Yuxarı

Hakimiyyət müxalifətə güzəştə hazırlaşır?

Hakimiyyət müxalifətə güzəştə hazırlaşır?

Müxalifətçi kadrlar iş başına gətirilə bilər

Sərdar Cəlaloğlu: “Hakimiyyətin siyasi keyfiyyəti olduqca aşağıdır”

Əli Əliyev: “Neft pulları tükənir, siyasi fəallıq baş verə bilər”

Ehtiram Mehtiyev: “İqtidar siyasi islahatlara  getmək istəmir”

Azər Qasımlı: “Hakimiyyəti kiminləsə paylaşmaq fikrində deyillər”

Son günlər cəmiyyətdə hakimiyyətin müxalifətlə əməkdaşlıq edəcəyinə, mühüm postlardan bir neçəsini opponentlərinə verəcəyinə dair fikirlər yayılır. İqtidar buna hazırdırmı? Hansı postların müxalifətə verilməsi nəzərdə tutulur? Müxalifət hansı sahələrdə hökumətə yardım edə bilər? Bu mövzuda siyasi partiyaların fikirlərini öyrəndik.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Cümhuriyət”ə bildirib ki, hakimiyyətin belə bir addım atmasını gözləmir: “Koalisyon hökumət, siyasi dialoq, sağlam rəqabət və digər amillər siyasi həyatın elementləridir. Bu bütün dünyada geniş təcrübə olunur. Amma Azərbaycanda ciddi siyasi hakimiyyət yoxdur. Hakimiyyətin siyasi keyfiyyəti olduqca aşağıdır. Ona görə də, bu cür siyasi presedurların, addımların atılacağı inandırıcı deyil. Hakimiyyət Azərbaycan sözün həqiqi mənasında o dərəcədə də siyasət aparmır. İqtidar sadəcə olaraq tabeçiliklə məşğuldur. Tabe etdirməyində siyasətdən başqa bir çox forması var. Bunlar zorakılıq, qorxutma və aldatmadır. Azərbaycanda normal siyasi mühüt olmadığı üçün, hakimiyyətin də belə bir addım atması gözlənilmir”.

Hazırkı dövrün hakimiyyət üçün uğurlu olmadığını vurğulayan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev  iqtidarın koalisiyaya gedəcəyini real hesab etmir: “Siyasətdə belə bir deyim var, “heç vaxt heç vaxt demə”. Ancaq hakimiyyətin koalisiyaya getməsini bu gün üçün real görmürəm. Çünki hakimiyyət bütün davranışı, qaydaları ilə daxili mühitini sabit saxlamaq istəyir. Daxili mühit dedikdə ilk olaraq kadr potensialı və idarəçilik fəlsəfəsini nəzərdə tuturam. Hakimiyyət əslində bu iki böyük yük üzərində oturub, çalışır ki, bu sütunlar üzərində öz hakimiyyətini alternativsiz davam etdirsin. Ancaq qarşıdan gələn dövr bütün cəhətlərdən həm iqtisadi, həm siyasi, həm hərbi, həm hümanitar və digər bütün sahələrdə hakimiyyət üçün uğurlu dönəm deyil. Azərbaycan borcverən ölkədən qısa müddətdə borcaxtaran dövlətə çevrilib.

Hakimiyyət Qərbin təzyiqi altında heç də çölə buraxmaq istəmədiyi siyasi məhbusları azad etmək məcburiyyətində qalır və geri addım atır. Ölkədə sabitlik yaradan sosial faktor olan neft pulları da artıq tükənir. Bu ölkədə siyasi ayaqlanmanın əsas şərti ola bilər. Qarşıdan gələn dövr hakimiyyət üçün əvvəlki siyasəti davam etdirmək üçün uğurlu dönəm deyil”.

