Yuxarı

AXCP rəsmisi tarixi abidələri qorumağa çağırdı

AXCP rəsmisi tarixi abidələri qorumağa çağırdı

"Şəhərin mərkəzində sökülən tarixi abidələri qoruya bilmədik. Ən azı 100 yaşı olan bu abidələr bizə köhnə Bakını xatırladırdı. Hökumət isə sökülən abidələrin yerində daha yaxşılarının tikiləcəyini desə də, "Qış Parkı" bizə bunun əksini göstərdi".

Cebhe.info-ya açıqlamasında AXCP sədrinin müavini Ehtiram Mehtiyev belə deyib.

E.Mehtiyevin sözlərinə görə, bu ərazidə vaxtı ilə yaşı bir əsrdən çox olan abidələr mövcud idi:

"Sökdülər və əvəzində heç kimə və heç nəyə lazım olmayan "Qış parkı" tikdilər. Bu ərazidən keçənlər şahiddirlər ki, adı "Qış parkı" olsa da, görüntü tamam əksini göstərir. Təsadüfü adam görmək olar ki, burdan istirahət məqsədi üçün istifadə etsin. Bir-iki ağac əkiblər, qalan ərazilər isə metlaxdan ibarətdir. Mədəni cəmiyyətlərdə özünə hörmət edən millət, dövlət öz tarixi-mədəniyyətinin hansı formada olmasından asılı olmayaraq ona qəsd etməz. Hökumətimiz tarixi abidələri söküb əvəzində binalar tikməklə özünü Avropaya, Dubaya bənzətməyə çalışır. Lakin binalar tikməklə Avropalaşmaq olmaz. Deyirlər ki, turistləri cəlb edək. Nə ilə cəlb edəcəklər? Dubaydan gətirilən hansısa binaların nüsxələri ilə? Ya da hansısa ölkədən gətirilən, ölkəmizdə bitməyən palmalarla? Hər bir turist getdiyi ölkədə onun tarixi kökü ilə maraqlanır. Bizim kimi ölkələrə üz tutanların əksəriyyəti məhz yerli tarixi abidələri, adət- ənənələri və s. görmək üçün gələnlərdir. Hesab edirəm ki, həm tariximizə, həm adət-ənənələrimizə, bir sözlə, özümüzə sahib çıxsaq və özümüz kimi olsaq, inanın ki, bundan daha qazanclı çıxarıq, sözün hər mənasında... Tarixi abidələri qorumaq lazımdır. Nə qədər ki, hamısı sökülüb kökündən məhv olmayıb, gec olmadan bu işlə ciddi şəkildə məşğul olmaq lazımdır".

Mənsur





Həftənin ən çox oxunanları