Yuxarı

Azərbaycan Avropa Birliyi qarşısında geri çəkilir

Azərbaycan Avropa Birliyi qarşısında geri çəkilir

Ələsgər Məmmədli: “Hökumət islahatlara getməli olacaq”

Avropa Parlamentinin plenar iclasında “Azərbaycanın Avropa proqramlarında iştirakı” çərçivə sənəd qəbul edilib. Bu sənəd Azərbaycanın Avropa Birliyinin proqramlarında iştırak imkanlarını artacaq. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət,sosial, iqtisadi, enerji və siyası sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyənləşdirəcək. Əsasən şəffaflıq və hesabatlıq üzərində qurulacaq əməkdaşlığın başlıca qayəsi Azərbaycanla Avropa Birliyi arasında inteqrasiyanı genişləndirməklə, ondan cəmiyyətin bəhrələnməsinə şərait yaratmaqdır.

Məhz, bu çərçivə sənədi üzərində Avropa Birliyi ilə ölkəmiz arasında 2-3 il müddətində əməkdaşlıq sazişinin də hazırlanması və imzalanması nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycanda sosial-iqtisadi və siyasi sahələrdə islahatların həyata keçirilməsi 2015-ci ilidə baş vermiş devalvasiyadan sonra təklif edilmişdi. Ekspertlər ölkədə maliyyə-iqtisadi böhranın nəticələrini aradan qaldırmaq üçün postneft dövrünün tələblərinə uyğun islahatlar həyata keçirməyi vacib sayırdılar. Lakin siyasi sahələrədə islahatlar aparılmadan ciddi yeniliklərin mümkünsüzlüyü bildirilirdi.

Hakimiyyət maliyyə- iqtisadi sferada və idarəetmə müəyyən struktur dəyişiklikləri həyata keçirsə də siyasi islahatların həyata keçirilməsində maraqlı görünmür. Avropa Birliyi və Avropa Şurası ilə imzalanmış digər proqpamlar üzrə götürülmüş öhdəliklərin əksəriyyəti yerinə yetirilməyib. Avropa Birliyinin “Şərq Tərəfdaşlığı Proqpamı” na qoşulan Azərbaycan indiyə qədər bu sənədə əməl etməyib. Azərbaycandan fərqli olaraq, “Şərq Tərəfdaşlığı Proqramı”na qoşulan Gürcüstan, Maldova və Ukrayna öhdəlikləri yerinə yetirərək, demokratikləşmə yolunu tutub. Hətta ötən ildən həmin ölkələr Avropa Birliyinin “Assosiasiya Sazişi”nə qoşulublar.

Ona görə də rəsmi Bakının Avropa proqramlarında iştirak üzrə qoyulmuş sonuncu prinsiplərə əməl edəcəyi bir qədər şübhə ilə qarşılanır.

Hüquq müdafiəçisi Ələsgər Məmmədli hesab edir ki, Azərbaycanda Avropaya inteqrasiyasına nail olmaq üçün sözügedən prinsiplər üzrə islahaltlar mütləq təmin olunmalıdır: “Azərbaycanın milli təhlükəsizlik strategiyasına baxsaq, orada da bir maddə Avropaya dəyərələrinə inteqrasiyanı nəzərdə tutur. Bu baxımdan, Avropaya inteqrasiya bir vəzifə kimi illər öncə Azərbaycanın qarşısında dururdu. Ona görə də “Azərbaycanın Avropa proqramlarında iştirakı” üzrə prinsiplərin həyata keçirilməsi o zaman real görünə bilər ki, hökumət səmimi addımlar atsın. Məsələn, siyasi islahatlar dedikdə, seçki prosedurunda islahatların həyata keçitilməsi çox vacibdir. Bu istiqamətdə həm Avropa Şurası, həm də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən Azərbaycanda seçki qanunvericicliyinin sistemli şəkildə dəyişilməsini nəzərdə tutan tövsiyyələr də var. Son illər ən böyük problemlərdən biri Azərbaycanda vətəndaş cəmiyyətinin işləməz duruma gətirilməsi, qanunvericiliyin sərtləşdirilməsi, bank hesablarına həbslərin qoyulması, ölkədən çıxmağa qadağalar, donor qeydiyyatlarının sərtləşdiriliməsi kimi hallardır. Bu istiqamətdə hökmən liberallaşma olmalıdır. Əks halda, hökumət nəinki islahata getməyəcək, ümumiyyətlə monitorinq imkanları belə, olmayacaq. Üçüncüsü, ölkədə ifadə və media azadlığı olmasa, heç bir demokratik dəyərlərdən danışmağa dəyməz. Bu baxımdan, mediaya təzyiqlər, dövlət mediasının mövcudluğu aradan qalxmalıdır. Kütləvi informasiya vasitələri daha liberal, müstəqil olmalıdır. Bu istiqamətdə Avropa Birliyi kimi böyük bir qurumun Azərbaycana dəstək verməsi çox önəmlidir. Həmin dəyişikliklər Azərbaycan xalqının da mənafeyi üçün lazımdır”.

Ələsgər Məmmədli bildirdi ki, neft qiymətlərinin baha olduğu əvvəlki illərdə Azərbaycan hökuməti Qərbin islahatlar tələbindən yayınırdı. Amma indi vəziyyət dəyişib və ölkənin sosial-iqtisadi həyatında ciddi problemlər yaşanır. Azərbaycanın neft gəlirləri kəskin aşağı düşüb və hökumət islahatlara əvvəlki qədər laqeyd yanaşa bilməz. Əks təqdirdə, iqtidar-xalq münasibətlərində ciddi problemlər yaşana bilər. Ona görə də hakimiyyət vəziyyəti düzgün qiymətləndirmətli və götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları