Yuxarı

AXCP sədri: "Milyardlarla dövlət vəsaitini xərclə, nəticə də olmasın"

AXCP sədri:

"...gərəkirsə diktatura quraraq dövləti və ölkəni xilas etməyə hazıram"

AXCP sədri Razi Nurullayev yenidən ölkədə turizm siyasətinin yarıtmazlığına münasibət bildirib.

Cebhe.info xəbər verir ki, AXCP sədri günahkarların cəzalandırılması və gərəkirsə diktatura yolu ilə günahkarların cəzalanmasının da məqbul sayıb.

O, bildirib: "Turizmin inkişafından çox danışılır. İndiki məqamda, iqtisadiyyatın şaxələndirilməsi üçün bu çox vacibdir. Nəticə isə ürəkaçan deyil.

Azərbaycan rus turistlərini ölkəyə cəlb edə bilmir. Bu aralarda ruslar və Rusiyada yaşayan azərbaycanlılarla təmas imkanım oldu. Rusiyanın çox məşhur və aparıcı turizm saytı var və demək olar ki, rus turistlərin çoxu gedəcəyi məkanı internet üzərindən məhz bu səhifədən seçir. Səhifənin adı travelata. ru -dur. Bu səhifədə Gürcüstan və Ermənistanın adı var, turistlərə müxtəlif çeşidli paketlər təklif edilir. Azərbaycanın adı isə yoxdur. Budurmu turizm sahəsinə qoyulan milyardlar, xarici ölkələrdə fəaliyyət göstərən turizm bürolarımızın işinin nəticəsi?

Cəzasızlıqdır. Hər kəsin qarşısında vəzifə qoyulur və müəyyən zaman içərisində nəticə yoxdursa, o zaman heç bir güzəşt ola bilməz. Cəza verilməlidir. Azərbaycanda turizmin inkişafı üçün 20 ildir ki, iş aparılır. Nəticə isə sıfırdır.

Turizmə və təbliğata qoyulan xərcləri hesablasaq bu nəticəyə gələrik. Necə ola bilər ki, milyardlarla dövlət vəsaitini xərclə, turizm da inkişaf etməsin, xidmət aşağı səviyyədə olsun və istirahət də deyəndə millət yaxşı yeyib-içmək başa düşsün.

Dəqiq deyə bilməsəm də 10 milyarddan çox vəsait iki il ərzində Avropa oyunlarına xərcləndi, Avroviziya yarışması keçirildi, "Formula-1" yarışları oldu, buna bənzər digər onlarla böyük və kiçik tədbirlər keçirildi. Bəs hanı turistlər? Kimi aldadırsınız? Əgər qonşu və dost dediyiniz Rusiya saytlarına Azərbaycanın adını daxil edə bilmirsinizsə, bağlayın mədəniyyət və turizm nazirliyini, turizm agentliklərinizi.

Dövlətin pulunu talamaq və çölə tökmək cinayətdir. Bu cinayətlər, talançılıq və büdcə pulunu nəticəsiz göyə sovurmalara görə kimsə və kimlərsə mütləq cavab verməlidir.

Hər gün düşünürəm ki, bu ölkədə normal cəmiyyət və hökumət qurmaq üçün bir neçə illik diktatura qurmaq lazımdır və günü-gündən əmin olmağa başlamışam ki, diktatura quraraq dövləti və ölkəni xilas etməyə hazıram. Başqa yol yoxdur. Çünki, heç kimi cəzasız buraxmaq olmaz. Belə də görünür ki, heç kimi duktaturasız da tərbiyələndirmək mümkün deyil".





Həftənin ən çox oxunanları