Yuxarı

Müsavat problemlər məngənəsində

Müsavat problemlər məngənəsində

Rövşən Dəmirli: “Arif Hacılı başqanlığa layiq olmadığını ortaya qoydu”

Tural Abbaslı: “Baş verənlər onun yürütdüyü yalnış siyasətin nəticəsidir”

Müsavat Partiyasının başqanı Arif Hacılının “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə qarşıdurmaya getməsi qurumu çətin duruma salıb. Qəzetin baş yazarını “hakimiyyətə təslim olmaqda” ittiham edən başqan, bununla Müsavatdan istefa dalğasının əsasını qoyub. Artıq qarşıdurmanın ilk günündə partiya üzvü olan 3 jurnalist Arif Hacılıya etiraz olaraq istefa verdi.

Partiya daxilində çat

Gələn məlumatlara görə, Arif Hacılının Rauf Arifoğluya qarşı ittihamları partiyanın bir sıra tanınmış üzvləri və yetkililəri tərəfindən yersiz hesab olunub. Qeyd olunur ki, başqanı partiyanı parçalamaqda ittiham edənlər yaxın günlərdə istefa ərizələrini rəhbərliyə təqdim edəcəklər. Artıq Müsavat daxilində yeni qurultayın keçirilməsi üçün qrupun formalaşdığı da gələn məlumatlar arasındadır. Kütləvi istefa yaratmaq istəyən qruplaşma bununla Müsavat rəhbərliyini təkrar qurultay keçirməyə məcbur etmək istəyir.

“Arif Hacılı Müsavatı dərnəyə çevirir”

Keçmiş müsavatçı, ADR Hərəkatının təşkilati məsələlər üzrə departamentinin rəhbəri Rövşən Dəmirli “Cümhuriyət”ə bildirib ki, jurnalist Əvəz Zeynallı “Qaynar qazan”ında Arif Hacılını həqiqi mənada “qaynatdı”. R.Dəmirli qeyd edib ki, A.Hacılı özünü təcrübəli siyasətçi hesab etsə də, jurnalistin suallarına peşəkar cavablar verə bilmədi: “Həmin müsahibədə o, içindəki kini ortaya tökdü. Bununla həm özünü ifşa etdi, həm də Müsavat başqanlığına layiq şəxs olmadığını nümayiş etdirdi. Bundan sonra Müsavat üzvlüyündən təbii şəkildə istefalar oldu. Hesab edirəm ki, “Yeni Müsavat”a qarşı sərgilədiyi bu münasibətə görə, həmin istefalar anlaşılandır. Artıq Müsavat üzvlüyündə olan və özlərini Arif Hacılıya yaxın hesab edən adamlarda da, təəssüf hissləri yaranıb ki, bu adam partiyanın başqanıdır. Belə getsə, yəqin ki, Müsavatda Arif Hacılıdan başqa heç kəs qalmayacaq. Arif Hacılı partiyanı dərnəyə çevirir”.

“Müsavat qarşıdurmadan ağır itkilərlə çıxacaq”

Müsavatın keçmiş gənclər təşkilatının sədri, Ağ Partiyanın rəhbəri Tural Abbaslı “Cümhuriyət”ə deyib ki, Arif Hacılının bu müsahibəsindən sonra Müsavatdan istefalar oldu və burada müzakirə mövzusu say deyil. T.Abbaslının sözlərinə görə, bu lüzumsuz gərginlikdən sonra zəifləmiş Müsavat daha da pis duruma düşəcək: “Hələ bura Müsavat haqqında formalaşmış ictimai fikri əlavə etmirəm. Lakin istənilən halda jurnalistlə mübahisəyə gedən siyasətçi yanlış tərəfdir. Siyasətçi jurnalistlə qarşıdurmaya getməməlidir. İstənilən halda mətbuatla qarşıdurmaya gedən siyasətçi buradan ən böyük zərəri özü görür. İndiyədək bu cür qarşıdurmalara gedən siyasətçilərin qalib gəlmələrini görməmişəm. Lazımsız yerə özünə düşmən qazanmaq köklü keçmişi olan bir partiyanın rəhbərliyinə yaraşmazdı. Burada yanlış Arif Hacılıdır. İstənilən halda Müsavat daxilində baş verənlər, Arif Hacılının yürütdüyü yanlış siyasətinin nəticəsidir. O, başqanlığa gəldikdən sonra verdiyi müsahibələrdə səsləndirdiyi yanlış fikirlər, tutduğu yanlış kurs partiyanı zəif duruma saldı. Ümid edək ki, Müsavat bu qarşıdurmadan daha az itkiylə çıxacaq, amma bu inandırıcı deyil. Artıq proses başlayıb və Müsavatın itkisi kifayət qədər çoxdur”. Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı jurnalist Əvəz Zeynallıya müsahibəsində “Yeni Müsavat” qəzetinin baş redaktoru Arif Hacılını Azərbaycan prezidenti İlham Əliyevə təslim olmaqda ittiham edib.

Mənsur





Həftənin ən çox oxunanları