REAL Hərakatınn katibi Azər Qasımlı iqtidarın hansısa şəkildə hakimiyyəti öz əlində saxlamaq istədiyini bildirib. A.Qasımlı həmçinin qeyd edib  ki, iqtidar koalisiyaya getsə bu, ölkə üçün uğurlu olar: “Bu ehtimalı sıfır olaraq dəyərləndirəm. Çünki Azərbaycan iqtidarı öz hərəkətləri ilə son illər ərzində sübut etdi ki, onlar heç bir halda hakimiyyəti kiminləsə paylaşmaq fikrində deyillər. Görünən odur ki, iqtidar Neft Fondunda son qəpik qalana qədər bu siyasətlərini davam etdirəcək. Bunun üçün də hardasa 2018-ci ilə qədər vaxtları qalıb. Hər-halda gözləyəcəklər ki, dünya bazarında neftin, qazın qiyməti qalxsın ki, bunlar da onu satıb büdcəni doldursunlar. Hakimiyyət nə islahat keçirmək, nə ölkədə iqtisadi vəziyyəti dəyişmək, nə də ki siyasi meydanı açmaq istəyirlər. Sadəcə olaraq öz hakimiyyətlərini hansısa şəkildə kiminləsə paylaşmaq istəmirlər. Ən azı normal seçki keçirə bilərdilər. Ancaq keçən il bunu da etmədilər və bizim bu təkliflərimizə, çağrışlarımıza baxmayaraq etmək fikrində də deyillər. Ona görə də iqtidarın koalisyon hakimiyyətə getməsinə inanmıram. Amma aydındır ki, Azərbaycan üçün bu çox gözəl variant olardı. Hakimiyyət hansısa bir siyasi qüvvə ilə razılaşır, ölkədə barış və əmin-amanlıq olur. İrəlidə böhran daha da dərinləşəcək. Bu ərəfədə anlaşıb ölkəni xilas etmək üçün hakimiyyət hansısa təklif gəlsə, təbii ki, bu ölkə üçün xeyir gətirərdi. Amma buna sözün açığı inamım yoxdur”.

A.Qasımlı hesab edir ki,  REAL Hərəkatına belə bir təklif gələrsə müzakirə etmək olar: “Biz hakimiyyətə heç bir sahədə kömək etmək fikrində deyilik. Hakimiyyət seçki yolu ilə formalaşmalıdır.

Söhbət ondan getmir ki, sənə bir nazirlik verəcəklər və deyəcəklər ki, sən nazirsən, get, nə istəyirsən elə. Belə iş olmur. Azərbaycanda islahatların aparılmasını və çətinliyini düşünürüksə gərək hər sahədə islahat olsun. Məsələn, təhsildə islahat keçirməsə, səhiyyənin inkişafından danışmaq olmaz. Səhiyyədə islahat olmasa başqa sahələrin inkişafından danışmaq olmaz. Yəni bütün sahələr demək olar ki, bir-birilə bağlıdır. Korrupsiya məsələləri var ki, onun kökünü birdəfəlik kəsmək lazımdır ki, heç bir sahədə olmasın. Ona görə də bu məsələlərə kompleks şəkildə baxmaq lazımdır. Sadəcə kiməsə 1-2 nazirlik verməklə koalisiyon hakimiyyət olmur, bu yanlışdır”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Ehtiram Mehtiyev iqtidar və müxalifətin bu günə qədər birləşməməsinin ciddi problemlər yaratdığını deyib. Onun sözlərinə görə, Qarabağ münaqişəsinin uzun illərdir həll olunmamasının səbəblərindən biri də budur: “Azərbaycan müharibə şəraitində olan bir dövlətdir. Dağlıq Qarabağ münaqişəsinin 20 ildən çoxdur ki, öz həllini tapmamasının səbəbi iqtidarla, müxalifətin birləşə bilməməsidir.

Əslində isə Qarabağ münaqişəsi kimi problemi olan cəmiyyət bütün dedi-qoduları, intriqaları, çəkişmələri kənara atıb vahid ideya uğrunda birləşməli idi. Düzdür, zaman-zaman hakimiyyətin yarıtmaz siyasətini  tənqid edirik. Buna haqqımız da var.

Hakimiyyət bu gün siyasi islahatlara getmək istəmir. Bu gün vahid ideya və maraqlar uğrunda mübarizə aparan qüvvələrin ümumi məqsəd naminə birləşməsi ilk növbədə xalqın dəstəklədiyi bir mövqedir. Hakimiyyətin bu təklifini bir az gecikmiş təklif hesab etsədə bir siyasətçi kimi dəyərləndirməyi özümə borc bilirəm. Təmsil olunduğum partiyada ictimai əlaqələr üzrə müavin postundayam və hesab edirəm ki, hakimiyyətin bu təklifində ictimai əlaqələr üzrə yardım edə bilərəm”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları