Yuxarı

"Milli qürur qalib gəldi”

“Dövlət Baxçalı (MHP) və Kamal Kılıçdaroğlu (CHP) hər zaman AKP hakimiyyətini, Rəcəb Tayyib Ərdoğanın şəxsən özünü kəskin tənqid ediblər. Bu 3 partiya daim gərgin mübarizədə olublar və bəzən tənqidlər təhqir səviyyəsinə də çatıb, hətta iş məhkəməyə kimi gedib çıxıb”.

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat katibi Vüsal Qarayev, Türkiyədə Rəcəb Tayyib Ərdoğanla ana müxalifət partiyaların liderlərininin görüşünə münasibət bildirərkən deyib. O qeyd edib ki, bütün bu çəkişmələrə baxmayaraq Türkiyədə sarsılmaz siyasi mədəniyyət, siyasi əxlaq, dövlətçilik ənənəsi var:

“Son olaylarda, silahlı çevrilişə cəhd ərəfəsində bu ənənənin nə dərəcədə qorunduğunun şahidi olduq. Nə zaman ki, dövlətçiliyə, demokratiyaya qarşı təhlükə yarandı, bu bir-birini siyasi düşmən görən qüvvələr çəkici bir nöqtəyə vurmağı bacardılar. Və dövlətin, dövlətçiliyin, demokratiyanın düşməninə qarşı vahid şəkildə brləşdilər. Əgər çevriliş günü MHP və CHP hərbi çevrilişçilərə qarşı bəyanat verməsəydilər, bəlkə də bu gün Türkiyədə hakimiyyət əl dəyişmişdi. Çünki o gecə demokratiyanı qorumaq üçün küçələrə axın edən, tankların qarşısını kəsən yalnız AKP-çilər deyildi, orda CHP-lisi də, MHP-lisi də, digər partiyaların nümayəndələri də demokratiyanın keşiyində durdular. Və nəticədə də demokratiya qalib gəldi. Bax milli qürur budur. Bu dövləti, bu hakimiyyəti, bu müxalifəti, bu xalqı sevməmək mümkün deyil”.

Vüsal Qarayev AXCP-nin “Vahid Qərar Şurası” təklifinə də toxunaraq milli birlik baxımından ölkə üçün bu ideyanın zəruriliyini vurğulayıb:

“Qeyd etmək istəyirəm ki, AXCP-nin irəli sürdüyü “Vahid Qərar Şurası” təklifi də özündə məhz bu dəyərləri birləşdirir - Milli Birlik, Milli Qürur. Biz təklif edirik ki, Qarabağ kimi milli məsələlərdə hakimiyyət - müxalifət - xalq birliyi zəruridir, biz yalnız bu zaman qalib gələ bilərik. Onun üçün də siyasi baxışından, mövqeyindən, tutduğu vəzifəsindən aslı olmayaraq hər kəsi bu ideya ətrafında birləşməyə çağırıram”.

 





Həftənin ən çox oxunanları