Yuxarı

Qarabağ danışıqları ölü nöqtədən çıxır?

Qarabağ danışıqları ölü nöqtədən çıxır?

Aydın Mirzəzadə: “Sankt-Peterburq görüşündən gözləntimiz odur ki…”

Üzeyir Cəfərov: “İndiyədək ölənlərin qanı Putinlə Lavrovun üzərindədir”

İyunun 20-də Azərbaycan və Ermənistan prezidentləri Rusiyanın Sankt-Peterburq şəhərində Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər. Görüşdən gözləntilər barədə fikirlər birmənalı deyil. Müsbət nəticənin olduğunu deyənlər də var, pessimist olanlar da. Şübhəsiz ki, təkcə məsələ nəticə deyil. Cəmiyyəti düşündürən məsələlərdən biri görüşdən əvvəl Ermənistanın təmas xəttində təxribata gedib-getməyəcəyi, yaxud atəşkəs rejimini pozub-pozmayacağı ilə bağlıdır. Hesab olunur ki, Ermənistan danışıqları uzatmaq üçün böyük miqyasda atəşkəs rejimini poza bilər. Hərbi-ekspertlər də, aprelin əvvəlində baş vermiş döyüşlərin Sankt-Peterburq görüşündən əvvəl də təkrar olunacağını istisna etmirlər.

Ermənistanın növbəti təxribata əl atacağı ehtimalına gəlincə bildirilir ki, İrəvan bunu əzələ nümayişi və danışıqlara özünün əlavə şərtlərini daxil etmək üçün edəcək.

“Görüş nəticə verməsə...”

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadə “Cümhuriyət”ə bildirib ki, Ermənistan münaqişə ilə bağlı mövcud status-kvonun saxlanılması üçün maksimum səylər göstərir. A.Mirzəzadə qeyd edib ki, Ermənistan bir tərəfdən təxribat törədir, digər tərəfdən də sülhə hazır olduğunu bildirir: “Əsas məqsədi isə işğal altında olan torpaqları öz nəzarəti altında saxlamaq, dünyanın diqqətini bu məsələdən yayındırmaqdır. Amma Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək təkidi həmişə bu münaqişəni diqqətdə saxlayır. Aprel döyüşləri də Ermənistanın qeyri-konstruktiv siyasəti nəticəsində baş vermişdi. Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişə həll edilməyənədək Ermənistana bütün vasitələrlə təzyiq edəcək. Əgər Sankt-Peterburq görüşündən nəticə əldə olunmasa, Azərbaycan danışıqların davam etdirilib-etdirilməməsi barədə ciddi düşünəcək.

Digər yandan Ermənistandan atəşkəs rejiminə riayət edəcəyini gözləmək mümkünsüzdür. Ermənistan qeyri-ciddi və qeyri-səmimi dövlət kimi özünü çoxdan tanıdıb”. YAP rəsmisi hesab edir ki, üç həmsədr dövlətdən birinin bu görüşdə iştirak etməsi, Dağlıq Qarabağ münaqişəsinin dünya üçün actual olduğunu göstərir: “Gözləntimiz odur ki, münaqişə ölü nöqtəsindən tərpənsin. Azərbaycan görüşə danışmaq naminə yox, həll naminə gedir. Bu görüş çox mənada müsbət nəticələr verə bilər”.

“Gözünün içinə qədər yalan danışır”

Hərbi-ekspert Üzeyir Cəfərov “Cümhuriyət”ə deyib ki, görüşdən öncə Ermənistan yenə də öz havadarlarının tapşırıqlarını çox ustalıqla yerinə yetirir. Son günlərdə atəşkəs rejiminin ara-sıra pozulduğunu bildirən Ü.Cəfərov qeyd edib ki, dünən gecə də ardıcıl 8 dəfə pozulub: “Əvvəlki görüşlərlə müqayisədə indi cəbhə xəttində demək olar ki, stabil vəziyyət hökm sürür. Amma görüşdə hansısa nəticənin olacağı gözlənilən deyil. Bu Rusiya tərəfindən düşünülmüş bir oyundur. Minsk Qrupu də bəyanat yayaraq, həmsədrlərin görüşdə iştirak etməyəcəklərini bildirib. Bu o deməkdir ki, həmin görüş Rusiyanın vaxt uzatmaq - “Putin - Lavrov planı”nın bir hissəsidir. Lavrov bildirir ki, münaqişənin dinc yolla həllinin alternativi yoxdur. Gözünün içinə qədər yalan danışır. İndiyədək ölənlərin hamısının məsuliyyəti Putin və Lavrovun üzərindədir. Bu adamlar mədəni faşizmlə məşğuldurlar, insan ölümləri onlar üçün heç nədir. Biz bilirik ki, bu işin başında Rusiya dayanır. ABŞ və NATO da vicdanının səsinə qulaq assaydı, nə Azərbaycan, nə də Ermənistan tərəfindən bu qədər itkilər olmazdı. Amma Ermənistan işğalçıdır, bu ölkənin itkiləri də bizi narahat etməməlidir. Azərbaycan isə bu münaqişədə haqlı tərəf olduğu üçün itkiləri də hər kəsdə narahatlıq yaratmalıdır.

Ü.Cəfərov hesab edir ki, Sankt-Peterburq görüşü Rusiyanın avantürasıdır və heç nə ilə nəticələnməyəcək: “Ermənistan artıq bu görüş üçün öz bəhanələrini hazırlayıb və görüşü yola vermək istəyir. Nəticənin olmamasını Rusiya istəyir. Ermənistan öz havadarları vasitəsilə müəyyən işləri görür. Azərbaycan müdafiə naziri artıq böyük hərbi təlimlərin olacağı anonsunu verib. Ordu öz işini görür, amma Rusiyanın ikibaşlı oyunları nəticənin əldə olunması imkan vermir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları