Yuxarı

Razi Nurullayevdən iqtidar və müxalifətə ismarıc

Razi Nurullayevdən iqtidar və müxalifətə ismarıc

“Birinci zopanı yeməyi üzərimə götürməyə hazır olduğumu bəyan edirəm, xalqın önündə gedəcəm və...”

Sentyabrın 26-da konstitusiyaya dəyişikliklər edilməsi üçün referendum keçiriləcək. Müxalifət düşərgəsi dəyişikliklərə qarşı olsa da, bəri başdan etiraf edirlər ki, hakimiyyətin istəyi reallaşacaq. Beləliklə, bir daha sübut olunur ki, hakimiyyət konstitusiya dəyişikliyi və digər istədiyi layihəni asanlıqla həyata keçirə bilir. 
Bəs bu, iqtidarın güclü olmasından, müxalifət və cəmiyyətin zəifliyindən, yoxsa beynəlxalq reaksiyanın olmamasından irəli gəlir? Nədən indiyə qədər iqtidarın istədiyi heç bir layihə və planın reallaşmaması baş verməyib?
AXCP sədri Razi Nurullayev bildirdi ki, Azərbaycan iqtidarı nəinki konstitusiyanı dəyişə bilir, qarşısına ciddi bir maneə olmadan seçkini də istədiyi formada keçirir, qanunları da istədiyi formada qəbul edir və dəyişiklik aparır, o cümlədən ictimai rəyi nəzərə alaraq addım atmalı olduğu məsələlərdə belə təkbaşına qərar verir:
“Səbəb isə məlumdur: müxalifət çox zəifdir. Müxalifət çox zəiflədilib. Müxalifətin hakimiyyətin davranışını və siyasətini dəyişmək üçün gücü və resursu yox dərəcəsindədir. Bunun da bir neçə səbəbi var. Xalq müxalifət və iqtidardan uzaq düşüb. Xalq bu gün nə iqtidarın, nə də müxalifətin yanındadır. Çünki zaman-zaman aldadılıb, kimlərinsə siyasi ömrünü uzatmaq üçün istifadə edilib, onilliklər boyu ümid edib və o ümidlər sındırılıb, yerlə-yeksan edilib, talan edilib, nəhayət, məhv olub. Bu gün baxsaq, normal münasibətləri olan siyasətçilər yox dərəcəsindədir. Hər kəs bir-birinə şübhə ilə baxır, bir-birinə yalan danışır, siyasətində kimlərəsə bağlıdır, bəziləri isə tapşırıqlar yerinə yetirir. Belə olan halda xalqın da inamı qırılır”.
R.Nurullayevə görə, indi də konstitusiya dəyişikliyinə mane olmaq üçün mitinq məsələsi ortaya atılacaq: 
“Bəlkə də kimlərsə 1000 nəfər yığıb siyasi şou göstərəcək. Amma mahiyyət dəyişməyəcək. Əslində elə bu şounun göstərilməsi ziyanlıdır. Xalqı arxayın salırıq. O düşünür ki, mitinq edirlər və xalqı ayağa qaldıracaqlar. Nə baş verir? Mitinq ”mən ölüm-sən öl" taktikası ilə az sayda təşkil olunur və sonra da xalq günahlandırılır ki, dəstək vermədilər. Əgər siyasi partiya altmış, yetmiş min üzvünün olduğunu deyirsə və on min, iyirmi min adamı etiraz mitinqinə çıxara bilmirsə, o zaman xalq mitinqə dəstək verməyəcək. Öz üzvünü çıxara bilmədiyin mitinqə xalq qoşulmaz".
R.Nurullayev vurğuladı ki, hakimiyyətin istənilən layihəni asanlıqla həyata keçirə bilməsi həm də iqtidarın əlində gücün olmasından irəli gəlir: “İqtidar güclü deyil, iqtidarın əlində gücü, dəyənəyi var. Bu dəyənəkdən də qorxanlar çoxdur. Belə görünür ki, dəyənəkdən qorxmamaq mərhələsinə çatmamışıq və hadisələri də hələ ki qabaqlamaq istəməzdim. Xalq ayılanda və zopadan qorxmayanda görəcəyik. Təbii ki, o zaman birinci zopanı yeməyi üzərimə götürməyə hazır olduğumu bəyan edirəm. Xalqın önündə gedəcəyəm və liderliyi də ən ağır məqamda bütün təhlükə və riskləri ilə üzərimə götürəcəyəm”.
Beynəlxalq reaksiya məsələsinə gəldikdə isə həmsöhbətimiz bildirdi ki, bu, daha çox daxili müqavimət faktorundan asılıdır: 
“Onlar onsuz da narahatlıqlarını dilə gətirəcəklər və məsələ bundan o yana getməyəcək. Onlar nə edə bilər ki? Nəzəri cəhətdən qanuni şəkildə xalqın və zəhmətkeşlərin tələbi ilə referendum keçirilir və Konstitusiya dəyişdirilir. Öncəki seçkilərdə nəticələrə nə təsir oldu ki, indi nə ola. Konstitusiya dəyişdiriləcək. YAP bunu qarşısına məqsəd  qoyub və edəcək. Beynəlxalq təşkilatlardan isə umu-küsü etməyə dəyməz. Biz burada nə müqavimət təşkil edə bildik ki, onlar da bizə dəstək dursun?”





Həftənin ən çox oxunanları