Yuxarı

Razi Nurullayev: “İlham Əliyev də bu görüşün nəticəsinə inanmır, amma...”

Razi Nurullayev: “İlham Əliyev də bu görüşün nəticəsinə inanmır, amma...”

“Mən ümumiyyətlə, hər bir zaman demişəm və bu gün də təkrar etmək istəyirəm ki, bu şəkildə prezidentlərin görüşündən nəticə gözləmək sadəlövhlük olardı. Mən düşünürəm ki, prezident İlham Əliyev də bu görüşə gedən zaman görüşün nəticələrinə inanmayıb. Təəssüf ki, siyasətdə hər şey düşündüyümüz, istədiyimiz kimi olmur. Aydındır ki, əgər hökumət görüşdən imtina etsə, Azərbaycan tərəfi sülh danışıqlarından imtina etməkdə günahlandırılacaq. Onun üçün də bəlkə prezident bilə-bilə nəticəsiz danışıqlara gedir. Lakin mən düşünürəmki bunun bir çıxış yolu olmalıdır, istənilən halda hər bir problemdən çıxış yolu var”.

Bu sözləri “Talk Tv”-yə prezidentlərin son görüşünü şərh edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib. Sədr qeyd edib ki, görüşün nəticəsindəbn aslı olmayaraq Ermənistan heç bir halda tutduğu mövqedən geri çəkilməyəcək:

“Azərbaycan isə bir qarış torpağını belə ermənilərə verən deyil. Belə bir vəziyyətdə, hər iki tərəf mövqeyində dayanaraq görüşlərə gedirsə, təbii ki, həmin görüşdən nəticə hasil ola bilməz. Rusiyaya “sağ ol” demək olar ki, bu görüşləri təşkil edir, lakin digər yandan da düşünürəm ki, əgər Rusiya Ermənistana lazım olduğu səviyyədə və qədərində təzyiq və müqavimət göstərsəydi, nəticə də olardı. Əgər Ermənistan qarşısında güc görməsə və yaxud Rusiyanın müqaviməti ilə qarşılaşmasa, heç bir halda heç bir rayonu azad etmək niyyətində olmayacaq. Onun üçün də heç bir halda biz 6-7 rayonun qaytarılması ilə bağlı başımızın altına yastıq qoya bilmərik. Azərbaycan konkret addım atmalıdır. Bu konkret addımı mən bir neçə dəfə demişəm və yenə də səsləndirmək istəyirəm. Azərbaycan özü və dünya ictimaiyyəti üçün son danışıq tarixini müəyyənləşdirməlidir. Azərbaycan dekabrın 1-ni son müddət kimi beynəlxalq içtimaiyyəti və Ermənistanın qarşısında qoyub. Azərbaycan bu müddətə qədər sülh danışıqlarına sadiqdir və beynəlxalq ictimaiyyətdən, Minsk qrupu həmsədr ölkələrindən və eyni zamanda  ATƏT üzvü ölkələrindən bir təşəbbüs, nəticə gözləyir. Əgər onlar bu müddət ərzində Azərbaycanın haqq işinə dəstək ola bilməyəcəklərsə, Ermənistan işğal etdiyi ərazilərdən çıxmayacaqsa, Azərbaycan o zaman istənilən addımı atmaq hüququnu özündə saxlayır. Azərbaycan bu bəyanatı verəndən və bu prinsiplərə sadiqliyini göstərəndən sonra Minsk qrupu həmsədr ölkələri, ATƏT, dünya ictimaiyyəti təbii ki, hərəkətə keçəcək”.

4 günlük müharibədən sonra dünya ictimaiyyətinin bu məsələ ilə bağlı fəallaşdığını deyən AXCP sədri bildirib ki, buna qədər “dondurulmuş münaqişə” adı verilən Qarabağ problemində bütün dünya, özəlliklə Rusiya xüsusi canfəşanlıq göstərməyə başlayıb:

“Azərbaycan təbii ki, problemin dondurulmasını qəbul etmirdi. Müharibə başlayandan sonra isə status-kvo götürüldü və artıq bu problem dondurulmuş yox, istənilən an partlaya biləcək və müharibə vəziyyətinə çata biləcək bir münaqişədir. Bu baxımdan Azərbaycan bu müddəti təyin edəndən sonra artıq dünya ictimaiyyəti də müəyyən addım ata bilər. Bu demək deyil ki, Azərbaycan dekabrın 1-nə qədər irəli sürdüyü tələblər yerinə yetirilməyəcəksə, dərhal müharibəyə başlayacaq. Amma Azərbaycan artıq öz addımlarına özü cavabdeh olmalıdır. Dünya ictimaiyyəti əgər bunu etmirsə, artıq Azərbaycan öz dostları ilə birlikdə torpaqlarının azad olunması üçün digər tədbirlər və mövqelər, təklif və hərəkətlər üzərində işi aparmalıdırlar. Bunu hətta mən görüşdən öncə də demişdim. Ola bilsin ki, Ermənistan üzərinə hər hansı bir öhdəlik götürüb ki, bir neçə aydan sonra 5 - 6 rayonu qaytarır, sonrakı mərhələdə isə Dağlıq Qarabağın ümumilikdə müqəddaratı həll edilir. Amma biz hər zaman görmüşük Ermənistan belə sözlər verib, sonra sözünün üzərində dayanmır. Əgər Sankt-Peterburqda Ermənistan prezidenti söz veribsə ki, Dağlıq Qarabağla bağlı komprmis mövqe sərgiləyəcək və rayonların qaytarılması ilə bağlı konkret addımlar atılacaq, heç kim zəmanət verə bilməz ki, Sərkisyan həmişəki kimi bir həftə sonra başqa bir bəyanat verməyəcək, Dağlıq Qarabağa müstəqillik tələb etməyəcək. Onun üçün də mən də təəccüblənirəm ki, bu gün hansısa müsbət nəticələrdən danışılır. İstənmilən halda Dağlıq Qarabağla bağlı nə dünənki görüşdən, nə də ondan öncəki görüşlərdən konkret ortada bir fakt olmayana qədər müsbət mənada danışmaq həm yersiz, həm də mümkünsüzdür”.

Razi Nurullayev sonda AXCP-nin irəli sürdüyü “Vahid Qərar Şurası”nın Qarabağ probleminin həllində önəmli rol oynayacağını bildirib:

“Azərbaycan iqtidarı da gücünü xalqdan və Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlardan almalıdır. Məhz elə bu yerdə də təklif olaraq irəli sürdüyümüz “Vahid Qərar Şurası” öz yerini tutur. Mən düşünürəm ki, “Vahid Qərar Şurası” tez bir zamanda formalaşmalıdır və hakimiyyət buna çox ciddi siyasi dəstək verməlidir. Ölkədə ictimai-siyasi təşkilatlar da buna dəstək nümayiş etdirməlidir. “Vahid Qərar Şurası” da Azərbaycanın taleyüklü məsələləri ilə bağlı Vahid Qərarını açıqlasın. Artıq prezident də “Vahid Qərar Şurası”ndan güc alaraq, xalqın dəstəyindən əmin olaraq danışıqlara rahat getsin”.IFrame





Həftənin ən çox oxunanları