və insanlar! Əli Kərimli və onun kimilərin şirin sözlərinə inanıb o insanları həbsxanasına düşməyin, öz ömrünüzü və illərinizi bu insanlara verməyin. Bilin ki, bu insanlara verdiyiniz illərinizin əvəzində sonda azadlıq əvəzinə “satqın” və “xalq düşməni” adı alacaqsınız. Azadlıqda qalın!”-,deyə vurğulayıb.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları